Dövlət kinosu niyə lazımdır? Ayaz Salayev cavab verir | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət kinosu niyə lazımdır? Ayaz Salayev cavab verir

12:25 - 20 / 11 / 2018
Dövlət kinosu niyə lazımdır? Ayaz Salayev cavab verir

Heç vaxt güzgüsü olmayan və buna görə də xarici görkəminə heç vaxt baxmaq imkanı olmayan bir insan təsəvvür edin. Eləcə də onun kənardan necə göründüyünü təsəvvür edin.

Kino sənəti məhz belə güzgüdür. Müasir dövrdə kino istənilən xalqın əxlaqi dəyərlərini, mənəvi dəyərlərini formalaşması elementlərindən birinə çevrilib. Kino xalqın özünün, dövrünün dərkində və tarixdəki yerini anlamasında yardımçı olan vasitədir.

Vacib məqamdır ki, bu mətni oxuyanlar burada söz yığınını görməsinlər. Kino milli mədəniyyətin tərkib hissəsi kimi insanları maarifləndirir, onlarda ölkəsinə qarşı məsuliyyət hissini oyadır. Kino xalqın tarixi təfəkkürünün formalaşmasında vacib rol oynayır.

Bu cür kinodan öz maliyyə xərclərini tələb etmək utopiyadır. Belə kino yalnız dövlət dəstəyilə mümkündür.

Kinoya maliyyə dəstəyi göstərən şəxslər asan qazanc yolu axtarırlar. Kinoya gəlir mənbəyi kimi baxanlar ekranlarımızı dolduran ucuz komediyalara pul yatırırlar. Bu da publikanın əxlaqi sağlamlığına zərbə vurur. Festival şöhrəti axtaranlar da asan yola əl ataraq adi sosial problemləri işıqlandırır. Lakin nə birincilər, nə də ikincilər kinonu milli mədəniyyətinin bir hissəsi edə bilməz.

Azərbaycanda yeni cəmiyyət yaranıb və məhz kino onu dünyaya laiqincə təqdim edə bilər. Həmçinin kinonun daha bir vacib funksiyası da var. Kino reallığı əks etdirir və bununla da gələcək üçün qiymətsiz material yaradır.

Kinematoqrafiyanın dövlət tərəfindən maliyyələşdirilməsinin əleyhinə olanlar büdcə hesabına çəkilən filmlərin bədii səviyyəsinə istinad edirlər. Birincisi bu belə deyil. Əgər milli kinomuzun uğurlarını sadalamağa başlasam, o zaman gərək məqalənin formatı dəyişsin. İkincisi isə, deyək ki, filmlərimiz zəifdir. Belə olan halda maliyyə dəstəyini on dəfəyə qədər artırmaq lazımdır. Bunun üçün gəncləri dünyanın məşhur kino məktəblərinə yollamaq, mötəbər beynəlxalq kinofestivallar təsis etmək, işıq üzü görən filmlərin sayını artımaq lazımdır.

Azərbaycanın qədim kinoları ilə bağlı geniş yayılmış və səhv fikir formalaşıb. Bu gün kinematoqrafçılar kinomuzun səviyyəsini daha yüksəklərə qaldıra bilər. Bu gün yüzlərlə istedadlı və yaradıcı gənclər var ki, onlar mədəniyyətə, öz xalqına, vətəninə xidmət etməyə can atır, onlarda enerji aşıb-daşır. Və dövlətin borcu da bu enerjinin lazımi məcraya istiqamətlənməsinə kömək etməkdir. Onlar dövlət dəstəyini gözləyirlər.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1710

Son xəbərlər

Bütün xəbərlər