Onna Kervers: Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq saziş əlaqələrimizi intensivləşdirəcək
Azərbaycanla Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan saziş son mərhələdədir. Bu saziş Azərbaycanla Aİ ölkələri, o cümlədən Niderlandla ələqələrin intensivləşməsinə səbəb olacaq. Avropa şirkətlərinin Azərbaycan bazarlarında çıxışını asanlaşdıracaq.
1news.az xəbər verir ki, bunu Niderlandın Azərbaycandakı səfiri Onna Kervers Kral günü münasibətilə keçirdiyi mətbuat konfransında deyib.
Azərbaycanla Niderland Krallığı arasındakı əlaqələrdən danışan səfir bildirib ki, ötən illərdə olduğu kimi, Niderland Krallığı ilə Azərbaycan arasında mövcud olan mükəmməl əlaqələr, xüsusən də iqtisadi münasibətlər getdikcə güclənir. Son bir neçə il ərzində hər iki ölkə birgə iqtisadi əlaqələrini kənd təsərrüfatı sahəsində cəmləşdirib:
“Əvvəl iqtisadi-ticari əməkdaşlıq daha çox neft-qaz sahəsində idi. Amma indi kənd təsərrüfatı sahəsində sıx əməkdaşlığımız var. Məlum olduğu kimi, Niderland bütün dünyada ikinci ən böyük qida ixracatçısıdır və ən inkişaf ermiş kənd təsərrüfatı sektoruna malikdir. Bu isə Azərbaycan üçün kənd təsərrüfatının prioritet istiqamət olması faktı ilə üst üstə düşür”.
O.Kervers deyib ki, Azərbaycan ilə Niderland arasında biznes əlaqələri hər iki ölkə arasında ticarətin təşviqi baxımından fəal olaraq qalır və öz bəhrəsini verir.
Onun sözlərinə görə, holland şirkətlərinin Azərbaycanda sayı artıb. Niderlandı təmsil edən sahibkarlar enerji, su resurslarının idarə olunması, ətraf nühüt, limanların inkişafı, gəmiqayırma, logistika, neft-kimya məhsulları və s. sahələrdə daha fəaldırlar.
Diplomat deyib ki, Niderland Azərbaycanda model ferma qurulması üçün bu il 300 min avro yardım ayırıb:
“Bu istiqamətdə digər layihələr də nəzərdə tutulub. Bundan əlavə, may ayında keçiriləcək Caspian Agro sərgisində 20 holland şirkəti iştirak edəcək ki, bununla da Azərbaycanda bu sahəyə nə qədər diqqətin olduğunu göstəririk”.
P.Sultanova