KOBİA-nın təşkilatçılığı ilə məhsullarımız ilk dəfə “Global Village” Beynəlxalq Yarmarkasında – FOTO
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hər il ənənəvi olaraq keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında ilk dəfə olaraq Azərbaycan məhsulları da nümayiş olunur.
1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin BƏƏ-dəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə yarmarka çərçivəsində Azərbaycan pavilyonu açılıb. Burada 25 Azərbaycan şirkətinin 200-ə yaxın çeşiddə məhsulları – meyvə-tərəvəz, meyvə şirələri, şərablar, kompotlar, bal, çay, mürəbbə, şirniyyat, konservləşdirilmiş məhsullar, xalçalar, kəlağayı, milli suvenirlər, parfumeriya və s. təqdim olunur. Pavilyonumuzda Azərbaycan məhsullarının nümayişi və satışı ilə yanaşı, “Global Village”in ümumi ərazisində və Azərbaycan pavilyonu daxilində milli musiqimiz, rəqslərimiz və mətbəximiz, eləcə də “Azərbaycan irsi” guşəsində Azərbaycan mədəniyyətinə dair eksponatlar sərgilənir.
Yarmarkanın açılışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Global Village” Beynəlxalq Yarmarkasının baş icraçı direktoru Bader Anvahi və digər rəsmi şəxslər və ziyarətçilər Azərbaycan pavilyonu ilə tanış olublar. Azərbaycan pavilyonu və məhsullarımız sərgi ziyarətçiləri və xarici qonaqlar tərəfindən maraqla qarşılanıb.
1996-cı ildən təşkil edilən “Global Village” Beynəlxalq Yarmarkası hazırda Dubayın ən böyük satış bazarı, açıq havada isə dünyanın ən böyük beynəlxalq yarmarkasıdır. Keçirildiyi müddətdə yarmarka bölgədəki turizm, istirahət, əyləncə və alış-veriş mərkəzinə çevrilir. 2018-ci ildə “Global Village”i 7 milyon nəfər ziyarət edib. Oktyabrın 29-dan 2020-ci ilin aprelinədək davam edəcək yarmarka 150 hektar ərazidə yerləşir. Burada müxtəlif ölkələrin məhsulları nümayiş olunur və satışı həyata keçirilir. Bu ilki “Global Village” Beynəlxalq Yarmarkasında Azərbaycan da daxil olmaqla 78 ölkənin 26 pavilyonu nümayiş olunur. Ümumilikdə bu ilki “Global Village” pavilyonlarında 3500-dən çox mağaza, 78 mədəniyyət tədbiri, 20-dən çox restoran və kafe, 120-dən artıq kiosk fəaliyyət göstərəcəkdir.
S.Xankişiyeva