“Gilan Holding” inşaat məhsullarını “BakuBuild” sərgisində təqdim edəcək
“Gilan Holding” ənənəvi olaraq keçirilən Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” sərgisində təmsil olunacaq.
22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində tikinti, inşaat və memarlıq sahələrini əhatə edən bu işgüzar platformada “Gilan Holding”ə daxil olan “Gilan and Knauf”, “Gilan Seramik”, “Gilan Beton” və “Gilan Qəbələ Beton” şirkətləri təmsil olunacaqlar. Yeni texnologiyalara cavab verən və sözügedən şirkətlərin sənaye gücünü nümayiş etdirən geniş çeşiddə inşaat məhsulları bu mötəbər sərgidə nümayiş etdiriləcək.
Zəngin tərtibatı və yüksək interaktivliyi ilə fərqlənən “Gilan Holding” stendində müxtəlif növ gipskarton lövhələr, metal profillər, gips əsaslı quru qarışıqlar, keramik plitələr, aksessuarlar və müxtəlif markalı beton nümunələri sərgi qonaqlarına göstəriləcək. Ötən illərdə olduğu kimi, “BakuBuild” sərgisinin ziyarətçiləri, o cümlədən yerli və xarici şirkətlərin nümayəndələri “Gilan Holding”-in inşaat məhsullarının beynəlxalq keyfiyyət normalarına uyğun istehsalat qaydaları ilə yaxından tanış olmaq və əməkdaşlıq əlaqələri yaratmaq imkanı əldə edəcəklər.
Tikinti sektorunda nüfuzlu yerli və xarici sertifikatlara sahib olan “Gilan Holding” ölkənin inşaat sahəsində xüsusi mövqe tutaraq, iqtisadiyyatın bu sektorunun inkişafına öz töhfəsini verməkdə davam edir.
1news.az