Nicat Məmmədli: Azərbaycanda ikili diplom proqramlarının təsis edilməsi işlərinə başlanılıb

Azərbaycanda ikili diplom proqramlarının təsis edilməsi ilə bağlı işlərə başlanılıb.
1news.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər mövzusunda keçirilən təqdimat zamanı deyib.
Onun sözlərinə görə, ikili diplom proqramlarının təsis edilməsi ilə tələbələr Azərbaycanda dünya standartlarına uyğun təhsil ala biləcəklər və onların təhsil haqqı dövlət hesabına başa gələcək.
Şöbə müdiri bildirib ki, xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulub.
“Dövlət Proqramı çərçivəsində hazırlanmış normativ-hüquqi aktlar Nazirlər Kabinetinə təqdim edilib”- deyə, N.Rəhimov əlavə edib.
Şöbə müdiri mətbuatda Türkiyə Yüksək Öyrətim Qurumunun Azərbaycan Mühəndislik, Odlar Yurdu və Gəncə Texnologiya universitetlərinin diplomlarının tanınmamasına dair qərar verməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“Türkiyə tərəfindən hansısa universitetin diplomunun tanınmamasına dair bizdə hər hansı məlumat yoxdur. Rəsmi müraciət daxil olacağı halda araşdırma ilə məşğul olacağıq və anlaşılmazlığın aradan qaldırılması üçün əlimizdən gələni edəcəyik”- deyə, şöbə müdiri vurğulayıb.
Qeyd edək ki, mətbuatda Türkiyə Yüksək Öyrətim Qurumunun Azərbaycan Mühəndislik, Odlar Yurdu və Gəncə Texnologiya universitetlərinin diplomlarının tanınmamasına dair qərar verməsi ilə bağlı məlumat yayılıb. Bu qərar FETO olayı ilə əlaqələndirilib.
P.Sultanova