Mübariz Əhmədoğlu: Azərbaycan terrorizmə qarşı mübarizə ilə bağlı İran-Pakistan müqaviləsinə qoşula bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Azərbaycan terrorizmə qarşı mübarizə ilə bağlı İran-Pakistan müqaviləsinə qoşula bilər

10:41 - 01 / 05 / 2019
Mübariz Əhmədoğlu: Azərbaycan terrorizmə qarşı mübarizə ilə bağlı İran-Pakistan müqaviləsinə qoşula bilər

Yaxınlarda Pakistanın Baş naziri İmran Xan Tehranda oldu və iki qonşu ölkə arasındakı münasibətlərin bütün spektri müzakirə edildi. İki ölkədəki vəziyyət hal-hazırda çox ciddi müzakirəyə ehtiyac tələb edir.

Baş nazirin İrana səfərini bu müzakirənin başlanması kimi dəyərləndirmək daha düzgün olar. Çünki İran-Pakistan sərhədi son dövrlərdə destruktiv qüvvələrin maraq dairəsindədir. İran tərəfdən kimlərsə Pakistana  qarşı təxribatlar hazırlayır. Sonradan bunun davamını Pakistan tərəfindən görürük. Hal-hazırda 2 dəfəyə Pakistan İranın 50 sərhədçisini İrana geri qaytarıb. Amma 5 sərhədçi hələ də Pakistanda həbsdədir. İran prezidenti Pakistan rəhbərliyinə müraciət etdi, bu məsələdən ötrü İranın Xİ naziri C.Zərif İslamabada getdi.

Terrorçu qüvvələrin fəaliyyətinin qabağını almaq məqsədilə 2 ölkə arasındakı imzalanmış müqavilənin dəyər verəcəyi çox ehtimallıdır. Müqaviləni şərh edərkən iranlı ekspertlərdən biri, “Səhər-Azəri” telekanalının “Xəbərlər” redaksiyasının rəhbəri Mehrəfza Azərbaycanı da bu əməkdaşlığa qoşulmağa çağırdı. İranda bir qrupun fikrincə, Azərbaycan guya Dağlıq Qarabağ məsələsində region dövlətləri, müsəlman ölkələri ilə əməkdaşlıqdan imtina edir. Yalnız Qərb dövlətlərinə üz tutub. Əgər müsəlman dövlətləri ilə əməkdaşlıq edərsə, Dağlıq Qarabağ məsələsi tez həll olunar.

Əvvəla, Azərbaycan Dağlıq Qarabağ tənzimlənməsində alternativ vasitəçiliyin tərəfdarıdır və buna görə dəfələrlə həm ATƏT MQ, həm də Ermənistan tərəfindən qınağa tuş gəlib. ATƏT-in Minsk Qrupu konsensus mexanizmi ilə işləyir; Ermənistan özü hansısa bir varianta razılıq verməsə, o variant qəbul edilməyəcək. Ona görə Ermənistan üçün Minsk Qrupu alternativsizdir, Azərbaycan isə  alternativ axtarır; Ən azı konsensus mexanizmindən qaçmağa şərait yaranacaq. Ona görə Azərbaycan BMT-nin, Aİ-nin vasitəçilik etməsinə çalışır. Azərbaycan vasitəçiliklə bağlı irəli sürülən bütün təşəbbüsləri də qəbul edib və qəbul da etməyə hazırdır.

İkincisi, Dağlıq Qarabağ mövzusunda İƏT-in qətnamələri Azərbaycanla bu təşkilatın əlaqələrinin yüksək səviyyəsini göstərir.

Üçüncü. İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsində vasitəçilik etməklə bağlı təklif irəli sürdü. Azərbaycan tərəfi bunu qəbul etdi. Hətta Azərbaycan Respublikasının Xİ naziri E.Məmmədyarovun İrana səfərlərindən biri məhz buna həsr olunmuşdu ki, Azərbaycan İranın vasitəçiliyini qəbul edir və maraqlıdır. İran mətbuatı və ekspertləri İran XİN-dən İranın vasitəçilik missiyasına Azərbaycanın və Ermənistanın ayrı-ayrılıqda konkret mövqelərini öyrənə bilərlər. İranın vasitəçiliyini qəbul etməyən tərəf Ermənistandır və Azərbaycan hətta İrana təklif etdi ki, Ermənistanı İranın vasitəçilik missiyasına razılıq salmaq üçün İran və Azərbaycan ikisi birlikdə müəyyən addımlar ata bilərlər. İran tərəfi bunu da görmədi.

İran əgər Pakistanla sərhədlərin təhlükəsizliyinin qorunması ilə bağlı müqavilə imzalayırsa, bu çox müsbətdir. Dağlıq Qarabağ münaqişəsinə görə Pakistan Ermənistanla münasibətlər qurmayıb. Amma Pakistanla Azərbaycanın arasında coğrafi baxımdan İran yerləşir. Azərbaycanın işğal altında olan sərhədlərinin də terrorçulardan qorunması barədə İran Pakistana təklif verə bilər. Pakistan və həm də Azərbaycan bu təklifə dərhal “hə” deyəcəklər. Dağlıq Qarabağ münaqişəsi çox qısa müddətdə həll oluna bilər.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər