Qaz pulu 20 qəpikdən hesablanır? – “AZƏRİQAZ”DAN AÇIQLAMA
Qaz sayğacları bəzi yerlərdə hələ də qiyməti 20 qəpikdən hesablayır.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, hüquqşünas Sahib Məmmədov da bu problemlə qarşılaşan şəxslərdən biridir.
O bildirib ki, yanvarın 3-də smart sayğaca yüklədiyi qazı sayğac 20 qəpikdən hesablayıb: “Əməliyyat 03 yanvar 2019-cu ildə baş verib. Təxminən 3 saat vaxt itirib mümkün şikayət mexanizmlərindən istifadəyə cəhd etdim. "Azəriqaz"ın heç bir şikayət mexanizmi işləmir. Telefonla əlaqə cəhdləri də boşa getdi. Energetika Nazirliyinə şikayət göndərdim. Dərhal əlaqə saxlayıb araşdırılacağını bildirdilər”.
“Azəriqaz”ın mətbuat katibi İbrahim Kərbəlayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu cür narahatlıqla qarşılaşan abonentlər “Asan Kommunal”, “Azəriqaz”ın qaynar xətti, sayt üzərindən elektron müraciət formalarından istifadə edərək şikayətini onlara bildirməlidir: “Texniki olaraq belə bir halın baş verməsi mümkün deyil, yanvarın 1-dən etibarən bütün sayğaclar sıfırlanıb. Amma bütün müraciətlər araşdırılacaq və müvafiq cavab veriləcək”.
Qeyd edək ki, Tarif Şurasının qərarı ilə hər il yanvarın 1-dən başlayaraq 170 manatlıq (1700 kubmetr) qaz sərfiyyatına kimi hər kubmetr üçün qiymət 10 qəpik, bu limitdən sonra isə 20 qəpikdən hesablanır.
S.Xankişiyeva