Bu gün Dünya Turizm Günüdür
Bu gün 27 Sentyabr – Dünya Turizm Günüdür.
1news.az-ın məlumatına görə, 1970-ci il sentyabrın 27-də Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) nizamnaməsi qəbul olunub. 1980-ci ildə təşkilat bu tarixin Dünya turizm günü (World Tourism Day) kimi qeyd olunması barədə qərar qəbul edib.
DTT hazırda dünya ölkələri arasında turizm sahəsi üzrə koordinasiyanı həyata keçirən, üzv dövlətlər arasında vahid statistik məlumat bazasının formalaşdırılması, turizmin bu və ya digər növünün inkişaf etdirilməsi və s. məsələlərlə bağlı tövsiyələr verən, BMT nəzdində ixtisaslaşmış təşkilatdır.
Azərbaycan bu təşkilata 2001-ci ildə üzv qəbul olunub. 27 sentyabr - Dünya turizm günü ölkəmizdə də hər il müxtəlif tədbirlərlə qeyd olunur. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı sərəncama əsasən, 27 sentyabr - Dünya turizm günü həmçinin Azərbaycanda turizm işçilərinin peşə bayramı günü elan edilib.
Qurumun fəaliyyətində yaxından iştirak edən ölkəmiz 2013-cü ildən Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvüdür.
Bu il Dünya Turizm Günü “Turizm və rəqəmsal transformasiya” (Tourism and the digital transformation) mövzusuna həsr olunub. Builki tədbirə Macarıstan ev sahibliyi edəcək.
Hər il olduğu kimi, bu il də əlamətdar günlə bağlı ölkəmizə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Yeni yaradılan Dövlət Turizm Agentliyi bu günü silsilə tədbirlərlə qeyd edəcək.
Bu il ilk dəfə olaraq məhz turizm günündə ölkəmizə gələn turistlər üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda xüsusi qarşılanma mərasimi təşkil olunacaq və ölkəyə daxil olan hər bir turistə sərhəd buraxılış məntəqəsində milli şirniyyatlardan ibarət hədiyyələr təqdim ediləcək.
Turizm günü ilə bağlı keçiriləcək tədbirlərin davamı olaraq Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərinin əsas turistik yerlərini ziyarət etmək üçün “Baku City Tour” avtobuslarına 50 faiz endirim tətbiq olunacaq. Avtobuslar sentyabrın 27-də səhər saat 10:00-dan 19:00-dək hər saatdan bir Hökumət Evinin qarşısından yola düşəcək.
Gün ərzində yerli və xarici turistlər “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun xidmətlərindən pulsuz yararlana biləcəklər.
Fəvvarələr meydanında isə xalçaçı, kilimçi, papaqçı, oymaçı, zərgər, dulusçu kimi sənətkarların, eləcə də milli musiqi alətlərinin, araxçın və qurama sənətkarlıq nümunələrinin hazırlanması, keramika, gil və miniatür üzərində iş üzrə usta olan sənətkarların əl işlərindən ibarət sərgi təşkil ediləcək, ustad dərsləri keçiriləcək.
Dörd gün ərzində səhər saatlarından axşam saat 18:00-dək davam edəcək festivalda bal və milli şirniyyat nümunələri də nümayiş olunacaq.
Turizm günündə Fəvvarələr meydanında axşam saatlarında canlı musiqili konsert də təşkil ediləcək.
Babək Cahandarov