Aydın Quliyev: Çap mediasının cəmiyyətin informasiya tələbatını ödəməkdə özünəməxsus xüsusiyyətləri var | 1news.az | Xəbərlər
Siyasət

Aydın Quliyev: Çap mediasının cəmiyyətin informasiya tələbatını ödəməkdə özünəməxsus xüsusiyyətləri var

14:00 - 09 / 09 / 2019
Aydın Quliyev: Çap mediasının cəmiyyətin informasiya tələbatını ödəməkdə özünəməxsus xüsusiyyətləri var

Bu günlərdə Azərbaycan mediasında öz dəsti-xətti ilə seçilən "Bakı Xəbər" qəzetinin 16 yaşı tamam olub. "Bakı -Xəbər" qəzeti 2003-cü il sentyabrın 4-də ilk nüsxəsi ilə oxucuların görüşünə gəlib.

Qəzetin baş redaktoru Aydın Quliyev 1news.az-a verdiyi müsahibədə “Bakı-Xəbər”in yaranma tarixindən, bu günü və gələcəyi barədə fikirlərini bölüşüb.

-Aydın müəllim, “Bakı Xəbər” qəzetini təsis etmək ideyası necə yarandı? 

- Elə bir dövr idi ki, bizim kollektivin özünün yeni bir qəzet təsis etməsinə ehtiyac yaranmışdı. Çünki kollektivin qəzetçilik sahəsində böyük təcrübəsi olmasına baxmayaraq, fəaliyyətində müvəqqəti bir fasilə yaranmışdı. O zaman biz birlikdə müzakirə edərək belə qərara gəldik ki, yeni qəzet təsis etmək lazımdır. Çünki yeni qəzetin təsisatı bu kollektivin illərdən bəri topladığı təcrübənin davam etdirilməsi üçün ən layiqli cavab olardı. Bir halda ki, təcrübə var, kollektiv var, Azərbaycanın media ailəsində belə bir kursla fəaliyyət göstərən qəzetə ehtiyac var, onda nədən yeni qəzet yaranmasın. Açığını deyim ki, qəzeti təsis edəndə çoxları buna risklə yanaşırdılar, qəzet bolluğu şəraitində “Bakı Xəbər”in populyarlıq qazanıb- qazanmayacağı sualı ətrafında şübhələr var idi. Amma biz bütün kollektiv olaraq buna inandıq, sonda da sübut etdik ki, inamımızda haqlı imişik.

Doğrudur, qəzet bazarında bolluq idi, amma indiki kimi çap mediasının çoxlu sayda alternativləri yox idi. Məsələn, saytlar indiki kimi inkişaf etməmişdi, televiziyalar, o cümlədən internet televiziyaları çox deyildi. Yəni, KİV-in növləri baxımından o qədər də zənginlik yox idi. Belə fürsətdən istifadə edərək “Bakı-Xəbər” qəzetinin media ailəsində yerini tutmasına nail ola bildik. Sübut edə bildik ki, bütün kollektiv əgər hansısa hədəfə inanırsa, hamılıqla istənilən nəticəni əldə etmək o qədər də çətin olmaz.

-Bəs, qəzetin adının seçilməsi kimin ideyası oldu?

-Açığını deyim ki, bu, mənim qərarımdır. Çünki ad seçimi ilə bağlı xüsusi düşündüm. Bir halda ki, çoxları yeni qəzetin uğur qaznacağına şübhə edirdilər, - o zaman bazara daxil olmaq riskli bir məsələ idi-, mən başa düşdüm və doğru olaraq dəyərləndirdim ki, qəzetin media bazarına uğurla daxil olmasının həlledici şərtlərindən biri onun adı ilə bağlıdır. Bunun adı orijinal olmalıdır, hətta fəaliyyət göstərmədiyi dövrdə adının hallanması belə onun ətrafında ictimai diqqət, maraq yaratmalıdır. Yəni, ilk olaraq adı cəlbedici olmalıdır. Konkret prinsip bundan ibarət oldu. Mən müəyyən qədər dünya təcrübəsinə də müraciət etdim. Çoxsaylı nümunələrin icərisindən müqayisələr, analizlər, hibridləşdirmə, yəni müxtəlif adların birləşdirilməsi nəticəsində belə bir adın üzərində dayana bildik. Təvazökarlıqdan uzaq olsa da, bu, mənim ideyamdır. Hadisələr də göstərdi ki, biz yanılmadıq, ad doğru seçilib. Adın özü artıq oxuculara çox şey deyirdi. Buna görə də bu ad özünü doğruldur.

Deyim ki, “Bakı Xəbər” qəzeti yaranana qədər Azərbaycanda qəzetlərə ad qoyulması baxımından bu cür nominalların seçilməsi bir ənənə deyildi. Bu, tamamilə yeni bir nümunə idi. Müxtəlif mənəvi kateqoriyalar, müxtəlif  sırf siyasi kateqoriyalar qəzet adları olaraq seçilirdi. Amma bizdə bir qədər fərqli oldu və sonradan da “Bakı Xəbər” o qədər cəlbedici bir ad kimi səsləndi ki, hətta bu adın bazası üzərində yeni-yeni qəzetlər yarandı. Məsələn, “Gündəlik Bakı”, “Gündəm xəbər” və s. nümunələr göstərmək olar. Yəni “Bakı Xəbər” adı üzərində onun imitasiyası formasında yeni-yeni qəzet adları meydana gəldi və sizə deyim ki, heç onlar da az olmayan uğurlar qazandılar.

-Sizin də qeyd etdiyiniz kimi, “Bakı Xəbər”in yarandığı 2003-cü il Azərbaycanda qəzet bolluğu idi. Bu gün isə onlayn medianın sayı daha çoxdur və həm də populyardır. Belə bir məqamda tez-tez vurğulanır ki, çap mediası öz yerin itirir. Siz ölkədə çap mediasının yerini necə görürsünüz? Ənənəvi mediaya maraq nə dərəcədədir?

-Belə fikirlər həqiqətən var ki, yeni KİV növlərinin yaranması ilə əlaqədar olaraq çap mediasına, yəni qəzetlərə maraq getdikcə zəifləyir. Qəzetlərin bir gün tamamilə sıradan çıxacağı ilə bağlı proqnozlar verənlər də var. Doğrudur, qəzetlərə informasiya mənbəyi olaraq ictimaiyyətin marağı əvvəlki dövrlə müqayisədə bir qədər zəifdir. Amma, informasiya mənbəyi olaraq qəzetlərə marağın zəifləməsi heç də onların gündəmdən çıxması nəticəsinə gəlməyə əsas vermir. Bu, ilk növbədə alternativ informasiya mənbələrinin, informasiya vasitələrinin yaranması ilə bağlıdır. Digər tərəfdən, informasiya bazarında yeni növ media orqanlarının yaradılması əvvəlkilərin sıradan çıxmasına əsas vermir. Bu gün bilirsiniz ki, çap medianın fəaliyyət göstərməsi kollektivlərin fədakarlığı, oxucuların dəstəyi ilə yanaşı, həm də həlledici bir faktor olaraq dövlətin dəstəyi ilə bağlıdır. Dövlətin dəstəyi davam edəcəksə, çap medianın da fəaliyyətini davam etdirəcəyinə heç bir şübhə yoxdur. Amma əgər günlərin bir günündə hansısa səbəbdən dövlətin dəstəyi çap mediasına dayanarsa, onda məsələnin əsil mahiyyəti məlum olacaq: çap media özünü qoruyub saxlaya bilər, yoxsa yox. Bunun cavabının bu gün açığını demək lazımdır ki, kimsə tərəfindən doğru-düzgün veriləcəyinə inanmıram. Və mən əminəm ki, çap mediasına dövlətin dəstəyi dayanarsa, onda çap mediasının böyük bir hissəsi sıradan çıxsa da, özünü qoruyub saxlayan media orqanları ola bilər. Çünki çap mediasının bu gün informasiya baxımından cəmiyyətin tələbatını ödəməkdə özünəməxsus xüsusiyyətləri var.

İlk növbədə, ənənəvi media gündəlik tarixi səlnamənin yazılmasında, ədəbi dilimizin qorunmasında, jurnalistikanın qayda-qanunlarının qorunub saxlanılmasında, yeni jurnalist nəslinin yetişməsində, onların formalaşmasında böyük rol oynayır. Nəzərə alsaq ki, bütün bunların hamısı çox əhəmiyyətli məsələlərdir, onda çap mediasının hələ bundan sonra da yaşamasına mənə elə gəlir ki, ehtiyac var. Çap mediasının bu gün informasiyanın operativliyi məsələsində digər KİV-ləri qabaqlamaq imkanı olmasa da, analitik informasiyalar baxımından daha geniş imkanları var və hesab edirəm ki, bu imkanlar hələ ənənəvi medianı uzun illər yaşadacaq.

-“Bakı Xəbər”lə bağlı yaxın gələcək üçün hansı planlarınız var?

-Sözsüz ki, planlarımız var. Çünki sabah üçün, yaxın gələcək üçün qəzeti necə görməklə bağlı əlimizdə düsturlar olmasa, aydın məsələdir ki, gələcəyə gedə bilmərik. Deyim ki, “Bakı Xəbər” yarandığı gündən dinamik bir yol keçib. Əvvəl sırf qəzet formasında yaranıb, uzun illər qəzet kimi fəaliyyət göstərib, son illərdə isə biz onun elektron versiyasını yaratmışıq, sosial şəbəkələrdə, o cümlədən Facebook, İnstagram, Tvitter-də youtube-də səhifələri var. Hazırda isə “Bakı-Xəbər” in internet televizyasını yaratmaq üzərində iş görürük. Bu istiqamətdə lazım olan işin böyük bir hissəsini görmüşük. Və “Bakı Xəbər” internet TV-nin ilk günlər olmasa da, fəaliyyətindən qısa müddət sonra canlı yayına çevirməyi düşünürük. Artıq studiyamız qurulur. Maliyyə baxımından çox tutumlu bir işdir, amma buna baxmayaraq biz artıq işin böyük bir hissəsini görmüşük. Ən yaxın dövr üçün hədəfimiz “Bakı-Xəbər” in çap, sayt versiyası ilə bərabər, həm də TV-ni işə salmaqdır.

-2003-cü ildən bu yana ümumi medianın inkişafına nəzər salanda, sizcə 16 ildə dəyişən nə olub?

-Bu illər ərzində bəzi infiormasiya orqanları öz mövqelərini tərk ediblər, bir sıra yeni KİV-lər yaranıb. Bütün bunlar o deməkdir ki, əvvəla, 2003-cü ildən bu yana media orqanlarının arasında bir normal rəqabət mühüti formalaşıb. Bu şəraitdə media orqanları uzun müddət duruş gətimək üçün rəqabətədavamlı keyfiyyətlərin, qabiliyyətlərin əldə edilməsini özlərinin əsas fəaliyyət hədəflərindən birinə çeviriblər. Yəni, bu gün bütün media orqanları başa düşür ki, çox ciddi bir rəqbət şəraiti var və həmin şəraitdə özünü qoruyub saxlamaq üçün gərək hər kəs rəqabətədavamlı xüsusiyyətlər kəşf edə bilsin. Digər tərəfdən, media orqanıarının, jurnalistlərin peşəkarlığı artıb, media orqanlarında stabil kollektivlər formalaşıb. Məsələn, əvvəllər jurnalistlər müxtəlif media orqanları arasında tez-tez yerlərini dəyişirdilər. Bu gün isə fərqi yoxdur, istər qəzetlərdə, istər agentliklərdə, TV-də stabil kollektivləri görə bilirik. Belə kollektivlərin olması çox vacib məsələdir. Birinci növbədə bu, hər bir jurnalistlə, hər bir kollektivlə onun mənsub olduğu media orqanı arasında təəsübkeşlik hisslərinin olmasında böyük rol oynayır. Əvvəllər jurnalistlər tez-tez yer dəyişdikləri üçün jurnalistlərdə hər hansı bir media orqanı ilə bağlı təəsübkeşlik hissinin formalaşmasından söhbət gedə bilməzdi. Amma bu gün inamıram ki, “1news.az”da, başqa qəzet və agentliklərdə işləyən jurnalistlər məhz o işlədikləri yerin təəsübünü çəkən böyük kollektivlərə çevriliblər. Həmin orqanı inkişaf etdirməyi özünün borcu hesab edən jurnalistlər formalaşıb. Bütün media kollektivlərinin demək olar ki, hamısı özlərinin işlədikləri KİV-rə bağlı olan təəsübkeş kollektivlətə çevriliblər. Bu, bizim mediamızın inkişafında əldə etdiyimiz ən böyük nəticələrdən biridir.

- Adətən qəzetlərin sadiq oxucuları olur. Onlar hər gün öz sevimli qəzetlərini izləyir, arzu və istəklərini, hətta iradlarını bildirlər. Bu illər ərzində “Bakı Xəbər”in sadiq oxucu kütləsi formalaşıbmı və onların arzu, istəkləri nəzərə alınır?

-Çox gözəl sualdır. Xüsusilə də “Bakı Xəbər” qəzetinin ətrafında yarandığı gündən indiyə qədər dəyişməyən, azalmayan bir təəsübkeş oxucu kütləsinin olduğunu mən çox gözəl bilirəm. Həmin oxucu kütləsi ilə biz mütamadi əlaqə saxlayırıq, onlar bizimlə əlaqə saxlayır, qəzeti gündəlik izləyirlər, yazıların məzmunundan başlamış, ədəbi-bədii, publisist keyfiyyətlərinə, siyasi analizlərin dərinliyinə, hətta cümlə qurluşuna, hərf səhflərinə qədər hər şeylə bağlı bizimlə fikir mübadiləsi aparacaq qədər aramızda səmimi münasibət var. Bizim oxucularımız bütün Azərbaycanda var. Olur ki, hərdən xüsusilə Bakıda yaşayan sadiq oxucularımızla görüşürük, bir çay süfrəsi ətrafında söhbət edib, qəzetin bu günü, sabahı ilə bağlı xatirələrimizi, planlarımızı bölüşürük. Bir sözlə, o sadiq oxucu kütləsinə bu gün “Bakı Xəbər”inyaşamasını təmin edən, onun perspektivini müəyyən edən mənbələrdən və faktorlardan biri kimi baxıram.

1news.az

 

Paylaş:
1255

Son xəbərlər

Bütün xəbərlər