Məşhur aktyorun ağır xəsarətlər yetirdiyi məktəb direktorundan yeni xəbər - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məşhur aktyorun ağır xəsarətlər yetirdiyi məktəb direktorundan yeni xəbər - FOTO - VİDEO

09:47 - 21 / 11 / 2018
Məşhur aktyorun ağır xəsarətlər yetirdiyi məktəb direktorundan yeni xəbər - FOTO - VİDEO

Xəbər verdiyimiz kimi, dünən “Dolu” filminin məşhur aktyoru, “Drakon” obrazını canlandıran Rza Rzayev daha əvvəl aralarında qalmaqal olduğu 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevi döyüb.

1news.az  xəbər verir ki, hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib. Bu barədə sosial şəbəkədə gənc müəllim Həbib Əlizadə yazıb.

O qeyd edib ki, məhkəmə iclasından sonra tərəflər arasında yenidən mübahisə yaranıb. R. Rzayev direktoru döyərək ona ağır bədən xəsarətləri yetirib.

Hadisə ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da açıqlama yayıb. O, sosial şəbəkədə yazıb ki, Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev hücuma məruz qalaraq sağlamlığına ciddi xəsarət yetirilib: “Hazırda xəstəxanada yerləşdirilib. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir.
Tural müəllimə Allahdan şəfa diləyirik!”.

Bu gün isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları ağır xəsarətlər səbəbindən Sabunçu xəstəxanasına yerləşdirilmiş Tural Mirzəliyevə baş çəkiblər.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirib. Onun sözlərinə görə, həkimlərlə söhbət ediblər və direktorun səhhəti ilə maraqlanıblar.

“Vəziyyəti yaxşı deyil... Məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır.

Bir təhsil işçisi, məktəb direktoru ictimaiyyətin gözü qarşısında fiziki zora məruz qalıb, döyülüb, ciddi xəsarətlər alıb. Başında və üzündə zərbələrdən aldığı xəsarətlər, başgicəllənmə və ürəkbulanma əlamətləri ciddi narahatçılıq yaradır. Fiziki ağrılardan daha çox mənəvi ağrılar onu narahat edir məncə...

Bu saatlara qədər yüzlərlə təhsil işçiləri - məktəb direktorları, müəllimlər, eləcə də valideynlər və hətta şagirdlər belə Tural müəllimi xəstəxanada ziyarət edir, həyətdə gözləyirlər...

Tural müəllimə qarşı baş vermiş zorakılığı pisləyir, ona Allahdan şəfa diləyir, tezliklə sağlamlığına qovuşmasını arzulayırıq!”.

Xatırladaq ki, bir neçə ay əvvəl qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktorla mübahisə etmişdi.

Hadisə 220 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni “həll eləməyə” çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. “Drakon” məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirmişdi.

Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənmişdi. Bu qalmaqal məhkəmə müstəvisinə çıxmış və tərəflər bir-birindən şikayətçi olmuşdular.

1news.az

 

Paylaş:
4076

Son xəbərlər

Bütün xəbərlər