Ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarların müraciətləri dinlənilir

“Diqlas” ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarların müraciətləri dinlənilir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, martın 26-da Bakının Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, İqtisadiyyat Nazirliyində İşçi Qrupu yaradılıb. Bununla bağlı, “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar ziyan dəymiş sahibkarların problemlərinin öyrənilməsi məqsədilə İşçi Qrupu tərəfindən martın 29-da onlar fərdi qaydada qəbul edilərək müraciətlərinə baxılır.
Tədbirdə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların rəhbər şəxsləri, Dövlət Gömrük Komitəsi, Maliyyə, Fövqəladə Hallar və Vergilər nazirliklərinin, eləcə də Nizami Rayon İcra Hakimiyyəti və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri iştirak edir.
Martın 31-dək sahibkarların hər biri ilə qabaqcadan razılaşdırılmaqla müəyyən olunmuş vaxtlarda fərdi qaydada qəbul ediləcək. Qəbul İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (Ünvan: Atatürk prospekti 134, telefon: 012-404-04-01) təşkil olunur.
1news.az