Bakı meriyası 1news.az-ın paytaxtdakı zibil xaosu ilə bağlı yazısına reaksiya verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı meriyası 1news.az-ın paytaxtdakı zibil xaosu ilə bağlı yazısına reaksiya verdi

12:30 - 01 / 11 / 2018
Bakı meriyası 1news.az-ın paytaxtdakı zibil xaosu ilə bağlı yazısına reaksiya verdi

Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi 1news.az-ın paytaxtdakı zibil xaosu ilə bağlı yazısına reaksiya verdi.

Oktyabrın 29-da 1news.az-da Nəsimi rayonu, Feyzulla Qasımzadə küç., 9 ünvanında kifayət qədər zibil konteynerinin olmaması, zibilin vaxtlı-vaxtında daşınmaması, konteynerlərin ətrafında antisanitariyanın hökm sürməsi və bununla bağlı vətəndaşların haqlı narazılığından bəhs olunan məqalə dərc olunub.

Sözügedən məqalə ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən bildiriblər ki, məqalədə bəhs olunan məsələlər diqqətə alınıb və qeyd olunan nöqsanların aradan qaldırılması məqsədilə dərhal operativ tədbirlər görülüb. Həyət təmizlənib, bura əlavə zibil konteynerləri qoyulub, ərazidəki bütün həyətlərin təmizliyinə nəzarət artırılıb.

Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq işində nöqsanlara yol verdiyi üçün Nəsimi rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinin 14 nömrəli MKİS-nin rəisi Ramin Piriyev tutduğu vəzifəsindən azad edilib, Nəsimi rayon MKTB-nin rəisi Elman Yahyayevə töhmət elan olunub. Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı departamentinin və paytaxt rayonlarının Mənzil Kommunal-Təsərrüfatı birliklərinin rəhbərlərinə xəbərdarlıq edilib.

BŞİH-dən bildiriblər ki, ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən yerli və xarici mütəxəssislərin iştirakı ilə Bakı şəhərində kommunal sahə üzrə yeni reforma hazırlanır. Yeni zibil konteynerlərinin alınması, həyət və məhəllələrdə yerləşdirilməsi, şəhərin sanitar təmizliyinin daha da yüksəldilməsi üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulub.

Bakı şəhər MKTD-nin rəhbərliyi dövlət qurumlarını mövcud nöqsanlar və çatışmazlıqlar barədə vaxtında xəbərdar etdikləri üçün vətəşdaşlara öz minnətdarlığını bildirir.

Qeyd edək ki, 1news.az-ın baş redaktoru Rəhman Hacıyev müəllifi olduğu məqalədə Bakının mərkəzində zibil yeşiklərinin harda gəldi qoyulmasını, zibil qutularının vaxtında boşaldılmamasını, zibil qutularının ətrafında isə natəmizliyin hökm sürməsini qeyd edərək, cavabdeh şəxsləri öz vəzifələrinə məsuliyyətli yanaşmağa, şəhərimizdə təmizliyin təmin olunması üçün ciddi tədbirlərin görülməsinə çağırmışdı.

Mövzu ilə bağlı oxuyun:

Господину врио мэра Баку: и снова о мусорном хаосе в столице - ФОТО

“Zibilyığan maşında olmalı olan zibil hansısa möcüzə nəticəsində 20, hətta 50 metr radiusda ətrafa səpələnib”- deyə, R.Hacıyev məqaləsində qeyd edib.

Məqalənni müəllifini düşündürən sual isə ondan ibarətdir ki, görəsən Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətli şəxslərindən kimsə düşünübmü ki, gigiyenik və şəhərimizin imici baxımdan olduqca vacib olan məsələ niyə bu cür acınacaqlı vəziyyətdədir?

“Bu mühüm birliyin işini təşkil etmək və zibillərin effektiv toplanmasını təmin etmək həqiqətənmi bu qədər çətindir?”- deyə, o, qeyd edib.

                               ƏVVƏL                                                                             SONRA

Materialda qeyd olunur ki, şəhərin mərkəzi hissələrində zibil qutuları uzun müddətdir ki, düz yolun hərəkət hissəsində, insanların gur olduğu, onsuz da dar olan küçələrdə yerləşdirilib.

“Kiçik italyan həyətlərində yerləşdirilən bəzi zibil qutuları isə ətrafa üfunətli qoxu yayır. Bəzi ərazilərdə isə ehtiyac olduğu halda zibil qutuları ümumiyyətlə, qoyulmayıb. Bir sözlə, bu işdə tam xaotiklik və sistemsizlik hökm sürür”- deyə, məqalənin müaəllifi qeyd edir.

1news.az redaksiyası adından əsaslandırılmış tənqidlərə konstruktiv reaksiya verdiyinə və problemin tez bir zamanda həllinə görə Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür edirik. Ümid edirik ki, kommunal sahədə və şəhər idarəçiliyindəki islahatlar tezliklə öz bəhrəsini verəcək və bu cür mənfi faktlar yalnız xatirələrdə qalacaq.

1news.az

Paylaş:
819

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər