Mədəniyyət işçilərinin peşə hazırlığında yenilik: kursları təşkil olunacaq

Mədəniyyət müəssisələrində çalışan əməkdaşlarda peşə səriştəsinin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında ixtisasartırma kursları təşkil olunacaq. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən keçiriləcək təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük veriləcək.
Mədəniyyət Nazirliyindən 1news.az-a verilən məlumata görə, beynəlxalq təcrübəyə əsaslanacaq təlimlərdə müasir peşə təfəkkürü və kreativ səriştələrin mədəniyyət işçiləri tərəfindən mənimsənilməsi məsələləri prioritet hesab olunacaq. Belə ki, nəzəri xarakter daşıyan materiallar dinləyicilərə kurslardan öncə təqdim olunacaq, tədris zamanı empirik biliklərə üstünlük veriləcək.
Pilləli prinsip (level) əsasında təşkil olunacaq kurslar konkret mədəniyyət sahələri üzrə keçiriləcək. Çətinlik dərəcəsinə görə bir-birindən fərqlənən pillələr ilk növbədə əməkdaşların müasir peşə səriştələrinin formalaşmasına xidmət göstərəcək.
Təlimlər mədəniyyət müəssisələri arasında təcrübə mübadiləsini, mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə regionlarla yanaşı, respublikanın qabaqcıl mədəniyyət müəssisələrində də təşkil olunacaq.
Təlimlər Mədəniyyət Nazirliyi və regional mədəniyyət idarələri ilə razılaşdırıldıqdan sonra mart ayından etibarən fəaliyyətə başlayacaq.
1news.az