"Hindistanın ən yaxşıları" Bakıda - FOTO

Bakıda “Hindistanın ən yaxşıları - ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri”nin ikinci buraxılışının açılışı olub.
1news.az xəbər verir ki, sərginin açılışını ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlung edib.
Sərgi Hindistanın PHD Ticarət və Sənaye Palatası tərəfindən Hindistan səfirliyinin dəstəyi ilə təşkil olunur. 17 mart tarixinə qədər davam edəcək sərgi səhər saat 10.00-dan axşam saat 18.00-a kimi Bakı İdman Sarayında (Neftçilər prospekti 26a, Bakı, Azərbaycan) ictimaiyyət üçün açıqdır. Xarici ölkələrdə keçirilən sərgilər Hindistan sənayesinin yüksək keyfiyyətli məhsullarını, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaları davamlı şəkildə dünyaya təqdim edir.
“Hindistanın ən yaxşıları” - ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbiri”ndə elektrik və elektronika, velosiped, düyü, çay, ədviyyatlar, qablaşdırma, əczaçılıq, hədiyyələr və sənətkarlıq məhsulları, dəftərxana ləvazimatı, ev mebeli, tekstil və geyim, zinət əşyaları da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 75 Hindistan şirkəti iştirak edir. Bu sərgi Hindistan və Azərbaycan arasında mövcud olan qarşılıqlı biznes əməkdaşlığı çərçivəsində həyata keçirilir və Hindistan höküməti Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir.
Biznes və ticarətdən əlavə tədbir həmçinin, mədəni tədbirlər, yemək və Bollivud festivalı və s. vasitəsilə “Hindistanın ən yaxşıları ” sərgisinə öz töhfəsini verməklə zəngin Hindistan mədəni irsini əks etdirməyə çalışır. Sərgiyə giriş sərbəstdir.
Hindistan və Azərbaycan arasında tarixi bağlar və inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. İki ölkə arasında enerji, əczaçılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, elm və texnologiya, tekstil və geyim və təhsil kimi bir sıra sahələrdə artmaqda olan biznes və ticarət əlaqələri mövcuddur. 2017-ci ildə Hindistanın Azərbaycancana ixracının həcmi 37 milyon dolları keçmişdir və Hindistan və Azərbaycan arasındakı ümumi ikitərəfli ticarətin həcmi 463 milyon dollara çatmışdır. Azərbaycanın təcrübəli kadrları və tələbələrinə Hindistanın təhsil müəssisələrində bütün xərcləri qarşılanan təlim proqramları təklif edən Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində Hindistan və Azərbaycan arasında potensialın artırılması istiqamətində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur.
P.Sultanova