“Caucasus International” jurnalının yeni sayı çap edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) 2012-ci ildən etibarən ingilis dilində yayımlanan beynəlxalq nəşri — "Caucasus International" (CI) jurnalının yeni sayı (Cild 8: No: 2 • Qış 2018) çap edilib.
1news.az-ın məlumatına görə, jurnalın Avrasiyada Dəhlizlər: Cənubi Qafqaz regionuna təsirləri (“Connectivity in Eurasia: Implications for South Caucasus Region”) mövzusundakı qış buraxılışı Avrasiya regionunda nəqliyyat və tranzit marşrutları, regional və kiçik ölkələrin yeni nəqliyyat təşəbbüsləri və bütün bunların Cənubi Qafqaz ölkələrinin iqtisadi sabitliyi və təhlükəsizliyinə mümkün təsirlərinin təhlilinə həsr edilib.
Nəşrdə nəqliyyat marşrutlarını təhlil edən müəlliflər dövlətlərin digər beynəlxalq və regional iştirakçılar ilə ikitərəfli münasibətlərdə bu layihələrdən “yumşaq güc” vasitəsi kimi istifadə etdiyini qeyd ediblər.
Jurnalın cari sayında indiyədək özünü nəqliyyat mərkəzinə çevirməyə nail olmuş Azərbaycanın müvəffəqiyyətlərindən bəhs edən müsahibə ilə yanaşı, eyni zamanda, Ermənistan və Gürcüstanda baş verən son siyasi hadisələrlə bağlı əlavə iki və jurnalın bu dəfəki əsas mövzusu ilə bağlı bir ekspert şərhi də əksini tapıb.
Jurnalda həmişə olduğu kimi, kitab mütaliəsi (S. Frederik Starr və Svante E. Kornelin “İpək Yolu üzərində Uzun Oyun: ABŞ və Avropa Birliyinin Orta Asiya və Qafqaz üçün Strategiyası”) və yaxın tarixdə Cənubi Qafqaz və ətraf regionlarda baş verən tendensiyalarla bağlı nəşr edilmiş kitabların qısa təsviri yer almaqdadır.
Jurnalın PDF formatdakı məqalələri ilə CI-ın rəsmi saytı və keçid vasitəsilə tanış olmaq mümkündür: http://cijournal.az/category/new-issue
Jurnalın əvvəlki saylarına http://cijournal.az/category/archives vasitəsilə daxil ola bilərsiniz.
Qeyd edək ki, jurnalın növbəti sayı “Avropa və Şərq Tərəfdaşlığı ölkələrində separatizm cərəyanları” (Separatism in European and Eastern Partnership Countries) mövzusuna həsr ediləcək: http://cijournal.
1news.az