Nazir Tahir İmanovun rəhbərlik etdiyi KVN teatrına qoyulan qadağadan danışdı

Tahir İmanovun və onun rəhbərlik etdiyi KVN teatrının fəaliyyətinə dövlət tərəfindən qoyulan heç bir məhdudiyyət yoxdur.
1news.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Prezidentin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə qaldırılan məsələlərə həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, Tahir İmanovun və onun rəhbərlik etdiyi KVN teatrının fəaliyyətindən daim Mədəniyyət Nazirliyinin xəbəri olub:
“Onların Heydər Əliyev Sarayında konsertlərinin təşkilinə şərait yaradılır. Dövlət tərəfindən qoyulan heç bir məhdudiyyət yoxdur. Onları kifayət qədər istedadlı və cəmiyyətə lazımlı gənclər kimi qəbul edirəm. Söhbət özəl kanallardan gedir ki, mən onların işinə müdaxilə edə bilmərəm, sadəcə tövsiyə verə bilərəm.
Nazir özəl kanallarda bədii şuraların yaradılmasının vacib olduğunu da söyləyib:
“Arzu edərdim ki, özəl kanallarda bədii şuralar olsun, proqramların keyfiyyəti barədə müzakirələr aparılsın”.
Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. Görüşdə mədəniyyət və incəsənətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı fikirlər səsləndirilib. Qaldırılan məsələlərə dövlət başçısı tərəfindən dəstək ifadə olunub, müvafiq tapşırıqlar verilib.
P.Sultanova