Şəmkirdə top mərmisi tapılıb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Şəmkir rayonunda keçirdiyi əməliyyatla bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sentyabrın 25-də saat 18:14-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən ANAMA-ya Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları tərəfindən adı yuxarıda qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 100 millimetrlik top mərmisi (BR-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin tapıldığı yerin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
1news.az