“Təmiz ekologiya, sağlam düşüncə” layihəsi çərçivəsində 63 ədəd müxtəlif növ ağac əkilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Təmiz ekologiya, sağlam düşüncə” layihəsi çərçivəsində 63 ədəd müxtəlif növ ağac əkilib

17:20 - 07 / 03 / 2019
“Təmiz ekologiya, sağlam düşüncə” layihəsi çərçivəsində 63 ədəd müxtəlif növ ağac əkilib

Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin C kateqoriyası üzrə Sabirabad rayonundan  Bunyatova Nuridə Səmədağa qızının qalibi olmuş “Təmiz ekologiya,sağlam düşüncə” adlı layihəsinin icrası uğurla davam etdirilir.

Fonddan 1news.az-a bildiriblər ki, layihənin əsas məqsədi Sabirabad rayonunun kənd məktəblərində ekoloji maarifləndirmənin təşkili ilə gənclərdə ətraf mühitə qayğının artırılması,çirklənmənin qarşısının alınması və təbiətin qorunması haqqında bilikləri zənginləşdirərək Yer kürəsinin çirklənməsinin və ekoloji tarazlığın pozulmasının qarşısının alınmasına dəstək verməkdir.

Layihə Sabirabad rayonunun 4 kənd məktəbində icra edilir. Layihənin icrası müddətində rayonun 4 kənd məktəbinin hərəsində bir dəfə olmaqla ümumilikdə dörd ekoloji maarifləndirmə görüşü və əlavə olaraq bir dəfə ağac əkilməsi nəzərdə tutulub.

Hər bir maarifləndirmə görüşündə layihə rəhbəri layihə haqqında məlumat verdikdən sonra layihənin təlimçisi bəşəriyyəti narahat edən qlobal,eləcə də regional və lokal problemlər haqqında gəncləri məlumatlandırır. Daha sonra Azərbaycana xas olan ekoloji problemlər qeyd olunur və  Yer kürəsinin əhatə edən problemlərin yaratdığı təhlükələri daha da dərindən anlamaq üçün mövzuya uyğun iştirakçılara videoçarxlar və xüsusi hazırlanmış təqdimatlar nümayiş etdirilir.

Məsələnin mahiyyətini dərindən dərk etmək və əlavə məlumatlar üçün iştirakçılara layihənin bukleti paylanılır.Əlavə olaraq ətraf mühitin mühafizəsi üçün təkliflərini qeyd etmək məqsədi ilə iştirakçılara kağız və qələmlə təchiz olunmuş qovluqlar paylanılır ki,burada sözügedən problemlərin həlli yolları haqqında hər bir iştirakçı özünəməxsus qeydlər edirlər.

Layihə çərçivəsində ekoloji maarifləndirmə görüşü keçirilmiş Ulacalı kənd tam orta məktəbinin  həyətyani sahəsində 63 ədəd müxtəlif növ ağac əkilib. Ağacların əkilməsi prosesi layihənin icrasında xüsusi yer alıb və bu prosesdə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və idarənin digər əməkdaşları da qatılıb. Eyni zamanda məktəbin bir qrup şagirdləri ağacları əkdikdən sonra onlara bu ağaclara vaxtında qulluq edəcəklərini bildirməklə təbiətin qorunmasında bu kimi tədbir və aksiyalarda yaxından iştirak edəcəklərini vurğulayıblar.

Layihənin icrası müddətində ekoloji maarifləndirmə keçirilən hər bir məktəbin şagirdlərinə “Yer kürəsi hər birimizin evidir” adlı Aksiyaya qoşulmağa dəvət edilmiş və onlara işlənmiş kağızların toplanaraq rəhbərliyə təhfil verilməsi tövsiyə olunub. Artıq işlənmiş kağızlar toplanıb və Sabirabad rayon Asan Xidmət nəzdində fəaliyyət göstərən  “Yaşıl Asan” layihəsinə təhvil verilib.

Xatırladaq ki,layihənin təqdimatı 15 dekabr 2018-ci il tarixdə Sabirabad şəhərində baş tutub. Açılış tədbirində layihə iştirakçılara təqdim edilib və İşçi Qrupu, fəaliyyət planı təsdiq edilib.

Bu il yanvarın 11-də Sabirabad rayon Kovlar kənd tam orta məktəbində ilk maarifləndirmə görüşü baş tutub.

Yanvarın 21-də Sabirabad rayon Ulacalı kənd tam orta məktəbin həyətyani sahəsində ağaclar əkilib.

Yanvarın 23-də Sabirabad rayon Ulacalı kənd tam orta məktəbində yuxarı sinif şagirdləri ilə ekoloji maarifləndirmə görüşü keçirilib.

Fevralın 15-də isə Sabirabad rayon Yaxa Dəllək kənd tam orta məktəbin, fevralın 22-də isə Sabirabad rayon Nərimankənd tam orta məktəbin kollektivi ilə ekoloji maarifləndirmə görüşü keçirilib.

Onu da qeyd edək ki, layihənin icra müddəti 15 dekabr 2018-ci il - 15 mart 2019-cu il tarixlərini əhatə edir.

1news.az

Paylaş:
2438

Son xəbərlər

Bütün xəbərlər