Bakıda növbəti “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda növbəti “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək

11:04 - 06 / 05 / 2019
Bakıda növbəti “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək

Oktyabrın 18-21-də Bakıda növbəti dəfə “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Bu barədə 1news.az-a məlumat verən festivalın təsisçisi Rəşid Ağamalıyev deyib ki, artıq film və ssenarilərin qəbulu başlayıb.

“Qürur hissi ilə bildirmək istərdim ki, keçən il biz bir ilkə imza atdıq. Sevimli şəhərimiz ilk dəfə beynəlxalq animasiya festivalına ev sahibliyi etdi. Biz bu gözəl ənənəni davam etdirmək və bu sahəni inkişaf etdirmək üçün səy göstəririk. Elə məhz buna görə də festivalın şüarını “Ənənə və inkişafa yeni baxış” kimi müəyyən etmişik. Həmçinin, bu il müraciətlər ən böyük festivallar platforması olan “FilmFreeway” vasitəsilə təqdim edilə bilər”, – deyən R. Ağamalıyev film və ssenarilər üzrə müsabiqə kateqoriyaları barədə də məlumat verdi:

Ən yaxşı qısametrajlı animasiya filmi (20 dəqiqəyə qədər)

Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi (20 dəqiqəyə qədər)

Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi (10 dəqiqəyə qədər)

Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari (mətni probeldaxil 6000 işarədən artıq olmamalıdır)

Onun sözlərinə görə, Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə Festivalın “Qızıl qayıq” mükafatının laureatı Məsud Pənahi beynəlxalq münsiflər heyətinə rəhbərlik edəcək.

Ağamalıyev onu da deyib ki, bu il, həmçinin, uşaqlardan ibarət münsiflər heyəti də təsis olunub. “Ən yaxşı uşaq animasiya filmi” müsabiqəsinin qalibini beş nəfərdən ibarət olan uşaq filmlərinin münsiflər heyəti müəyyən edəcək.

32 ölkədən 60 müraciət qəbul etdiklərini deyən R. Ağamalıyev, son müraciət tarixinin iyulun 31-də başa çatacağını söyləyib.

Festival haqqında daha ətraflı məlumatı www.animafilm.az saytından əldə etmək olar.

P.S.

 

 

Paylaş:
1147

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər