Şagirdlər idman geyimləri ilə kamera qarşısına keçdi

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin qrup və dərnəklərinə cəlb edilən məktəblilər üçün onlayn formatda dərslər keçirilir.
Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, fəaliyyət müəssisələr tərəfindən müəyyən olunmuş qrafikə uyğun olaraq ev şəraitində keçirilməsi mümkün olan istiqamətlər üzrə təşkil edilir. Məşqçi-müəllim və dərnək rəhbərləri müxtəlif proqram təminatlarından yararlanaraq məktəbliləri interaktiv tədris prosesinə cəlb edir, onların fiziki sağlamlıqlarının təmin edilməsi üçün idmanın ayrı-ayrı növləri üzrə məşq prosesi, yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün rəqs, rəsm, bacarıqlı əllər, bədii qiraət, ifa, biçmə-tikmə, erudit və digər sahələr üzrə dərslər təşkil edir, mövzuya uyğun sual-cavab, fikir mübadiləsi aparmaq imkanı yaradır.
Qeyd edək ki, Dərslərin keçirilməsinə aprelin 1-dən start verilib. Müxtəlif istiqamətlər üzrə keçirilən onlayn dərslərə iki mindən artıq məktəbli qatılıb. Məqsəd koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırıldığından məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarının inkişaf etdirilməsindən ibarətdir.
Qafar Ağayev