Bu gün Ümumdünya Metrologiya Günüdür
Bu gün Ümumdünya Metrologiya Günüdür.
1news.az-ın məlumatına görə, müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdır.
Bu günün tarixi 1875-ci ilin 20 mayından - Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalamaqla başlayıb.
Konvensiyaya uyğun olaraq Beynəlxalq Kəmiyyət Ölçüləri və Çəkiləri Bürosu (BKÖÇB) yaradılıb və ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb.
Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib və onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb. Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir.
Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, ən yeni elm həcmli texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. Dünya ticarətinin qloballaşdırılması, malların beynəlxalq səviyyəli birgə istehsalı, əhalinin sağlamlığı və təhlükəsizliyi naminə artan qayğı, ətraf mühit problemləri - bütün bunlar müasir mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi tələblərini beynəlxalq səviyyədə daha da gücləndirir.
Qeyd edək ki, müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi bu gün Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir. Çünki yalnız ölçmələrin düzgün nəticələri məhsulun keyfiyyətinə və təhlükəsizliyinə, tibbi diaqnostikanın səmərəliliyinə təminat verir, ədalətli ticarətə və ətraf mühitin təmizliyinə imkan yaradır.
Ümummilli lider Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq olunmuş Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirmiş və metrologiyanın inkişafına ciddi təkan olub.
Hazırda ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənib. Bütün bunlar isə metroloji təminatın inkişafından xəbər verir.
1news.az