Eldar Sabiroğlu oğlundan imtina etdi – MƏKTUB

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib və bu barədə ona məktub yazıb.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, məktubu Rüfət Səfərov özünün "Facebook" səhifəsində paylaşıb.
E.Sabiroğlunun oğlu Rüfətə yazdığı məktubda artıq onun atası olmadığını bildirib və cənazəsinə gəlməməyi vəsiyyət edib:
“Rüfət, heç istəməzdim belə olsun. Ancaq bu da mənim taleyimdir. Barışmaqdan özgə çarəm yoxdur. Allahın verdiyi ömür nə zaman dayanacaq, bir söz deyə bilmərəm, Yaradanın əlindədir. Bu qısa məktubumu vəsiyyət kimi də qəbul edə bilərsən. Artıq ata-oğul arasında elə bir yenilməz divar hördün ki, mən bu divarı aşıb səninlə duyğularımı, sevincimi söndürdüm. Mən indi özümü arxasız və güvənsiz insan kimi hiss edirəm. Yenə də sənə xoşbəxt həyat arzulayıram. Öldüyümdə mənim cənazəmə girməyini ruhum qəbul etməyəcək. Artıq bu saatdan sənin atan deyiləm. Məzarım üstə gəlməyini də istəmirəm. Halal olmaz! O dünyamı rahat buraxarsan. Allah səni xətadan-bəladan hifz etsin!!!
Sənin keçmiş atan
17 iyun 2019, saat 3:20”.
Qeyd edək ki, Rüfət Eldar oğlu Səfərov Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi olub. O, rüşvət almaqda təqsirləndirilərək, 9 il müddətinə azadlıqdan məhrum edilib. Bu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.
S.Xankişiyeva