Ərdoğanın nüvə silahı açıqlaması təsadüfən ortaya çıxmadı - Cavid Vəliyev yazır

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, “Bəzilərinin əlində nüvə silahları var... Amma mənim əlimdə nüvə silahı olmasın! Mən bunu qəbul etmirəm” sözləri Türkiyə və dünya mətbuatında bir neçə cəhətdən müzakirə mövzusu oldu.
Əvvəla, bu açıqlama Türkiyə Prezidenti və ya Türkiyənin hər hansı yüksək vəzifəli bir şəxsinin mövzu ilə əlaqədar verdiyi ilk birbaşa açıqlama oldu. İkincisi, bu açıqlama eyni zamanda Türkiyənin ənənəvi “nüvə silahların yayılmasına qarşı” siyasətindən imtina etdiyinə işarə etməsi olaraq başa düşüldü. Üçüncüsü, Prezident Ərdoğanın son açıqlaması Türkiyənin xarici və təhlükəsizlik siyasətində yaşanan hadisələrlə birgə nəzərə alındığı zaman böyük marağa səbəb oldu.
Ümumiyyətlə, Prezident Ərdoğanın açıqlamasına qədər uzun illərdir Türkiyə daxilində ölkənin nüvə silahına sahip olub-olmaması məsələsi müzakirə olunur. Türkiyə təhlükəsizlik siyasəti ilə yaxından maraqlananlar bu məsələdə iki ayrı mövqe sərgiləyir. Bəzilərinə görə, Türkiyənin nüvə sahəsində qoruyucu çətiri NATO üzvü olaraq ABŞ-dır. Keçmişdə Türkiyənin öz imkanları ilə nüvə silahına sahib olması məsələsi dövlət içində dəfələrlə müzakirə olunmuş və hər dəfə də Türkiyə üçün NATO çərçivəsində ABŞ nüvə qoruma sisteminin yetərli olduğu və Nüvə Silahların Yayılmasının Önlənməsi Sazişindən (NPT) çıxmaması qərarlaşdırılmışdı. Soyuq Müharibə dövründə 1962-ci Kuba böhranından sonra ABŞ Türkiyəyə Sovet təhdidinə qarşı İncirlik bazasında qırıcı təyyarələrdən atılan növdə 90 ədəd nüvə silahı yerləşdirmişdi. Lakin bu başlıqlardan 40-ı sonradan İncirlik Hava Bazasından çıxardılaraq Ruminıyaya yerləşdirildi. Türkiyədə sadəcə 50 nüvə başlığı qaldı ki, vaxtaşırı onların da Türkiyədən çıxardılacağı gündəliyə gəlir. Ayrıca İncirlik bazasında olan bu nüvə silahlar yalnız ABŞ-ın razılı ilə istifadə oluna bilər.
Lakin son dövrlərdə Türk silahlı qüvvələrində Türkiyənin təhlükəsizlik və xarici siyasətində müstəqil hərəkət etməsini müdafiə edənlərin rolunun artması bu cəhətdən vəziyyəti dəyişdirib. Bunun iki səbəbi vardır. Birincisi, Türkiyənin ənənəvi Qərb müttəfiqləri ilə regionda və dünyada maraqlarının üst-üstə düşməməsidir. Xüsusən, Şərqi Aralıq Dənizi, Kipr, Suriya, İraq, İran və Yaxın Şərqdə cərəyan edən digər geosiyasi məsələlərdə tərəflərin ayrışan maraqları var və Türkiyə öz maraqlarını güclü şəkildə qoruya bilmək üçün nüvə silahına sahib olmalıdır. Təsadüfü deyildir ki, sırf bu üzdən Türkiyə xarici və təhlükəsizlik siyasətində Rusiya, Çin və İranla regional məsələlərdə əməkdaşlıq etməyi müdafiə edənlərin rolu artıb.
İkincisi, Türkiyənin xarici və təhlükəsizlik siyasətində müstəqil hərəkət etməyini müdafi edənlərə görə, qlobal və regional bir çox məsələlərdə Türkiyənin siyasəti Rusiya, İran və Çinlə də tam olaraq üst-üstə düşmür, Türkiyənin Qərbdən və Şərqdən müstəqil maraqları var. Onlara görə, Ankara hər sahədə güclü, nüfuzlu, regional və qlobal güc olmalıdır və bu gücə əsaslanaraq, balans siyasətini nəzərə alaraq daha müstəqil hərəkət etməlidir. Bu çərçivədə Türkiyənin tək qütblü dünya sistemindən çox qütblü dünya sisteminə keçərkən öz müstəqilliyini qoruya bilmək üçün NATO-nun və Qərbin təsir gücünün azaldığını nəzərə alaraq, belə bir silaha ehtiyacı olduğunu düşünürlər.
Türkiyənin nüvə silahının olmasını müdafiə edənlərə görə, Türkiyə nüvə silahına sahib olmadan regional güc ola bilməz. Məsələn, qeyri-rəsmi olaraq İsrailin nüvə silaha sahib olması onun diplomatik müzakirələrdə və hərbi mübarizədə gücünü ikiqat artırır. Digər tərəfdən, İranın nüvə silahına sahib olma ehtimalı var. Bu səbəbdən Türkiyə regional güc olmaq üçün nüvə silahına sahib olmalıdır.
Türkiyənin içində yer aldığı region və ümumiyyətlə dünya təhlükəsizlik və konfliktlər baxımından qeyri-müəyyən bir dövrə girir. Türkiyə ətrafında Yaxın Şərqdə, İran ətrafında, Şərqi Aralıq Dənizində, Ukraynada yaşanan müharibələr Türkiyə təhlükəsizliyi üçün ciddi təhlükələr yaradır. Türkiyənin təhlükəsizliyini və ərazi bütövlüyünü hədəf alan PKK, YPGPYD. DAİŞ kimi terror təşkilatları Türkiyəyə zərər vermək üçün ciddi silahlanır və hətta zaman-zaman bu terror təşkilatları atom bombası ələ keçirməyə çalışır. Buna qarşılıq Türkiyə təhlükəsizliyini qorumaq üçün ənənəvi Qərb müttəfiqlərindən Patriot və F-35 nümunəsində olduğu kimi lazımı silahları təmin etməkdə çətinlik çəkir. Bu mənada regionda və dünyada yaşanan konfliktlərin daha geniş çapda bir müharibəyə çevrilməsi halında nüvə silahı, Türkiyəyə olacaq hücumlara qarşı çəkindirici (deterrence) rol oynayacaqdır.
Lakin Türkiyə 28 Yanvar 1969-cu ildə BMT-nin NPT imzalamış və 17 Aprel 1980 tarixində isə təsdiqləmişdi. Türkiyə razılaşmaya tərəf olaraq nüvə silahına sahib olmayacağı öhdəliyini götürmüş, bunun qarşılığında nüvə enerjisini sülh məqsədlərlə istifadə baxımından bəzi üstünlüklər əldə etmişdi. O tarixlərdən etibarən nüvə enerjisinin sülh istifadəsi mövzusuna maraq göstərən Türkiyə, bu gün Akkuyuda Rusiya ilə əməkdaşlıq çərçivəsində nüvə stansiya inşaetmə mərhələsinə çatdı. Türkiyə, bu addımları atarkən nüvə texnologiyasını sülh məqsədlər xaricində istifadə etməyəcəyini açıqladı. Bunun yanında NPT müqaviləsinə əsasən, Türkiyənin nüvə fəaliyyətlərinə Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən nəzarət olunur. Bu səbəbdən Türkiyə öz imkanları ilə nüvə silahı istehsal etmək üçün NPT-dən çıxmalıdır. Sazişə əsasən, NPT-ni imzalayan ölkələr dəyişən təhlükəsizlik şəraitini əsas gətirərək müqavilədən çıxmaq istədiklərini 3 ay əvvəl BMT-yə bildirməlidirlər.
Nüvə başlıqları isə başqasından alınmaz, hər ölkənin öz daxili imkanları ilə istehsal olunur. Türkiyənin nüvə silaha sahibi olması üçün bunu istehsal edəcək texnologiyaya, infrastruktura və yetişmiş kadrlara sahib olması lazım olacaqdır. Lakin hal-hazırda Türkiyə ciddi bir nüvə sənayesinə, mütəxəssislərə sahib deyildir və uranı zənginləşdirmə qabiliyyəti, plutoniumu emal etmək üçün nüvə reaktoru yoxdur. Rusiya Türkiyədə Akkuyu nüvə güc stansiyasını inşa edir, amma nüvə silahı istehsal edə biləcək hazır yanacağı gətirib, istifadə etdikdən sonra da geri alacaqdır. Digər tərəfdən, Türkiyə qısa və uzun mənzilli raketlər istehsal etməlidir ki, bunun üçün imkanlara sahib deyildir. Qısaca, Prezident Ərdoğanın son açıqlaması Türkiyə və dünya mətbuatında Türkiyənin nüvə silahlarına sahib ölkələr klubuna üzv olma niyyəti kimi başa düşüldü. Bunun üçün Türkiyənin hələ ki, imkan və qabiliyyəti yetərsizdir. Lakin Prezident Ərdoğanın bu açıqlaması bir siyasi niyyətin elandır və bu, Türkiyə daxilində nüvə silahına sahib olmaq üçün daha ciddi müzakirələrin başlamasına səbəb olacaqdır.
Cavid Vəliyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdürü