Bakıda Mahatma Qandiyə həsr edilmiş sərgi açılıb - FOTO

Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Hindistan azadlıq hərəkatının lideri, sülh müdafiəçisi Mahatma Qandinin 150 illiyi ərəfəsində rəsm sərgisi və "Azərmarka" tərəfindən hazırlanmış Mahatma Qandi poçt markalarının təqdimatı keçirilib.
1news.az xəbər verir ki, Hindistanın ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunan tədbir Dövlət Rəssamlıq Akademiyasının təşəbbüsü və Rəssamlar İttifaqı üzvlərinin dəstəyi ilə baş tutub.
Sərgidə Rəssamlar İttifaqının üzvləri Aygün və Elnurə İsğəndərovanın rəhbərliyi ilə 50-yə yaxın rəssam tərəfindən Mahatma Qandinin həyatını əks etdirən rəsm əsərləri nümayiş olunub.
Rəssamların, ictimaiyyətin müxtəlif təbəqələrinin, millət vəkillərinin və bir sıra ölkələrin Azərbaycandakı səfirlərinin də iştirak etdiyi tədbiri açan Hindistanın ölkəmizə yeni təyin olunmuş səfiri Şri B.Vanlalvavna bildirib ki, Mahatma Qandinin 150 illiyinin qeyd olunması münasibətilə təşkil olunmuş rəsm sərgisi Qandi irsinə və müdafiə etdiyi ideyalara dərin hörmətin sübutudur.
“Əminəm ki, buradakı qonaqların əksəriyyəti mənim kimi tədbirin bir hissəsi olmaqdan məmnundur. Biz dahi Qandini şəxsiyyət olaraq xatırlayırıq. Eyni zamanda, vəfatından 70 il sonra da bugünkü dünyamız üçün keçərli olan ideyalarını, dəyər və prinsiplərini anmaqda davam edirik. Çünki, Qandi sadəcə Hindistana deyil, bütün dünyaya məxsusdur. Məhz bu səbəbdən Hindistan höküməti ötən ilin oktyabrında Qandi irs və əbədi ismarıclarının dünyaya yayılması üçün onun anadan olmasının 150 illiyinin qeyd edilməsi münasibətilə iki il davam edəcək tədbirlər silsiləsini başladıb” deyən səfir əlavə edib ki, anım tədbirlərinin bir hissəsi olaraq çox mahir nəğməkar Tofiq Əliyev, Mukeş tərəfindən oxunmuş, Mahatma Qandinin günlük dualarına daxil olan ilahi nəğmə Vaişnavi Cana To musiqi klipini hazırlayıblar.
Hindistanlı diplomat bildirib ki, Qandinin 150 illiyi ilə əlaqədar bu il yerli qurumlarla birlikdə üç ağacəkmə aksiyası təşkil edərək 150 ağac əkəcəklər. Eyni zamanda, vegetarian yemək festivalı, qlobal velosiped yürüşü təşkil olunacaq və əllə toxunmuş pambıq geyim olan “Khadin”i yalnız geyim kimi deyil, həm də ideya olaraq təşviq ediləcək.
“Bu tarixi hadisəni 50 istedadlı rəssamın möhtəşəm əsərləri ilə qeyd etdiyimiz zaman gəlin bir daha Qandinin qeyri-zorakılığın beş əsas prinsipini bir-birimizə xatırladaq və onları gündəlik həyatımızın bir hissəsinə çevirək: hörmət, anlayış, qəbul, dəyər vermə və mərhəmət. Mahatmanın dediyi kimi, “zorakılığa qarşı mübarizə inancımın ilk maddəsidir. O həmçinin, əqidəmin sonuncu maddəsidir”. Mahatma Qandinin universal dərsləri, qeyri-zorakılıq və dinc yaşayış ismarıcı dünyanın bir çox yerlərində çəkişmələrin olduğu bu vaxtda daha da keçərlidir və xüsusi səslənməkdə davam edir. Bu ideyaları mənimsəsək, dinc və xöşbəxt cəmiyyətimiz olacaq. Gəlin Mahatmanın düzgünlük idealarını və hər bir şəxsin mərhəmətinə, insanlığın yaxşıya doğru dəyişməsinə dərin inamını özümüzə xatırladaq. Bu bizə insanlar arasında daha yaxşı anlaşmanı təşviq etməkdə kömək edəcək və sosial əlaqələri təkmilləşdirəcək”, səfir deyib.
Əlavə edib ki, bugünkü tədbirin Qandinin sülh və zorakılıq əleyhinə ismarıcının dünyada möhkəmlənməsində mühüm rol oynayacağına əmindir.
Daha sonra iştirakçılar sərgi ilə tanış olublar.
P.Sultanova