Bakıda zəngin gündəliyə malik Frankofoniya həftələri başlayır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda zəngin gündəliyə malik Frankofoniya həftələri başlayır - FOTO

13:18 - 29 / 03 / 2019
Bakıda zəngin gündəliyə malik Frankofoniya həftələri başlayır - FOTO

Martın 30-dan aprelin 15-dək Bakıda növbəti Frankofoniya həftələri keçiriləcək.

1news.az xəbər verir ki, bir sıra ölkələrin Azərbaycandakı səfirləri və Avropa İttifaqı təmsilçisinin iştirakı ilə keçirilən mətbuat konfransında Frankofoniya həftələrində planlaşdırılan tədbirlər barədə ətraflı məlumat verilib.

Belçikanın ölkəmizdəki səfiri Bert Şufs tədbirin təşkilinə görə Fransanın Azərbaycandakı səfirinə təşəkkürünü bildirib. Diplomat Frankofoniya həftələri çərçivəsində səfirliyin planlaşdırdığı tədbirlər barədə danışıb. Deyib ki, əfsanəvi müğənni Jak Brellə bağlı təqdimat olacaq.

Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin əməkdaşı Denis Danildis isə vurğulayıb ki, Frankofoniya sadəcə söz deyil və fransız dilində danışan ölkələri ifadə etmir. Bu, həm də mədəni, dini, adət-ənənə müxtəlifliyini qeyd etmək üçün bir tədbirdir:

“Bu vasitə ilə biz öz müxtəlifliyimizi təbliğ edirik. Fnankofoniya məhz Aİ-nin fundamental prinsiplərinə əsaslanaraq öz fəaliyyətini davam etdirir. Aİ bu il də tədbirlər çərçivəsində Erasmus+ proqramı ilə çıxış edəcək ki, bu da azərbaycanlı tələbələrə çox yaxşı imkanlar verir”.

Aİ nümayəndəsi əlavə edib ki, hər kəsin dil və mədəniyyət müxtəlifliyinə hörmət edilməlidir. Onun sözlərinə görə, Frankofoniya həftələri də məhz bu niyyətə xidmət edir. O, "Hər bir dil bir insandır" deyimi ilə fikrini tamamlayıb.

Rumıniya səfiri Dan İanku deyib ki, Frankofoniyanın Rumıniyada əhəmiyyəti böyükdür. "Frankofoniya ölkəmizə 18-ci əsrdə gəlib və hazırda 1 milyon rumın şagird fransızca təhsil alır və onlara 9 min müəllim dərs deyir".

Səfir bildirib ki, bu il Frankofoniya həftələri çərçivəsində müxtəlif proqramlarla çıxış edəcəklər. Xüsusilə, uşaq filminin təqdimatı keçiriləcək.

Moldova səfiri Georgi Leuka bildirib ki, ikinci dəfə Frankofoniya həftələrinə qatılmaqdan məmnundurlar. "Tədbirlərdə iki qısa film nümayiş etdirəcəyik. "Mənim ürəyim Moldova" adlı rəsm sərgisi də keçiriləcək. Burada ölkəmizin təbiətini, kənd həyayını yaxından izləyə biləcəksiniz".

Meksika səfiri Rodriqo Labardini deyib ki, ölkəsi 2014-cü ildən Frankofoniya təşkilatında müşahidəçi üzvdür. O, bu il 3 məşhur meksikalı yazıçı haqqında konfrans təşkil edəcəklərini vurğulayıb:

“Müasir Meksika ədəbiyyatını Fransanın iştirakı olmadan təsvir etmək mümkün deyil. Bu üç yazıçı öz əsərlərində Fransa ilə əlaqələrə geniş yer veriblər. Onlar Fransa səfirliyində çalışdıqları üçün fransızca yaxşı bilirlər”.

Diplomat əlavə edib ki, fransız dili Meksikada ikinci ən çox tədris edilən dildir.

Mərakeş səfiri Adil Embarç isə deyib ki, bu il daha maraqlı tədbirlər keçirmək üçün təşkilata üzv ölkələrin səfirlikləri səylərini ikiqat  artırıblar. Mərakeş səfirliyi isə tədbirlərdə 4 filmlə iştirak edəcək. Bundan əlavə,  Frankofoniya təhsil sərgisində iştirak edəcəyik, pianoçumuz Marouan Benabdullah Beynəlxalq Muğam Mərkəzində konsert verəcək.

Yunanıstan səfiri Nikolaos Kanellos  Frankofoniya Təşkilatının yaranması tarixindən söz açıb. O, bu dəfəki tədbirlərdə bir filmlə vəözünün əsərlərindən ibarət xeyriyyə sərgisi ilə iştirak edəcəklərini diqqətə çatdırıb. Sərgidən əldə edilən vəsait sahibsiz heyvanların qorunmasına yönəldiləcək.

Fransa səfiri Aureliya Buşez deyib ki, 11 səfirliyin iştirakı ilə keçiriləcək bu dəfəki tədbirlərin proqramının  çox zəngin olacağını bildirib.

"Bu layihə dünyada keçirilir. Azərbaycanda 50 min gənc fransızca öyrənir. Bu il biz 6 fərqli tədbirlə iştirak edəcəyik. Səfirliyin ilk tədbiri aprelin 3-də fransız dili üzrə müsabiqə ilə başlayacaq və qalib tələbə Fransaya səfər edəcək" deyən xanım Buşez digır tədbirlər barədə də danışıb. Bildirib ki, fotoqraf Maya Bağırovanın əsərlərindən ibarət sərgi, musiqi proqramı, təhsil sərgisi və s. olacaq.

Kosta Rikanın müvəqqəti işlər vəkili Jairo Lopez Bolanos deyib ki, bu il Frankofoniya həftələrində ilk dəfə olaraq iştirak edəcəklər. Səfir qeyd edib ki, mədəniyyət tədbirləri çərçivəsində ilk film aprelin 6-da nümayiş olunacaq. O, bütün iştirakçıları həmin filmi seyr etməyə dəvət etdi.

Daha sonra Macarıstan, İsveçrə, Estoniya və digər ölkələrin səfirliklərinin təmsilçiləri də Frankofoniya həftələri çərçivəsində keçirəcəkləri tədbirlər haqda məlumat veriblər.

Qeyd edək ki, Frankofoniya həftələri çərçivəsində nəzərdə tutulan mədəni tədbirlərin tam proqramını Fransa, Belçika, Kosta-Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə, Estoniya, Litva və Latviyanın səfirlikləri, eləcə də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi​ təqdim etməkdədir.

Xatırladaq ki, hazırda Beynəlxalq Frankofoniya Təşkilatı fransız dili və insan hüquqlarına hörmət, qadınlar və kişilər arasında bərabərlik, ifadə azadlığı kimi universal dəyərlər ilə birləşən 84 dövlət və dövlət qurumunu (58 üzv və 26 müşahidəçi) bir araya gətirir.

P.Sultanova

 

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər