Nəsli tamamlanmış düha

Ayıltmadı qələmim,
Şu türk ile ecemi.
Nə qoydular yazayım,
Nə qırdılar qələmi.
Əli bəy Hüseynzadə
Təkcə Azərbaycan xalqının deyil, bütün türk-islam dünyasının böyük mütəfəkkirlərindən sayılan, milli mətbuat və publisistika sahəsində müstəsna xidmətləri olan, həkim, rəssam, mütəfəkkir Əli bəy Hüseynzadə hər zaman yaddaşlardadır. Onu tanıyan hər kəsin qəlbində xoş xatırlanan insanın qızı, düz 5 il alzeymer xəstəliyindən əziyyət çəkən Feyzavər xanım ömrünün 101-ci baharında gözlərini əbədi yumdu.
Anası Əthiyə xanım əslən qafqazlı qəhraman çərkəz zabiti Şəmsəddin bəyin qızı idi. Əli bəylə Əthiyə xanımın 3 övladı dünyaya gəlib: Saida bəyim, Səlim Turan və üçüncü - son beşik övladı Feyzavər xanım. Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Feyzavər xanım Üskudar Qız İnstitutunu fərqlənmə ilə bitirdikdən sonra Gözəl Sənətlər Akademiyasına daxil olmuşdu. “Feyza Sənət Qaleriyası” na rəhbərlik etmiş, uzun illər vali vəzifəsində çalışan Əli Alpsarla evli olmuşdu.
Ailəsinə sadiq bu xanım vəsiyyətinə uyğun olaraq 37 il bundan əvvəl dünyasını dəyişmiş, böyük məhəbbətlə sevdiyi həyat yoldaşının yanında torpağa tapşırıldı.
Tarixi irsimizin qorunmasını çox vacib bilən Feyzavər Alpsar Turan 2017-ci ildə Əli bəy Hüseynzadəyə aid 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, ipək üzərində çap olunmuş “Həyat” qəzetini Azərbaycan dövlətinə hədiyyə edib. Həmin əsərlər hazırda İstiqlal muzeyində qorunub saxlanılır.
Sağlığında Feyzavər Alpsar Turan “Dostluq” ordeni, Cumhuriyyətin yaradılmasının 100 illiyi münasibəti ilə Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq Xalq Cumhuriyyətinin 100 illik medalı” ilə təltif edilib.
“Türkləşmək, islamlaşmaq, avropalaşmaq” ideyasının müəllifi Əli bəy Hüseynzadə Rusiya əsarətində olan bütün türk xalqlarını dövlət qurmağa çağıran, türçülüyü təbliğ edən filosof-mütəfəkkir, ortaq türk dili ideyasının müəllifidir. O, valideynlərini çox erkən yaşlarında itirdiyindən babası Qafqaz şeyxülislamı, türk ədəbiyyatı tarixini yazmış ilk alimlərdən olan Axund Əhməd Səlyaninin yanında böyümüş, orta təhsilini Tiflisdə başa vurmuşdu.
Gələcək dahi insan təhsilini davam etdirmək üçün Peterburq Universitetinin tibb fakültəsini seçsə də inqilabi fikirlərinə görə paytaxtı tərk edib müasir elmlərə yiyələnmək məqsədi ilə İstanbula üz tutur. İstanbul Universitetinin tibb fakültəsini bitirir. Bir müddət İstanbulda həkimlik etsə də Gənc Türklər siyasi hərəkatına qoşulduğu üçün yuxarı dairələr tərəfindən təqib olunur. Nəticədə Bakıya qayıtmalı olur.
Azərbaycana qayıdan ədib publisistik yazılarını “Kaspi” qəzetində dərc etdirir. O, dövrünün aydınlarından olan Ağaoğlu ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə “Həyat” qəzetini nəşr etdirirlər. Millətimizin təhsillənməsi üçün əlindən gələn hər şeyi edirdi.
Daha sonra “Füyuzat” jurnalının dərci ilə nəhəng qələm sahiblərini ətrafında birləşdirən füyuzatçılıq hərəkatının əsası qoyulur. Füyuzatçılar Çindən Ağ dənizə qədər uzanmış torpaqlarda yaşayan müsəlmanları tək ədəbiyyat, dil cəhətdən deyil, dövlətçilik nöqteyi-nəzərindəndə Türkiyənin hökmranlığında görmək istəyirdilər. Çar Rusiyasının monarxizmi və müstəmləkəçilik siyasəti əleyhinə mübarizə aparan “Füyuzatçılar” Azərbaycanda demokratik islahatların aparılmasını arzulayırdılar.
Əli bəy Bakıya sonuncu dəfə 1926-cı ildə Birinci Türkoloji Qurultayda iştirak etmək üçün Sovet rəhbərlərinin dəvəti əsasında fəxri qonaq kimi gəlib. Qurultayda türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərin inkişaf etdirilməsinə çağırışlar edilib, latın qrafikalı əlifbaya keçid məsləsinə dair çıxışlar dinlənilib.
Böyük Turançı Əli bəy Hüseynzadə 1940-cı ildə 76 yaşında İstanbulda vəfat edib və Qaracaəhməd qəbirisanlığında dəfn edilib.
Əli bəyin sonuncu yadigarı olan Feyzavər Alpsar Turanın xatirəsi onu tanıyaların yaddaşında daim qalacaq.
Yerin behişt olsun, böyük turançının zərrəsi!
Seyid Aynur