Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxıb

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərləniblər.
1news.az oxu.az-a istinadla xəbər verir ki, oktyabrın 10-u, saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizinə gözyaşardıcı qaz buraxıb.
Doqquz şagird zəhərlənib. Zəhərlənən şagirdlər Bakı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hazırda şöbədə altı uşaq müalicə alır:
“Biri oğlan, beşi qızdır. Vəziyyətləri stabildir. Uşaqlar qorxublar. Heç bir həyati təhlükələri yoxdur. Hazırda müayinələrdən keçirlər. Lazımi tədbirlər görülür. Bu gün ərzində şagirdlər evə buraxılacaqlar”.
1news.az