Yağmurlu hava davam edəcək, bəzi rayonlarda qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabr ayının 21-nə olan hava proqnozunu açıqlayıb.
Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.
Azərbaycanın rayonlarında dekabrın 21-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
Babək Cahandarov