Dubayda gənc Azərbaycan rəssamların sərgisi keçirilib - FOTO

Dubayda cari ildə rəsmi açılışı planlaşdırılan Azərbaycanın BƏƏ-dəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Ticarət Nümayəndəliyinin yerləşdiyi Ticarət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş gənc Azərbaycan rəssamların sərgisinin açılış mərasimi keçirilib.
1news.az-a səfirlikdən verilən məlumata görə, səfirlik və Ticarət Nümayəndəsi aparatı ilə birgə keçirilmiş mərasimdə “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev, tanınmış rəssam Sakit Məmmədov, teleaparıcı və xeyriyyəçi Nuran Hüseynov (Hacı Nuran), gənc rəssamlar, BƏƏ-nin iş adamları, incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın BƏƏ-ki səfiri Daşqın Şikarov Azərbaycan Xalq Cümhuriyyəti haqqında danışıb, ADR-in varisi olan Azərbaycan Respublikasının müstəqillik qazandıqdan sonra milli mədəniyyətimizin inkişafında yeni dövrün başlanıldığını vurğulayıb. Mədəniyyətimizin ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Prezidenti ilham Əliyev erası ölkəmizin milli-mənəvi dəyərlərinin qorunması, təbliği və inkişafı ilə xarakterizə olunduğunu qeyd edib. Bildirib ki, milli mədəniyyətimizin təbliğinə dair ulu öndərin ideyalarının həyata keçirilməsində ölkəmizin birinci-vitse prezidenti, UNESCO və İSESCO-nun xöşməramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş genişmiqyaslı layihələr Azərbaycanın zəngin mədəniyyətinin dünyada geniş təşviqini təmin edib.
D.Şikarov sərginin Azərbaycan mədəniyyətinin təbliği ilə yanaşı, eyni zamanda ölkələrimiz arasında münasibətlərin inkişafına da xidmət edəcəyini deyib. Diplomat ikitərəfli Azərbaycan-BƏƏ münasibətlərinə də toxunaraq əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Azərbaycanın BƏƏ-ki ticarət nümayəndəsi Elnur Əliyev öz nitqində yaxın zamanda Dubayda ölkəmizdə istehsal olunan malları təşviq edən və eyni zamanda ikitərəfli iqtisadi münasibətlərə təkan verəcək Azərbaycan Ticarət Evinin açılışının planlaşdırıldığını vurğulayıb. Bildirib ki, Ticarət Evi nəzdində Azərbaycan istehsalı olan məhsulların satışı, nümayişi və marketinqi mərkəzi, həmçinin Azərbaycan mətbəxinin bu ölkədə daha da tanıdılması və burada yaşayan azərbaycanlı icmanın toplaşmasına şərait yaratmaq məqsədilə “Azərbaycan Evi” adlı restoran və kafe fəaliyyət göstərəcək.
Sərgidə iştirak edən ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynov Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti haqqında danışmış, sərginin Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində aparılan tədbirlərin tərkib hissəsi olduğunu vurğulayıb.
“Dirşəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev başçılıq etdiyi qurumun fəaliyyəti barəsində bəhs etmiş, Mərkəzin dünyanın bir sıra ölkələrində bu kimi sərgilərin keçirtdiyini, bunun Azərbaycan mədəniyyətinin tanıdılması ilə yanaşı, gənc rəssamlar üçün güclü stimul olduğunu bildirib.
Rəsmi açılış mərasimin sonunda səfir Daşqın Şikarov və ticarət nümayəndəsi Elnur Əliyev gənc rəssamlara fəxri diplomlar təqdim edibər.
Sərgidə nümayiş etdirilən 25 rəssamın çoxsaylı əsərləri tədbir iştirakçıların böyük marağına səbəb olub. Sərgiyə gəlmiş qonaqlara milli mətbəximizə məxsus şirniyyatlar, Azərbaycan istehsalı olan digər məmulatlar təklif olunub.
1news.az