Avropa İttifaqı Şərq Tərəfdaşlığı Avropa Məktəbinə qəbul etməyə davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Avropa Məktəbinə qəbul etməyə davam edir

10:17 - 04 / 03 / 2019
Avropa İttifaqı Şərq Tərəfdaşlığı Avropa Məktəbinə qəbul etməyə davam edir

Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan və Avropa və Avropa İttifaqı ilə bağlı biliklərini artırmaq istəyən 16-17 yaşlı məktəblilərdən təqaüdlər üçün ərizələrin qəbulu başlayıb və martın 18-dək davam edəcək.

1news.az-ın məlumatına görə, altı ölkədən ərizə qəbulunda ən yaxşı nəticə göstərən 35 məktəblinin yüksək keyfiyyətli, beynəlxalq miqyasda tanınan, Avropaşünaslıq istiqaməti üzrə “Beynəlxalq Bakalavriat” (BB) diplomunu əldə etməsinə dəstək göstərəcək bu təqaüd proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. 2019-2020-ci tədris ilindən başlamaqla, iki illik akademik kursu əhatə edən Avropa Şərq Tərəfdaşlığı Məktəbi Proqramı Gürcüstanın Tbilisi şəhərində “New School” məktəbində həyata keçirilir.

Bu unikal diplom proqramı Avropa Məktəbləri sistemindən ilhamlanan ixtisaslaşmış tədrislə “Beynəlxalq Bakalavriat” proqramının akademik üstünlüyünü özündə birləşdirir. Seçilmiş məktəblilər Avropa və Avropa İttifaqı barədə təsəvvürlərini genişləndirmələri, habelə Avropa dilləri, ədəbiyyatı və tarixi ilə bağlı biliklərini dərinləşdirmələri məqsədilə çoxdilli və multikultural mühitdə təhsil alacaqlar. Məktəblilər, həmçinin, zəngin və geniş sinifdənkənar fəaliyyət proqramından yararlana biləcək və Avropa ilə bağlı mövzularda yüksək səviyyəli konfranslarda iştirak etmək imkanına malik olacaqlar. Təhsilalanlar Avropaşünaslıq istiqaməti üzrə “Beynəlxalq Bakalavriat” Diplomu ilə məzun olacaqlar.

Qeyd edək ki, Avropa Şərq Tərəfdaşlığı Məktəbi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan gənclər üçün təhsil və regionlararası mübadilə imkanlarının artırılması məqsədilə Avropa İttifaqı və onun tərəfdaş ölkələri tərəfindən göstərilən səylərin tərkib hissəsi olaraq təsis edilib.

Maraqlanan məktəblilər öz ərizələrini 18 mart 2019-cu il, saat 12:00-dək (günorta, UTC +4:00) www.eapeuropeanschool.eu veb-saytı vasitəsilə təqdim edə bilərlər. Seçim prosesinə öncədən seçilmiş namizədlər üçün yazılı sınaqlar və müsahibələr daxil olacaq. 2019-2020-ci tədris ili üzrə təqaüd qazanan şəxslərin siyahısı 2019-cu ilin may ayının sonunadək elan ediləcək.

Ətraflı məlumat üçün www.eapeuropeanschool.eu ünvanına daxil ola bilərsiniz.

Hər hansı sual olduqda, [email protected] ünvanına yaza və ya + 995 32 225 70 06 (stasionar xətt) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

1news.az

Paylaş:
460

Son xəbərlər

Bütün xəbərlər