Xalqın tanımadıqları xalqın adından danışarsa… | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalqın tanımadıqları xalqın adından danışarsa…

12:45 - 08 / 09 / 2019
Xalqın tanımadıqları xalqın adından danışarsa…

Adamlar əməlli-başlı reallıq hissini itiriblər.

Özləri üçün bir virtual ortam qurublar, özləri deyib özləri eşidirlər. İkidə bir də çıxıb xalqı ittiham edirlər ki, niyə bizi eşitmir, dinləmirsiniz? Xalq da çaşıb qalır ki, ümumiyyətlə bunlar kimdir və niyə onları dinləməlidir? Çünki ölkədəki gerçəklər başqa, bunların virtual trol ordusuyla təbliğ etmək istədikləri tamam fərqlidir.

Yenə də reallıq hissindən uzaq fikirlərlə diqqətimizi cəlb etdi bu adamlar. Siyasi partiya sədrindən daha çox virtual blogger kimi fəaliyyət göstərən Əli Kərimlinin elə özü kimi virtual müavini Nurəddin Məmmədli bu dəfə gündəmə “damğa” vurub. Adam iddia edir ki, “vəziyyət çox ağırdır və hər gün ağırlaşmaqda davam edir”. Əgər adam bu sözü özünə, çevrəsinə aid etsəydi, işimiz olmazdı. Lakin deyir ki, bəs, xalqın vəziyyəti günü-gündən ağırlaşır, bəs “artıq hakimiyyətdəkilər də bunun fərqindədirlər və ölkəni fəlakətə sürükləyənlərlə bir sırada olmaq istəmirlər”miş…

Açığı, bu adamların özlərini nəyəsə inandırdığını bilirəm, lakin bu qədərini ağlıma gətirməzdim. Bunlar doğrudan da virtual aləmə o qədər aludə olublar ki, ölkədə baş verənlərin fərqində belə deyillər. Halbuki dövlətin məhz vətəndaşın rifah halının yüksəldilməsi üçün atdığı sistemli addımlar göz önündədir. Minimum əməkhaqqı yarım il ərzində az qala iki dəfə artırılıb. Kənd təsərrüfatının təşviq edilməsi, biznes üçün bürokratiyanın asanlaşdırılması, yolların çəkilməsi, təmiri, metro üçün vaqonların alınması, subsidiyaların verilməsi, sosial yardımların ünvanına dəqiq çatdırılması və s. kimi onlarla, yüzlərlə amili qeyd edə bilərik ki, bunların hamısı vəziyyətin ağırlaşmasından deyil, əksinə, getdikcə daha da ASANlaşmasından xəbər verir…

Nurəddin Məmmədlinin o virtual uydurmasını oxuyarkən və bu sətirləri yazarkən şəxsən mən virtual deyil, gerçək xalqın içindəyəm. Hazırda Dədəli kəndində (Xaçmaz) sadə insanlarla gündəlik təmas halındayam. Adamların qayğısı, Nurəddin Məmmədlinin diqqətinə çatdırım ki, çalışıb yetişdirdikləri bol məhsulu toplamaqdır. Bura bir fındıq bölgəsidir və bu günə kimi fındıq yığan, onu tədarük edən insanlar heç başlarını qaldırıb internetə də baxmağa vaxt tapmır. Hələ onu da deyim ki, kənddə işlətmək üçün adam tapmaq mümkün deyil. Hər kəs öz təsərrüfatında, bağ-bağçasıyla, mal-heyvanıyla məşğuldur. Yəni xalq başını aşağı salıb gündəlik həyatını yaşayır və bu Nurəddin Məmmədli adlı adamın varlığından belə xəbəri yoxdur. Xalqın tanıdığı tək lider Prezident İlham Əliyev, qəbul etdiyi siyasi komanda da onun komandasıdır.

Yeri gəlmişkən, burda bir neçə nəfər arasında sorğu da keçirdim ki, Siyavuş Novruzovu tanıyırsınızmı? Bəs Nurəddin Məmmədlini? 100 faizli nəticə ilə ikinci uduzmuş oldu. Sadəcə sualıma sual verdilər ki, Nurəddin Məmmədli kimdir? Halbuki Siyavuş Novruzov deyən kimi dərhal cavab verdilər ki, əlbəttə tanıyırıq. İndi adi bir kənddə heç kimin tanımadığı bir Nurəddin Məmmədli çıxıb iddia edir ki, “vəziyyət ağırdır”. Adam, siz hələ bir real xalqla təmas qurun, özünüzü ona tanıtdırın, fikir mübadiləsi edin, sonra iddialarınızı irəli sürərsiniz də…

Qeyd etdik, bunlar doğrudan da reallıq hissindən tam məhrumdurlar. Elə olmasaydı söykənməli olduqları xalqı qoyub xaricdə şübhəli mərkəzlərə nökərçilik edən iaşə (zibillik) müxalifətinin – söyüş çetesinin ümidinə qalmazdılar. Bunlarda reallıq hissi olsaydı 30 ilə yaxın bir müddətdə tutuquşu kimi eyni mənasız və boş iddialarla insanlara xitab etməzdilər. Özü də reallıq hissini o qədər itiriblər ki, hələ də anlamırlar ki, xalqın böyük əksəriyyəti nəinki bunların ardınca getmir, ümumiyyətlə onların varlığını belə unudub. Sosial mediada virtual trol ordusu yaratmaqla deyil ki. Sonucda qərar verən, seçim edən yenə də real insanlar – xalqdır və onların da sizdən ümumiyyətlə xəbəri yoxdur. Ona görə də ayılın, oyanın, özünüzə gəlin ki, bəlkə siz də hər gün yenilənən Azərbaycana baxıb fəxr edə, ondan faydalana biləsiniz…

Hə, bir də siz heç, virtual uydurmalarınızı gerçək sanıb aldanan üç-beş gəncə yazıq olur. Aldatmayın onları. Buraxın, özləri ətrafa sizin virtual gözlərinizlə deyil, gerçək gözlərilə baxsınlar. Əks təqdirdə onların da ömrü sizin kimi hədəfsiz, sonucsuz “siyasi mübarizə”də hədər olacaq…

Azər HƏSRƏT

Paylaş:
721

Son xəbərlər

Bütün xəbərlər