Güləş, boks və cüdo: Olimpiada qabağı həyəcan – BİRİNCİ YAZI
2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına bir ildən də az vaxt qalır.
Bütün idman növlərində lisenziyalar yavaş-yavaş öz sahiblərini tapır. Təbii ki, azərbaycanlı idmansevərlərin diqqəti öz idmançılarımızdadır.
1996-cı ildən müstəqil dövlət kimi Olimpiya oyunlarında iştirak etməyə başlayan Azərbaycan sayca 7-ci Yay Olimpiya Oyunlarına hazırlaşır. Əsas diqqətimiz bir neçə idman növünə yönəlib. Onların arasında güləş, boks və cüdo xüsusi yer tutur. O da anlaşılandır. Olimpiadalarda qazanılan 43 medalın 34-dü məhz bu üç idman növünün payına düşür. Güləş təbii ki, 22 medalla öndədir.
Amma bu üç idman növündə Tokio-2020-yə bir il qalmış vəziyyət heç də ürəkaçan deyil. Son bir ay ərzində güləş, boks və cüdo üzrə dünya çempionatları keçirildi. Nəticələr isə bizi xeyli düşünməyə vadar etdi.
Boks
Ən acınacaqlı vəziyyət məhz boksdadır. Təəssüf ki, dünya çempionatına yollanan 8 boksçumuzdan heç biri medal qazana bilmədi. Hələ dünya çempionatından qabaq yazmışdıq ki, boksda ciddi maliyyə problemləri mövcuddur. Federasiyanın boksçulara 10 aylıq əmək haqqı borcu var. Halbuki federasiya bunu təkzib edib. Amma Rusiyanın Yekaterinburq şəhərində yaşanan uğursuzluq onu deməyə əsas verir ki, problemlər var.
1news-a danışan boksçular qeyd edirdilər ki, yığma normal hazırlıq keçə bilməyib. Qəribədir, yığmamızın baş məşqçisi Nəriman Abdullayev əksinə, dünya çempionatından qabaq “yaxşı hazırlıq keçmişik və boksçular hazırdır” söyləmişdi. Kaş ki, belə olardı. Amma olmadı. Nəticələr hər şeyı açıq-aşkar göstərdi. Sonuncu dəfə yığmamız 10 il əvvəl dünya çempionatından medalsız qayıtmışdı.
İkinci məsələ, ölkənin bir nömrəli komandasında lider boksçu demək olar ki, qalmayıb. Əksəriyyət Avropada maksimum ortabab statusu daşıya bilər. Milliləşmiş kubalı Lorenzo Sotomayor yığmamızın liderlərindən biridisə, vay o yığmanın halına. Üçqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov isə artıq peşəkarlar arasında yarışır. Titullu, tərcübəli və son illər nəticə göstərən boksçulardan komandada ancaq Kamran Şahsuvarlı qalıb. Amma o da Minsk şəhərində keçirilmiş Avropa oyunlarında uğursuz çıxış edib, dünya çempionatına isə zədəli olduğu üçün yollanmayıb.
Gələn il komandamızı lisenziya xarakterli turnirlər gözləyir. Məsələ orasındadır ki, dünya boksunda hökm sürən böhran vəziyyəti xeyli qəlizləşdirir. İndiyə kimi hələ dəqiq informasiya yoxdur ki, Olimpiadaya seçim necə aparılacaq və lisenziya xarakterli turnirlər harada keçiriləcək.
Beləliklə, komandamızın hələ ki, vaxtı var. Amma gələn ilin əvvəlinə kimi vəziyyət düzəlməsə Tokio-2020-də Azərbaycan boksçularla təmsil olunmaya bilər.
Cüdo
Boksdan fərqli olaraq cüdoda vəziyyət fərqlidir. Yığmamız Dünya çempionatından bir gümüş və bürünc medallarla qayıdıb. Bu nəticəni qənaətbəxş saymaq olar. Hərçənd cüdoda da müəyyən problemlər mövcuddur.
Artıq neçə vaxtdır ki, yüngül çəkilərdə idmançılarimiz fərqlənə bilmir. Söhbət ilk öncə 60 kq çəki dərəcəsindən gedir. Bu çəkidə heç bir idmançımız lisenziyanı təmin edə bilməyib. Kəramət Hüseynov olimpiya reytinq cədvəlində 36-cı sırada gedir.
81 kq çəki dərəcəsində təmsil olunmağımız da çətin görünür. Murad Fətiyevin nəticələri buna ümid saxlamır.
Amma digər çəkilərdə vəziyyət nisbətən stabildir. Məşqçilər korpusunun qarşısında duran ən çətin məsələ isə 73 kq çəki dərəcəsidir. Rüstəm Orucov və Hidayət Heydərov hal-hazırda reytinq cədvəlində ilk iki pilləni tutur. Halbuki Olimpiadaya onlardan yalnız biri gedəcək.
Ümid bəslənən idmançılarımızdan Məmmədəli Mehdiyev və Elmar Qasımovun da adını çəkmək olar. Şüphəsiz ki, hər ikisi Tokioda medallara iddialı olacaq. Gəl ki, dünya çempionatında hər ikisi imkanlarından qat-qat aşağı çıxış edib. Xüsüsilə də fiziki cəhətdən hazır olmamaları gözə çarpdı.
Qadınlardan ibarət yığmamız isə vətənə əliboş qayıtdı. Əslində milliləşmiş ukraynalı İrina Kindzerskayanı çıxmaq şərtilə qalan qadın idmançılarımız çox zəifdir. Onlardan kimsə Olimpiadaya vəsiqə qazana bilsə, bu artıq böyük surpriz sayılacaq.
2016-cı ildə Rioda cüdocularımız iki gümüş medal qazanıb. Bu dəfə onlardan ən azı bir qızıl gözləniləcək. Amma indidən bu çox çətin görünür. Qızıla iddialı ola biləcək iki idmançımız var - Rüstəm Orucov və Hidayət Heydərov. Amma onların çəki dərəcələrində Yaponiya və dünya cüdosunun canlı əfsanəsi, məğlubedilməz Soxey Ono yarışır.
İdmançılarımızın ixtiyarında hələ bir il var. Bəlkə də bu vaxt ərzində Onoya qarşı çarə tapılar.
P.S Növbəti yazıda güləşdən danışacayıq
Teymur Maksutov