Ən çox nöqsanlara yol verən dövlət qurumlarının adı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ən çox nöqsanlara yol verən dövlət qurumlarının adı açıqlandı

11:07 - 08 / 02 / 2019
Ən çox nöqsanlara yol verən dövlət qurumlarının adı açıqlandı

Bəzi dövlət qurumlarında vətəndaşların qəbulu daha səmərəli təşkil olunsa da, bəzi qurumlarda bu tələblərə tam əməl olunmur. Həmin qurumlarda vətəndaş qəbulunun təşkilində müəyyən nöqsanlara yol verilir.

1news.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir" adlı məqaləsində deyilir.

S.İsmayılov qeyd edib ki, bu sıraya Xarici İşlər, Energetika nazirlikləri, "Bakı Metropoliteni” QSC, Milli Arxiv, "İçərişəhər” Tarix-Memarlıq Qoruğu idarələri, Bakı və Şirvan Apellyasiya Məhkəmələri, Ərazilərin Bərpası və Yenidən Qurulması, Beynəlxalq Bank, Auditorlar Palatası, Bakı şəhərinin Xətai, Səbail rayonlarının, Ağdam, Astara, Göyçay, Kəlbəcər, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətləri və başqa qurumlar daxildir.

Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, ötən il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 315 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 379 şura iclasında, həmçinin bu orqanlarda keçirilən digər 2 693 tədbirdə vətəndaş müraciətlərinə baxılması işi müzakirə olunub.

Şöbə müdiri bildirib ki, bu iclaslarda vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol verən, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşan, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməyən vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülüb:

"Belə ki, 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 860 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 79 nəfərin əmək müqaviləsinə xitam verilib, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb, 632 nəfərə xəbərdarlıq edilib. Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 70 vəzifəli şəxs barəsində intizam tənbehi tədbiri görülüb. Onların 57 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 13 nəfərin əmək müqaviləsinə xitam verilib, həmçinin 270 nəfərə xəbərdarlıq edilib”.

1news.az

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər