Politoloq: Həmsədrlərin bəyanatı Qarabağ tənzimlənməsinə BMT-nin müdaxiləsinin vacib olduğunun mesajını verdi

Azərbaycan və Ermənistan Xİ nazirləri ilə Nyu-Yorkda ayrı-ayrı görüşən həmsədrlər nəhayət ki, Xarici İşlər nazirlərinin görüşünü təşkil edə bildilər.
Görüşün təşkil olunmama ehtimalı var idi. Bəlkə də nazirlər həmsədrlərin iştirakı ilə bəzi fikirləri bir-birinə çatdırmaqdan ötrü bu görüşün baş tutmasına maneçilik törətməyiblər. Azərbaycan Xarici İşlər naziri həmsədrlərlə onların fəaliyyət perspektivini müzakirə edib.
Həmsədrlərin sentyabr bəyanatında 2 məqam xüsusi diqqəti çəkir:
- Yüksək səviyyəli BMT rəsmiləri ilə çoxsaylı görüşlərin keçirilməsinin etiraf edilməsi. Həmsədrlər BMT-nin Dağlıq Qarabağ tənzimlənməsinə müdaxiləsinin vacib olduğunun mesajını verirlər.
- 9 mart bəyanatlarına istinad. 9 mart bəyanatı isə stol üstündə olan tənzimlənmə variantının mahiyyətinin açıqlanmasıdır. Bu bəyanatda ermənilərin maraqlarına cavab verən heç bir şey yoxdur.
Həmsədrlər N.Paşinyan hakimiyyətə gələndən sonra müəyyən qədər əvvəlki aktivliklərini davam etdirdilər, hətta bir müddət tənzimlənmə ilə bağlı çox optimist də göründülər. Amma N.Paşinyanın həmsədrlərin iştirakı ilə bir, digər yerlərdə isə tamam fərqli məsələləri ortalığa qoyması, həmsədrlərin bu vaxtadək hazırladıqları variantları alt-üst edən mövqe nümayiş etdirməsi həmsədrləri ruhdan saldı. Həmsədrlər bəlkə də passivlikləri ilə Ermənistanı cəzalandırmaq istəyirlər. Azərbaycan alternativ vasitəçiliyə razıdır, Ermənistan isə yalnız ATƏT MQ həmsədrlərinin vasitəçiliyinin tərəfdarıdırlar; ATƏT MQ -də qərarlar konsensusla qəbul edilir.
Həmsədrlərin Ermənistanı cəzalandırmasını istisna etmirik. Çünki həmsədrlər ilk dəfədir ki, nəinki savadsız, hətta tərbiyəsiz hökumət başçısı ilə rastlaşıblar. Paşinyan savadsızlığı və tərbiyəsizliyi ilə öyünən, bunu geosiyasi parametrə çevirməyə çalışan şəxsdir.
Ermənistanın ATƏT MQ-nin təkliflərini rədd etməsi nəhayət ki, ATƏT MQ-ni və yaxud Azərbaycanı demarş taktikası seçməyə vadar edə bilər
Həmsədrlər Dağlıq Qarabağ tənzimlənməsində vasitəçilik edə bilmirlərsə, qarşıdakı ATƏT-in dekabr ministerialında məsələ qaldırmalı və BMT qarşısında yeni vasitəçilik missiyası mövzusunu aktuallaşdırmalıdır.
Ehtimal ki, Azərbaycan özü də bu yolu seçəcəkdir. Həmsədrlər həm də təkcə ATƏT-in deyil, həm də BMT-nin mandatı ilə vasitəçilik ediblər. Başqa sözlə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin passivliyinə həm də BMT məsuliyyət daşıyır. Ona görə Azərbaycan BMT qarşısında məsələ qaldırmaqla həmsədrləri vasitəçilikdən uzaqlaşdırıb, BMT tərəfindən yeni vasitəçilik missiyasının əldə olunmasına nail olacaq.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq