Bu gün Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün dünyanın əksər ölkələrində Beynəlxalq Heyvanları Müdafiə Günü kimi qeyd olunur.
1news.az-ın məlumatına görə, bu ənənə 1931-ci ildə Florensiyada ekoloqların nəsli kəsilməkdə olan bəzi növlərin müzakirəsi aparılan yığıncağından sonra təqvimə daxil edilib. Bundan sonra həmin hadisə əhatə dairəsini genişləndirərək, dünyadakı heyvanların bütün növlərinə şamil olunub.
Qeyd edək ki, 4 oktyabr tarixi heç də təsadüfi seçilməyib. Heyvanların müdafiəsinə qalxan ilk kəslərdən olan Mahatma Qandinin ad günü məhz oktyabrın 4-dür. Həmçinin, bu gün müqəddəs Fransisko Assizkonun ölüm günü kimi yad olunur. Orta əsr İtaliyasında yaşamış əfsanəvi zahid nəinki Fransis ordeninin əsasını qoyan, həmçinin heyvanların müdafiəçisi və himayəçisi kimi yad olunur. Buna görə də bir çox rəssamlar öz əsərlərində müqəddəs Fransisi heyvan və quşların əhatəsində təsvir ediblər.
Heyvan müdafiəçilərinin bütün cəhdlərinə baxmayaraq planetimizdə insan oğlu tərəfindən vəhşi təbiətin, meşələrin qırılması, fauna və flora növlərinin yox edilməsi sürətlə davam edir.
Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, hər bir saatda dünyada 3 heyvan, hər gün isə 70 fauna və flora növü yox olur. Balıq növlərinin isə 35 faizinin nəsli kəsilib. Bu templə davam edərsə yaxın günlərdə fauna və flora növlərinin 1/4-i yer üzündən silinəcək.
Vəhşi heyvanların məskunlaşdığı meşələrə qarşı isə sözün həqiqi mənasında əsl soyqırımı həyata keçirilir. Belə ki, hər saniyə yer üzündə 1,5 hektar, hər il isə təxminən 17 milyon hektar meşə yox olur.
Sevindirici haldır ki, son illər Azərbaycanda ətraf mühitin qorunmasına diqqət artıb. Hazırda ölkəmizdə 8 milli park, 11 qoruq, 24 yasaqlıq mövcuddur. Meşə ərazilərinin sahəsi isə artırılaraq ölkə ərazisinin 11,8 faizinə çatdırılıb.
Ümumilikdə isə xüsusi mühafizə olunan təbiət əraziləri respublika ərazisinin 10,3 faizini təşkil edir.
Azərbaycan təbii şəraitinə və heyvan aləminə görə çox zəngin ölkədir. Təbiətimizdə 101 məməli, 365 quş, 52 sürünən (reptili), 10 suda-quruda yaşayan (amfibiyalar), 101 balıq, 25 minə qədər cücü, 1100-dən çox hörümçəkkimilər, 181 ilbiz, 360 xərçəngkimilər, 287 rotatori (dəniz qurdları), 400 litohelmint (bitki parazitləri), 1200 helmint (heyvan parazitləri), 1500-dən artıq sərbəst yaşayan, parazit ibtidai (protozoa) heyvan növləri məlumdur.
Respublikamızda heyvanların müdafiəsi sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Nəsli kəsilməkdə olan heyvanların adı “Qırmızı kitab”a daxil edilib, onlar qoruqlar, yasaqlıqlar, milli parklarda mühafizə olunur, sayları artırılır. Belə tədbirlərə nümunə olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “IDEA” İctimai Birliyinin bəbirlərin, ceyranların qorunması sahəsində birgə təşəbbüslərini qeyd etmək olar.
Hazırda respublika ərazisində mövcud olan 223 heyvan növünün adı “Qırmızı kitab”a daxil edilib.
Hər kəs yaxşı dərk etməlidir ki, vəhşi təbiətin, fauna və flora növlərinin yox olmasının qarşısını birgə mübarizə aparmaqla ala bilərik. Dünya Heyvanlarının Müdafiə Günü bütün heyvansevərlərə birlikdə toplaşmaq və ən əsas da xeyirli işlər görmək üçün gözəl imkan yaradır.
Planetimizdəki heyvanları xilas etmək və qorumaq onların həyatında həssas bir amildir. Heyvanlarsız dünya necə də maraqsız, cansıxıcı olar, bir özünüz təsəvvür edin. Bizlər onları necə qorumağı və əhliləşdirməyi öyrənməli, bu dünyanın onların rahat yaşaya biləcək məkan olmasını təmin etmək fikrini özümüzə aşılamalıyıq.
Heyvanlara pul verərək onları almaq və evcilləşdirmək hələ hər şey demək deyil, onlara qayğı göstərmək, sevmək lazımdır.
Babək Cahandarov