Mətbuatımızın “qara” üzü və yaxud reket jurnalistika ilə necə mübarizə aparaq? – RƏYLƏR | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuatımızın “qara” üzü və yaxud reket jurnalistika ilə necə mübarizə aparaq? – RƏYLƏR

15:18 - 29 / 10 / 2018
Mətbuatımızın “qara” üzü və yaxud reket jurnalistika ilə necə mübarizə aparaq? – RƏYLƏR

Bu gün Azərbaycanda söz, mətbuat, özünüifadə  azadlığının təmin edilməsi istiqamətində bütün şərait yaradılıb. Ölkədə çoxsaylı çap və internet mediası fəaliyyət göstərir. Hər hansı bir media qurumunun, həmçinin xəbər portallarının yaradılması üçün heç bir məhdudiyyət təbiq edilmir.

Bundan əlavə, ölkədə internetdən, sosial şəbəkələrdən istifadə imkanları da genişdir. İnsanlar sosial şəbəkələrdə öz fikir və rəylərini rahat şəkildə ifadə edə bilirlər. Amma təəssüflər olsun ki, yaradılmış bu imkanlardan sui-istifadə edənlərin sayı da az deyil. Bəziləri söz, mətbuat, özünüifadə azadlığından çirkin məqsədlər üçün istifadə etməyə çalışır, şər-böhtandan, şantaj etməkdən çəkinmir, bu vasitə ilə də pul qazanmağa can atır. Başqa sözlə, reket jurnalistikası ilə məşğul olanlar şər, böhtan, şantaja əl atmaqla yanaşı, həm də böyük ənənələri, hər birimizin qürur duyduğumuz tarixi olan Azərbaycan mətbuatının adına ləkə gətirməklə məşğuldurlar. Amma təbii ki, belələri çox uzağa gedə bilmirlər. Çünki Azərbaycan demokratik, qanunların işlədiyi bir ölkədir. Kimsə ölkədəki azad mühütdən çirkin məqsədlərlə istifadə edib, jurnalistkamızı ləkələməyə çalışırsa, “jurnalist” adı ilə reketçiliklə məşğul olursa, Azərbaycan qanunlarının sərt üzü ilə qarşılaşacağını da unutmamaldır.

Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində “Realliq.info” saytının baş redaktoru İkram Rafiq oğlu Rəhimov saxlanılıb. Bununla bağlı qurumun yaydığı açıqlamada deyilir ki, İ. Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb, dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

İkram Rəhimov 26 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Hazırda istintaq araşdırmaları davam edir.

Hadisə ilə bağlı  Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda deyilir ki, İkram Rafiq oğlu Rəhimov “Reallıq.info” və digər informasiya saytları yaradaraq nəinki Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini, çoxlu sayda digər şəxsləri hədəfə alırdı:

“Şura “Reallıq.info”nun fəaliyyətindəki forma və metodların hüquqi prizmada dəyərləndirilməsinin vacibliyini məqbul saydığından ona qarşı ən sərt ölçü tədbirini seçib, adını özünün “qara siyahı”sına daxil edib. Lakin İ.Rafiqoğlu heç bir hada bundan nəticə çıxarmayıb və yarıtmaz fəaliyyətini davam etdirib. İ.Rəhimov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı irəli sürülən ittihamlar Şuraya “Reallıq.info”nun fəaliyyəti ilə bağlı daxil olmuş çoxsaylı şikayət məktublarının motivləri ilə tam uyğunluq təşkil edir. Əminik ki, aparılacaq istintaq araşdırmaları əsl həqiqətləri üzə çıxaracaq”.

Reket jurnalistikaya qarşı müəyyən mübarizə tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, görünən odur ki, bu şəbəkə hələ də mövcuddur və hazırda internet medianın imkanlarından “bəhrələnməkdədir”.

Son baş verən hadisə isə bir sual yaradır: Reket jurnalistika ilə daha effektli necə mübarizə aparmalı?

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 1news.az-a deyib ki, Mətbuat Şurasının ilk illərdən başlayaraq reket jurnalistikasına qarşı apardığı mübarizənin şübhəsiz ki, effektiv nəticəsi olub:

“Daha çox bu, çap mediasında reketçiliklə məşğul olan insanların sayının azalmasına səbəb olub. İnternet mediada isə problemlər kifayət qədər çoxdur, bunun yalnız Mətbuat Şurasından asılı olmayan tərəfləri də var. Mətbuat Şurası  onların fəaliyyətinin peşə etikasına uyğun gəlib-gəlməməsi ilə bağlı kriteriyaları müəyyənləşdirib və buna uyğun olaraq da qərar çıxarır, adlarını “qara siyahı”ya salır. Şübhəsiz ki, MŞ hüquq-mühafizə orqanı deyil, həmin şəxslərin fəaliyyətində cinayət motivlərini araşdıra blməz. Bunun üçün hüquq-mühafizə orqanları var. Amma təəssüflər olsun ki, bir çox hallarda konkret şəxslərlə bağlı şikayət ünvanlayan tərəflər və yaxud məhkəməyə müraciət edənlər sonradan geri çəkilir və yaxud da həmin şəxslərlə razılığa gəlirlər. Son nəticədə isə həmin o şəxslərin də əməlləri konkret cəzasına çatmır. Burda belə deyək, hədəf olan şəxslərin özlərinin də prinsipial olmasına ehtiyac var. Söhbət təkcə Mətbuat Şurasının və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə yekunlaşa bilməz. Bu, prinsipial mövqe həmin şəxslər tərəfindən də ortaya qoyulmalıdır”.

“Jurnalistika reket ola bilməz”

E.Mirzəbəyli hesab edir ki, problem bütövlükdə cəmiyyətin problemidir: “Ümumiyyətlə, reket jurnalistika ifadəsinin özünün təyinatı ilə razı deyiləm. Bu günə qədər də heç vaxt razı olmamışam. Çünki jurnalistika reket ola bilməz,  peşə növü reketçilik üçün vasitə kimi seçilə bilər. Amma Cinayət Məsəlləsində tövsif olunmuş reketçilik fəaliyyəti kimi.  Bu insanlar reketçiliklə, şantajla məşğuldurlar, onlar konkret əməllərinə görə cinayət məsuliyyəti daşımalıdırlar. Bunların fəaliyyətinin prinsipial olaraq mediaya heç bir aidiyyatı yoxdur. Media onların fəaliyyətində sadəcə olaraq bir vasitədir. Yəni, jurnalist vəsiqəsindən vasitə kimi istifadə edirlər, onun yerinə başqa bir orqanın vəsiqəsini də istifadə edə bilərdilər. Məsələyə bu kontekstdən yanaşmaq lazımdır”.

Mübarizə aparmağa gəldikdə, baş redaktor düşünür ki, burada heç bir halda ikili standartlara yol vermək olmaz:

“Həmin şəxslərə qarşı, xüsusilə, ayrı-ayrı bölgələrdəki insanların prinsipial mövqeyi olmaldır. Mütamadi olaraq bir sıra bölgələrə səfərlər edib, görüşlər keçiririk və bu problem haqqında da MŞ ətraflı məlumat verir. Təəssüflər olsun ki, bəzən kifayət qədər məlumatlı insanlar Azərbaycanın tanınmış mətbuat orqanlarını, internet resurslarını deyil, həmin o, reket mətbuatın adlarını çəkirlər, onlarla əməkdaşlıq etdiklərini bildirirlər. Yəni, bu piar, xüsusilə, regionlarda düzgün qurulmalı, şəffaf şəkildə həyata keçirilməlidir. Yaxşı olardı ki, ayrı-ayrı dövlət qurumları, bölgələrdə olan sahibkarlar və s. insanlar peşəkar media orqanları ilə rəsmi müqavilə bağlasınlar və buna uyğun olaraq öz piarlarını təşkil etsinlər. O zaman onların təbii ki, reketlərin hədəfinə çevrilmələri ehtimalları da çox aşağı düşəcək. Məsələ bütün dünyada olduğu kimi öz həllini bu formada tapmalıdır”.

“Bizi belə şantaj etməkdən çəkinmirlər”

E.Mirzəbəyli bu günə kimi reket jurnalistikaya qarşı kifayət qədər sərt tərbirlər görüldüyünü deyir:

“Kənardan asan görünür, amma həmin şəxslərlə üz-üzə gəlmək belə adamın bütün əhval-ruhiyyəsini korlayır. Çünki hər şeyə hazır olan insanlardır, hətta onların fəaliyyətinin qarşısını almağa çalışan MŞ-nın İdarə Heyətinin üzvlərini belə şantaj etməkdən çəkinmirlər”.

Baş redaktor hesab edir ki, domen adlarının veilməsi ilə bağlı məsələyə artıq müəyyən qədər hüquq müstəvisindən yanaşmağın vaxt çoxdan çatıb:

“Domen adı alarkən hər hansı bir çərçivə müəyyənləşdilməlidir”

“KİV kimi fəaliyyət göstərmək istəyən domen adı aldıqda, bunu hansı məqsədlə açdığını öncədən bidirməlidir. Bu istiqamətdə müəyyən qanunvericilik tədbirlərinin həyata keçirilməsinə ehtiyac var. Əgər açırsa, bu nə dərəcədə uyğun şəxsdir, ali təhsilinin olub-olmaması, media stukturu kimi fəaliyyət göstərməsi üçün hansı imkanlara malik olması barədə konkret olaraq müəyyən arayışlar alınmalıdır. Hər hansı çərçivə müəyyənləşdilməlidir ki, istənilən şəxs istənilən domen adını almasın. Amma bu, təkcə Azərbaycandan asılı olan məsələ deyil. Bilirsiniz ki, internet, virtual aləmdə sərhədlər yoxdur və əgər “Az” domenindən istifadə etməyəcəksə, gedib başqa domen adları alıb fəaliyyət göstərəcək. Bu, qeyri-qanuni fəaliyyətlə bağlı artıq müəyyən hüquqi prosedurların həyata keçirilməsi istiqamətində addımlar atılmalı, məsələ ciddi şəkildə müzakirə olunaraq, hüququ müstəvidə boşluqların saxlanılmaması üçün addımlar atılmalıdır”.

Reket jurnalistika onlayn media üçün daha təhlükəlidir

“AzVision.Az” saytının rəhbəri Vüsal Məmmədov isə 1news.az-a deyib ki, əvvəllər reket jurnalistikası çap mətbuatında geniş yayılmışdı, olduqca əcaib, ağlasığmayan adda qəzetlər çıxırdı və bunların oxucusu, tirajı da yox idi:

“Başa düşürdün ki, bu, əsasən kimdənsə pul almaq üçündür. Yəni, haqqında danışdığımız reketçilik daha çox dilənçilik jurnalistikasıdır. Gedib yalvarıb-yaxarıb kimdənsə pul istəyirlər, hədələmək, şantaj isə ən sonuncu variantdır.

Son 5-6 ildə qəzetlərdə reketçilik miniuma enib, artıq bütün gücləri ilə onlayn mediada tüğyan etməkdədirlər. Həqiqət də geniş şəkildə tüğyan edirlər. Və deyim ki, bu, onlayn media üçün daha təhlükəlidir. Ona görə  ki, qəzet çıxırdı 300 tirajla, onu da uzağı 300 nəfər oxuyurdu, vəssalam, qalanına bazarda pomidor, yumurta büküb satırdılar. Oxuyan olmurdu. Amma onlayn jurnalistika bir arxivdir. Sabah kiminsə adını axtarışa versən, həmin yazını tapıb çıxaracaq, heç kim oxumasa da belə adamın haqqında şər,böhtan kompromat dosyesi yaranıb. Bu, internetdə qalır. Onunla maraqlanan insanlar hər zaman bunu tapa bilərlər. Ona görə də onlayn mediada reketçilik daha təhlükəlidir”. 

“Reket jurnlistika ilə məşğul olanlara qarşı daha sərt tədbirlər görülməlidir”

V.Məmmədov birmənalı olaraq bu insanlara qarşı çox sərt tədbirlər görülməli olduğunu düşünür:

“Əslində biz buna jurnalistika deyirik. Amma bu jurnalistika deyil. Normalda jurnalisitikanı maraqlandıran mövzuların dairəsi var. Əgər yazını oxuyanda biz görsək ki, orda konkret bir şəxsin üzərində fokuslanıb, konkret bir şəxsə ləkə yaxılır, hücuma keçirilir, 99 faiz ehtimalla bu, reket jurnalistikadır.

Bəzən deyirlər ki, bunu müəyyən etmək çətindir. Mən bu fikirlə razı deyiləm. Azərbaycanda perşəkar jurnalistika ilə məşğul olan 100 adamdan 99-nun qarşısına yazını qoyun, onlar tam dəqiqliklə deyəcəklər ki, bu yazının yazılmasında məqsəd nədir. Onu müəyyən etməkdə çətin heç nə yoxdur. Sadəcə olaraq çəkinməmək, cəsarətli olmaq, həqiqəti üzə çıxarmağı bacarmaq və hüquq-mühafzə orqanlarına müraciət etmək lazımdır. Reket jurnlistika ilə məşğul olanlara qarşı daha sərt tədbirlər görülməlidir.

Bu, əslində junalistika deyil, sırf kriminaldır

Bir az da dərinə getsək, bu əslində jurnalistika deyil, sırf kriminaldır. Biz ona reket jurnalistikası adını qoşmaqla, cinayəti yumuşaltmış oluruq. Cinayəti media müstəvisinə çəkib gətiririk, bu, səhvdi. Cinayətdir və sırf hüquq müstəvisində həllini tapmalıdır. Əgər onlayn medianın imkanlarından sui-istifadə olunub kiməsə qara yaxılırsa, böhtan atılırsa, həmin sayt birinci dəfədən müvəqqəti, ikinci dəfə isə tam bloklanmalıdır. Yəni, əlbəttə ki, hansısa qurumun yox, məhkəmənin qərarı ilə. Amma bu dərəcədə sərt addımlar atılmasa, problem həllini tapan deyil”.

1news.az

 

Paylaş:
839

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər