Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub VİDEO

17:52 - 20 / 10 / 2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub VİDEO

Azərbaycanın Bolqarıstandakı səfirliyi və Plovdiv Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Plovdiv şəhərinin görməli məkanlarından olan “Çar Simeon” bağında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində “Bakı – müasirlik və qədimliyin harmoniyası” adlı açıq səma altında fotosərgi təşkil olunub.

Sərgidə Plovdiv şəhərinin meri İvan Totev, Plovdiv İcma Şurasının sədri Savina Petkova, Plovdiv Vilayətinin qubernatoru Zdravko Dimitrov, Bolqarıstanın dövlət və özəl qurumlarının nümayəndələri, şəhərdə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, KİV, QHT nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova “Bakı – müasirlik və qədimliyin harmoniyası” adlı sərginin Azərbaycan paytaxtının gözəlliklərini hərtərəfli tərənnüm etdiyini söyləyib. Qeyd edib ki, Bakının cazibədar obrazı Şərq və Qərb mədəniyyətlərinin özünəməxsus sintezidir. Səfir Bakı küçələrində irəliləyərkən sanki kiçik bir qala şəhərinin dünyanın neft paytaxtına çevirməsinin şahidi olduğunu bildirib, şəhərdə müxtəlif dövrlərdə tikilmiş möhtəşəm saray və binaların hələ də öz ecazkarlığını saxladığını vurğulayıb.

N.Qurbanova Bakının yalnız Şərqlə Qərbin qovuşduğu məkan olaraq deyil, həmçinin füsunkar abidələri ilə şöhrət qazandığını diqqətə çatdırıb. Bu xüsusda diplomat Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi barədə qısa məlumat verərək muzeyin XII əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıdığını, sözügedən binanın 1918-1920-ci illərdə cari ildə 100 illik yubileyini qeyd etdiyimiz və müsəlman və türk dünyasında ilk parlament respublikası olan AXC-nin nümayəndələri tərəfindən istifadə olunduğunu diqqətə çatdırıb.

Diplomat Bakının digər görməli yerlərindən olan Dənizkənarı parka diqqət çəkərək, “neft bumu” dövründə neft baronlarının öz mülklərini Xəzərin sahili boyunca inşa etdiklərini və beləliklə bu məkanın şəhərin mərkəzinə çevrildiyini bildirib. Dənizkənarı parkda yerləşən Kiçik Venesiya şəhərciyi barədə qeyd edən səfir əsası ötən əsrin 60-cı illərində qoyulan və Venesiya stilində olan şəhərciyin kanal və körpülərdən ibarət olduğundan bəhs edib. N.Qurbanova Bakı Bulvarında yerləşən Azərbaycan Xalça Muzeyindən söz açaraq ötən il 50 illik yubileyi qeyd olunan muzeyin dünyada ilk ixtisaslaşmış xalça muzeyi olduğunu bildirib və muzey binasının bükülmüş xalça formasında olmasına diqqət çəkib. Dənizkənarı parkın bir neçə dəqiqəlik addımlığında olan İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalası barədə məlumat verib. Qeyd olunan bütün abidələrin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyini vurğulayan səfir İçərişəhərin çoxsaylı daş divarlar və qalalar, kiçik daşlarla döşənmiş yollar və xiyabanlardan ibarət olduğunu, Şirvanşahlar saray kompleksinin XV əsrin əvvəlində Şirvanşahlar dövləti tərəfindən inşa edildiyi barədə məlumat verib.

N.Qurbanova Bakının yeni rəmzləri sayılan Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Bakı Kristal Zalı barədə məlumat verərək Azərbaycanın ən hündür göydələnlərindən Bakı körfəzinə möhtəşəm görünüş açıldığını, dünya şöhrətli memar Zaha Hadid tərəfindən dizayn edilən Heydər Əliyev Mərkəzinin dünya memarlığının şah əsərlərindən olduğunu, Bakı Kristal Zalının “Avroviziya-2012” beynəlxalq musiqi müsabiqəsinə ev sahibliyi etdiyini bildirib.

Zəngin milli mətbəximizə toxunan səfir Bakıda dequstasiyası mütləq olan milli təamlarımız – dolma, plov, qutab, kabab, piti və s. barədə danışıb.

Sonda diplomat tədbir iştirakçılarını paytaxtımızın füsunkarlığını görmək üçün Bakıya dəvət edib.

Sərginin ardınca Plovdiv şəhərinin aparıcı kinozallarından olan “Lucky” kinoteatrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunub.

Filmdən öncə qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.

Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Paylaş:
707

Son xəbərlər

Bütün xəbərlər