ASAN Radio-da “Hello, America!” proqramı yayımlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

ASAN Radio-da “Hello, America!” proqramı yayımlanacaq

11:50 - 30 / 04 / 2019
ASAN Radio-da “Hello, America!” proqramı yayımlanacaq

“ADA” Universiteti və ASAN Radio yeni media layihəsinə başlayır. ABŞ-ın Azərbaycandakı səfirlyinin və IdeaLab MMC-nin dəstəyi ilə həyata keçiriləcək layihə çərçivəsində  100 FM-də “Hello, America!” – “Salam, Amerika!” adlı həftəlik proqram yayımlanacaq.

1news.az-a səfirlikdən verilən məlumata görə, proqram Amerika cəmiyyətinin siyasi və sosial fərqlilikləri, ənənələri və mədəniyyəti barədə maraqlı müsahibələr və reportajlar yayımlayacaq, qlobal məsələlərə dair biliyi artıracaq.

Qeyd edək ki, layihənin başlanğıcı kimi “ADA” Universitetinin kommunikasiya üzrə müəllim heyəti, “ASAN xidmət” İctimai Əlaqələr şöbəsinin mütəxəssisləri və ASAN Radionun yaradıcı heyət üzvləri Beynəlxalq Ziyarətçi Liderlik Proqramında (International Visitor Leadership Program) iştirak edir,  ABŞ-a səfər edib yerli radiostansiyalar, yayım üzrə təsisastlar və kommunikasiya fənnini tədris edən elm ocaqlarına baş çəkir, təcrübə mübadiləsi aparır və yeni tərəfdaşlıqlar qururlar.

ASAN Radionun direktoru Emin Musavi bildirir: “ASAN Radio dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə yayım kanalıdır. Ölkədə baş verən islahatlar, yeniliklər, xidmətləri ictimaiyyətə surətli, ətraflı, həm də kreativ şəkildə çatdırmağa çalışırıq. Yayım sahəsi son illərin rəqəmsal texnologiyalarının inkişafından yararlanaraq kommunikasiyanın qurulmasını yeni üslub və strategiyalarla həyata keçririr. Əminəm ki, Amerika ilə təcrübə mübadiləsi radio stansiyamızın yayım keyfiyyətini bir qədər də artıracaq”.

Xatırladaq ki, “ADA” Universiteti ilə ASAN Radio son iki ildə Avropa İttifaqının dəstəyi ilə “AvropadASAN” proqramını yayımlayır. Proqramın aparıcısı Şəfəq Mehrəliyeva deyir: “Birgə təcrübəmiz göstərir ki, ölkə ictimaiyyəti marrifləndirici və maraqlı məzmunlu proqramlara böyük ehtiyac hiss edir. ASAN Radio ilə ilk layihəmizdə olduğu kimi, bu dəfə də “ADA” Universiteti beynəlxalq münasibətlər və kommunikasiya sahəsində nəzəriyyəvi biliklərini yaradıcı medianın köməyi ilə Azərbaycan dinləyicisi üçün maraqlı proqrama çevirəcək.”

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti yeni layihəni belə şərh edir: “Bu layihədə kommunikasiya sahəsində təhsil və tətbiq mənasında iki aparıcı təşkilatla əməkdaşlıq qurduğumuzdan məmnunuq. Media layihəsinin əsas məqsədi azərbaycanlılara amerikalıları daha yaxşı tanıtmaq olsa da, ümid edirik ki, nəticə etibarı ilə, həm də ölkədə kommunikasiya üzrə tədris proqramlarını təkmilləşdirəcək və yerli yayımın keyfiyyətini artıracaq.”

“Hello, America!”– “Salam, Amerika!”  proqramını mayın 3-dən etibarən hər cümə günü saat 18:45-də ASAN Radio 100 FM dalğasında, asanradio.az veb səhifəsi və ya ASAN Radio mobil telefon tətbiqi ilə dinləyə bilərsiniz.

P.S.

 

Paylaş:
865

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər