Deputat: Azərbaycanın liderliyi ilə Qoşulmama Hərəkatına sədrlik formal xarakter daşımır

“Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, öz liderliyi ilə Qoşulmama Hərəkatına sədrlik formal xarakter daşımır”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. Deputat deyib ki, Azərbaycan bu hərəkatın qrup toplantısını keçirməklə əməkdaşlığı və çətin günlərdə zəif və dəstəyə ehtiyac olan ölkələrə dəstəyi nümayiş etdirdi.
“Prezidentimiz beynəlxalq səhiyyə təşkilatına, Asiya, Afrika, Latın Amerikasının əziyyət çəkən ölkələrinə dəstək, maliyyə vəsaiti ayırdı. Bununla yanaşı məhz əməkdaşlıqla böyük böyük bəlalardan xilas olmaq mesajını verdi. Bu istiqamətdə Azərbaycanda çox uğurlu addımlar atıldı. Azərbaycanın məhz düzgün reaksiyası və ilk növbədə Prezidentin də vurğuladığı kimi vətəndaşların sağlamlığını qorumaq bunun göstəricisidir. Mən əminəm ki, Azərbaycan təcrübəsi Qoşulmama Hərəkatına üzv olan ölkələrdə də böyük önəm daşımalıdır. Azərbaycan nümunəsi göstərdi ki, mərkəzdə məhz vətəndaşların maraqları durmalıdır, onların sağlamlığı, onların sosial müdafiəsi. Bu yanaşma kömək etdi ki, biz pandemiya dövründə az itkilərlə rastlaşdıq. Əminəm ki, bu nümunə bütün ölkələr üçün istifadə edilə bilər. Azərbaycanın Qoşulmama Hərəkatına liderliyi əməkdaşlıq üçün böyük imkanlar yaradır”.
Deputat bildirib ki, Azərbaycan bundan əvvəl də videokonfrans formatında zirvə görüşü keçirmişdi. “Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunmuşdu. Burada da Azərbaycan əməkdaşlıq, tərəfdaşlıq, birgə dəyərlər üzərində ölkələrin birləşib böyük problemlərin həllinə qadir olmaq üçün bir nümumə göstərdi. Azərbaycan rəhbəri öz liderlik potensialını dünyaya nümayiş etdirdi və bu istiqamətdə böyük dəstək qazandı. Həm beynəlxalq təşkilatlar, həm də Türk birliyi ölkələri Azərbaycan modelindən istidadə etməlidir”.
Qafar Ağayev