"Buta" Bakıdan - Xarkova birbaşa reyslərə başladı - FOTO
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Ukraynanın daha bir şəhərinə - Xarkova birbaşa aviareyslərə başlayıb.
1news.az xəbər verir ki, ilk reys 100 faiz dolmaqla mayın 3-də həyata keçirilib.
Xarkov aeroportunda aviareysin açılışı ilə bağlı rəsmi mərasim baş tutub.
Mərasimdə çıxış edən Xarkov Regional Administrasiyasının iqtisadiyyat və beynəlxalq əlaqələr departamentinin direktoru Andrey Kolos Bakı-Xarkov aviareysinin açılmasına görə “Buta Airways” aviaşirkətinin nümayəndələrinə təşəkkürünü bildirib.
Bildirib ki, Xarkov aeroportundakı təhlükəsizlik şərait bu şəhərdəki mövcud vəziyyəti əks etdirir, buradakı sülh və stabil inkişaf bir çox ölkələrə nümunə ola bilər. O, bütün bunların şəhəri cəlbedici etdiyini deyib və əlavə edib ki, Xarkov aeroportundan daha yeni-yeni reyslər açılacaq.
Xarkov şəhər şurasının infrastruktur departamentinin direktoru Sergey Dulfan qeyd edib ki, burada yaşayan azərbaycanlılar şəhərin inkişafı üçün çox işlər görüblər. Aviareysin açılması isə ölkələrimizi və şəhərlərimizi birləşdirən növbəti təqdirəlayiq addımdır. Bakı-Xarkov aviareysi diplomatik, iqtisadi, turizm və mədəni əlaqələrin inkişafına təkan verəcək.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Ukraynanın ilk paytaxtına Bakıdan birbaşa reysin açılması çox sevindirici bir hadisədir. O, Xarkovun bu gün inkişaf edən şəhər olduğunu deyib:
“İnsanlar müasir təyyarələrdə, ən əsası təhlükəsiz şəraitdə və uyğun qiymətə uçacaqlar. Bu aviareysin açılmasına dəstək olan hər kəsə təşəkkür edirik. “Buta Airways” aviaşirkəti müasir aviastruktura malik olduğunu artıq təsdiqləyib”.
R.Tağıyev hazırda Xarkovda 60-70 min azərbaycanlının yaşadığını deyib. Ukrayna ilə iqtisadi əlaqələrin inkişafının vacibliyinə də diqqət çəkən R.Tağıyev bildirib ki, burda diaspora da vacib rol oynayır:
“Azərbaycanlılar və ukraynalılar qarşılıqlı səfərlər edəcəklər və bu reys birmənalı olaraq regionlarımız arasında iqtisadi inkişafın səviyyəsinin artmasına imkan verəcək. Mən bu reysin açılmasına görə hər kəsə təşəkkür edirəm”.
Azərbaycan Hava Yollarının Ukraynadakı nümayəndəsi Yaşar Əmirov bildirib ki, bu reys Azərbaycan hökumətinin prioritet sahələrindən olan turizmin inkişafına və ölkəmizə turist axınının artmasına böyük kömək edəcək:
“Əminəm ki, yeni açılan aviareys ölkələrimiz və regionlarımız arasında turizm və iqtisadi əlaqələrini daha da yaxşılaşdıracaq.
Azərbaycandan Xarkova kifayət qədər çox turist axını var. Bu, turist axınını qarşı tərəfdən də gözləyirik. Mayın 16-da Odessaya açılacaq aviareyslə isə Ukrayna ilə Azərbaycan arasında hava sahəsində güclü əlaqələr formalaşacaq”.
Y.Əmirov qeyd edib ki, Bakı-Xarkov-Bakı aviareysindən yalnız Xarkovda yaşayanlar deyil, yaxınlıqda yerləşən digər şəhərlərdən insanlar da istifadə edəcək.
Qeyd edək ki, aviareyslər çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Bu istiqamətə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.
Aşağıbüdcəli aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 10 kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.
Ukraynaya yeni istiqamətlərin açılması iki ölkə arasında turist axınını daha da artıracaq. "Buta Airways" artıq Bakı və Kiyev arasında müntəzəm uçuşlar həyata keçirir.
P.S.