Millət vəkili: Bəzən saytlarda, sosial şəbəkələrdə məktəblərlə bağlı paylaşımlar elə təəssürat yaradır ki...

İl ərzində Mətbuat Şurasına 700-ə yaxın yazılı şikayət daxil olur. Bunların 30 faizə qədəri məktəblərdən, müəllimlərdən, direktorlardan daxil olur.
1news.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Təhsil Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi təlimdə çıxışı zamanı deyib. O bildirib ki, şikayətlər əsasən müxtəlif saytlarda onlar haqqında qərəzli və düzgün olmayan informasiyaların yayılması ilə bağlı olur.
“Bəzi məqamlarda jurnalistlərin yazdıqları həqiqət olur. Lakin əksər hallarda şikayət verən tərəf daha haqlı olur və o zaman da biz tövsiyələrimizi veririk. Bəzən saytlarda, sosial şəbəkələrdə məktəblərlə bağlı paylaşımlar elə təəssürat yaradır ki, sanki Azərbaycanda müəllimlər savadsızdır, tanış olmasa, pul verilməsə müəllim qiymət yazmayacaq və məktəblərdə rüşvət tüğyan edir. Bu cür saytların sayı təəssüf ki, çoxdur”.
Ə.Amaşov qeyd edib ki, məktəbin əsas missiyası təhsil vermək olmalıdır: “Valideynlər tərbiyə ilə bağlı missiyalarını məktəbdən gözləyirlər. Amma unudurlar ki, tərbiyə ailəyə xas olan xüsusiyyətdir, tərbiyəni valideyn verir”.
P.Sultanova