Bakı sakinləri Hacı Zeynalabdin Tağıyevlə görüşdü – VİDEO

Bu gün azərbaycanlı milyonçu, xeyriyəçi Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.
1news.az-ın verdiyi xəbərə görə, Mənəvi Dəyərlərin Təbliği Fondu bu əlamətdar günlə bağlı maraqlı addım atıb.
Külli miqdarda pul xərcləyib Qızlar məktəbini açdığına görə ölümlə hədələnən, Bakıya Şollar su kəmərinin çəkilməsində müstəsna rol oynayan və xeyriyyə işləri ilə ad qazanmış Hacı Zeynalabdin Tağıyevin doğum günü münasibəti ilə şəhərimizdə sosial eksperiment keçiriblər.
İnsanlar H.Z Tağıyevi anidən qarşılarında görüb və ortaya maraqlı görüntülə çıxıb.
Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.
Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonradan tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının binasında (indi burada Tarix Muzeyi və AMEA Əlyazmalar İnstitutu yerləşir) onun dəsti-xətti hiss edilir. Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır.Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur.
O, neftin distillə üsulu ilə çıxarılması ilə məşğul olan ilk azərbaycanlılardan biri idi. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan möhtəşəm olacaq “Г. З. А. Тагиев” şirkəti yaradır. Həmin zamanlarda kerosinə böyük tələbat var idi. İki il sonra o, neft hasilatına yen sərmayə qoyur və buruq üsulu ilə ilk neft quşunu qazdırır. 1886-ci ildə o, şərikləri ilə birlikdə neft hasilatı və emalı firmasının əsasını qoyur, 1897-ci ildə isə öz şirkətini yaradır.
S.Xankişiyeva