“Cənab Prezident, Siz hər zaman vətəndaşlarımıza bir ata, bir qardaş kimi olmusunuz” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Cənab Prezident, Siz hər zaman vətəndaşlarımıza bir ata, bir qardaş kimi olmusunuz” – Vətəndaş məktubları

18:29 - 05 / 05 / 2020
“Cənab Prezident, Siz hər zaman vətəndaşlarımıza bir ata, bir qardaş kimi olmusunuz” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Səftər Vəlizadədən, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Dünyanın əksər ölkələrinin COVID-19 pandemiyası ilə üzləşərək sosial və iqtisadi sahədə dərin böhran keçirdiyi bir vaxtda, Sizin liderliyinizlə “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutaraq həyata keçirilmiş qabaqlayıcı tədbirlər ölkəmizin bu virusun təsirlərindən minimum zərərlə çıxmasına imkan yaratmaqdadır. Virusun ölkə sərhədlərimizə yaxınlaşdığı ilk günlərdən Sizin tapşırığınızla təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, infeksiyanın ölkəmizdə yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis edilməsi, qısa zaman ərzində yeni tibb müəssisələrinin fəaliyyətə başlanması, pandemiyanın sahibkarlığa və məşğulluğa mənfi təsirlərinin azaldılması üçün dövlət dəstəyi proqramlarının hazırlanması və icra edilməsi bir tərəfdən bu pandemiyanın mənfi sosial-iqtisadi zərərlərini minimuma endirmiş, digər tərəfdən vətəndaş-dövlət münasibətlərinin qarşılıqlı inama və möhkəm dayaqlara söykəndiyini bir daha əyani sübut etmişdir.

Bu qarşılıqlı inamın nəticəsidir ki, Sizin çağırışınızla vətəndaşlarımız və sahibkarlarımız dövlət tərəfindən həyata keçirilən tədbirlərdə fəal iştirak edərək və karantin rejiminin məhdudiyyətlərinə məsuliyyətli yanaşaraq prosesi mədəni idarəetməyi bacarmış və nəticədə koronavirusla mübarizədə millət olaraq dünyada yeni bir nümunə sərgiləmişik.

Ümid edirik ki, bu çətin günlər tezliklə bitəcək və xoş günlər təkrar qayıdacaqdır. Lakin, bizim gənc dövlət olaraq Sizin rəhbərliyinizlə ortaya qoyduğumuz dövlət-vətəndaş dayanışması hər zaman qürurla xatırlanacaqdır.

Möhtərəm cənab Prezident, bütün bunlara görə bir gənc olaraq Sizə öz minnətdarlığımı bildirir, xalqımızın rifahı naminə sərf etdiyiniz gərgin əməyə görə Sizə dərin təşəkkürümü ifadə edirəm”.

Məzahir Əliyevdən, Beyləqan, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, nə qədər ki, Azərbaycan xalqı var ulu öndər Heydər Əliyev ürəklərdə yaşayacaqdır. Bəli, Ulu Öndərimiz heç zaman yaddaşlardan silinməyəcəkdir. Müstəqilliyimizin davamlı olması birmənalı şəkildə onun əməyinin bəhrəsidir.

Cənab Prezident, Sizə minnətdarıq. Ona görə ki, Siz hər bir Azərbaycan vətəndaşının Prezidenti olaraq sübut etdiniz ki, bizim arxamızda güclü dövlətimizin güclü Lideri dayanmışdır.

Koronavirus pandemiyası ilə mübarizədə atdığınız addımlar bu fəlakətin törədə biləcəyi kəskin nəticələrdən bizi qorudu. Ölkəmiz çox az itki ilə bu bəladan qurtulmaqdadır. Tapşırığınıza əsasən müvafiq qurumlar tərəfindən tədbirlər planı təsdiqlənərək, vətəndaşlarımızın sosial müdafiəsi təmin edilməkdədir.

Biz vətəndaşlar da karantin müddətində ailələrimizin, övladlarımızın sağlam olması üçün Sizin çağırışlarınıza əməl etməyi özümüzə borc bildik və beləliklə evdə qalıb nəticəsini gördük”.

Yusif Quliyevdən, Naxçıvan, Azərbaycan

“Əziz Prezidentimiz.

Siz Prezident seçilərkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözünü verdiniz. Hər zaman sözünüzlə əməliniz bir-birini tamamlayıb. Bütün bunlar üçün Sizə minnətdarıq. Siz Azərbaycan vətəndaşına xas olan bütün gözəllikləri əməli işinizlə göstərdiniz Ona görə də, biz hamımız Sizin və Azərbaycanı bütün dünyada tanıdan xanım bacımızı-Mehriban xanımın dövlətimizi daha da irəli aparacağınıza inanırıq və bu yolda Sizə uğurlar və yenə də uğurlar arzu edirik

Sizin istər yeni islahatlarınız, istərsə də bu pandemiya dövründə xalqa bu qədər yaxın olmağınız Azərbaycan vətəndaşının qəlbinin ən uca zirvəsində taxt qurmanıza səbəb olmuşdur.

Hələ SSRİ-nin dağılmasından sonra ulu öndərimiz Heydər Əliyevin Naxçıvana gəlişini biz həmişə xatırlayırıq. Ulu Öndərin Naxçıvana gəlişi insanlara fərəh və cəsarət verdi.

Əziz Prezidentim, Mehriban xanım Sizin cəmiyyətdə ən mükəmməl dayağınızdır. Siz birlikdə güclüsünüz. Biz isə Sizinlə daha güclüyük”.

Elmir Kazımovdan, Füzuli, Azərbaycan

“Cənab Prezident.

İnanırıq ki, Sizin dəstəyinizlə tezliklə koronavirus epidemiyasına qalib gələcəyik. Yaşı 65-dən yuxarı vətəndaşlara, o cümlədən imtiyazlı ailələrə Sizin tapşırığınızla ərzaq yardımlarının verilməsi, yüz minlərlə işsiz və aztəminatlı ailəyə 190 manat məbləğində birbaşa ödənişin edilməsi göstərir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Siz dediyiniz kimi, biz birlikdə güclüyük. Allah Sizi və ailənizi qorusun”.

Zabit Əliyevdən, Göyçay, Azərbaycan

“Hörmətli cənab Prezident.

Əvvəla Sizi salamlayır və müqəddəs Ramazan ayının gəlməsi münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayıram.

Ölkəmizin belə çətin vəziyyətində bizim kimi aztəminatlı ailələri unutmadığınız üçün Sizə təşəkkür edirəm. Göstərişinizə əsasən bizim ailə də birdəfəlik sosial müavinət alanlar arasındadır. Bununla yanaşı, göndərilən ərzaq sovqatı bizi çox sevindirdi. Siz hər zaman vətəndaşlarımıza bir ata, bir qardaş kimi olmusunuz.

Birinci vitse-prezident Mehriban xanıma da minnətdarıq. O da həmişə aztəminatlı ailələrə, müalicəyə ehtiyacı olan şəxslərə bir ana qayğısı göstərmişdir.

Cənab Prezident, Sizin ailənizə öz dərin minnətdarlığımızı bildiririk. Namazlarda və oruc tutduğumuz dövrdə Sizə dualar edirik. Nə yaxşı ki, Azərbaycan xalqının Sizin kimi Prezidenti var”.

Kamran Ağamirovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu gün dünya, insan cəmiyyəti hər mənada sınaqdan çıxır. Dünyanı bürümüş COVID-19 infeksiyası respublikamızdan da yan keçmədi və xalqımızı sınaq qarşısında qoydu. Bu çətin dövrdə xalqımızın yanında olmağınız bir daha sübut etdi ki, Siz hər bir vətəndaşın Prezidentisiniz. Sizin “Biz birlikdə güclüyük!” çağırışınıza bütün xalq qoşuldu.

Müstəqil Azərbaycanın gündən-günə inkişafı, insanların rifah halının yüksəldilməsi istiqamətində atdığınız addımlar, ölkədə aparılan düzgün kadr islahatları hər bir Azərbaycan vətəndaşı kimi, məni də sevindirir.

Cənab Prezident, dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyiniz qabaqlayıcı tədbirləri, əhalinin sağlamlığının qorunması üçün gördüyünüz işləri bir ağsaqqal olaraq çox yüksək qiymətləndirirəm. Bu çətin günlərdə dövlətimiz tərəfindən aztəminatlı ailələrə yardımın göstərilməsi, həssas qrupa aid tələbələrin təhsil haqqının ödənilməsi, yaşlı insanlara qayğının artırılması məni çox qürurlandırır və bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə tutduğunuz şərəfli yolda uğurlar arzulayıram”.

Mircamal Talıbzadədən, Gədəbəy, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Hazırda bir çox ölkələri ağuşuna alan pandemiya Azərbaycandan da yan keçmədi. Sizin müdrik və uğurlu siyasətiniz nəticəsində atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər sayəsində COVID-19-un ölkəmizdə geniş yayılmasının qarşısı alındı. İnanırıq ki, Sizin sayənizdə ölkəmiz bu bəladan minimum itki ilə çıxacaq.

Belə çətin zamanda hər bir vətəndaş özünü dövlətin, Prezidentin himayəsində hiss etdi. Bunun bariz nümunəsi kimi, keçən ay imzaladığınız fərman və sərəncamları xüsusi qeyd etmək lazımdır. Sizin göstərişinizlə təkcə bu gün Gədəbəy rayonunda 841 nəfər 18 yaşına çatmamış əlil uşağa ərzaq yardımı edildi. İşsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi və yaşı 65-dən yuxarı şəxslərə evdə xidmət göstərilməsi bir daha nümayiş etdirdi ki, sosial müdafiəyə ehtiyacı olan şəxslər dövlətin himayəsindədirlər.

Cənab Prezidentimiz, bütün bunlara görə ailəmiz adından Sizə təşəkkür edirəm. Biz gənclər Sizinlə fəxr edirik və Sizi dəstəkləyirik. Sizin sözlərlə ifadə edə bilməyəcəyim qədər böyük qəlbiniz var. Uca Allah Sizi və ailənizi hər zaman var eləsin. Canınız hər zaman sağlam olsun”.

Güllər İsaqovadan, Qax, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Son vaxtlar dünyada ən böyük problem olan koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Bu infeksiyanın qarşısını alınması məqsədilə dövlətimiz tərəfindən sistemli tədbirlər həyata keçirildi. Məhz Sizin müdrik, uzaqgörən tədbirləriniz nəticəsində qlobal pandemiyanın ölkə ərazisində geniş yayılmasının qarşısı alındı. Bu çətin vaxtda kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Sizin qayğınızı hiss etdi. Sizin təşəbbüsünüzlə vətəndaşlarımızın sağlamlığı qorunub saxlandı.

Cənab Prezidentimiz, Qax rayonunun sakinləri bütün bunlara görə Sizə təşəkkür edirlər. Siz bizə dəstək olduğunuz kimi, biz qaxlılar da Sizə daim dəstək dururuq. Siz dediyiniz kimi “Biz birlikdə güclüyük!”. Bu çətin dövrdə Sizə və ailənizə möhkəm cansağlığı arzu edirik”.

Gülnarə Abbasovadan, Gəncə, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Mən Sizə Azərbaycan təhsilinə şərəflə xidmət edən bir müəllim, bir vətəndaş kimi minnətdarlıq etmək istəyirəm. Bu gün Azərbaycan dövləti, dünyanı bürüyən COVID-19 pandemiyasını ən az itkilərlə keçirən azsaylı dövlətlərdən biridir. Bu məhz Sizin zəhmətiniz, eyni zamanda xalqımızın sağlamlığı və təhlükəsizliyi naminə müvafiq strukturlara verdiyiniz ciddi tapşırıqların və tövsiyyələrin nəticəsidir. Sizin qətiyyətiniz və nəzarətiniz altında inanıram ki, xalqımız bu axır sınaqdan üzüağ çıxacaq.

Möhtərəm cənab Prezident, mən Sizə və yorulmadan çalışan, xalqımızın pis və yaxşı günlərində bizim yanımızda olan Birinci vitse-prezident Mehriban xanıma Ulu Tanrıdan möhkəm cansağlığı və uğurlar arzu edirəm”.

Sunay Axundovdan, Astara, Azərbaycan

“Hörmətli cənab Prezident.

Azərbaycan bu gün Sizin apardığınız siyasət sayəsində ən qabaqcıl ölkələr sırasındadır. Mən Azərbaycanlı olduğum üçün fəxr etməklə yanaşı, Sizin kimi Prezidentimiz olduğu üçün də qürur duyuram. Dünyanı bürüyən COVID-19 virusunu ölkəmiz Sizin gördüyünüz qabaqcıl işlər nəticəsində ən yüngül şəkildə keçirir. Mən İran ilə sərhəd bölgəsində yaşadığım üçün çox narahat idim. Xalqımız üçün sərhədləri bağladığınıza görə təşəkkür edirəm. Ümid edirəm ki, biz bu günləri də uğurla və ən az itki ilə başa vurarıq. Bizim üçün gözəl şərait yaratdığınıza görə ailəmin adından Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Biz Sizinlə güclüyük”.

Vüqar Ağayev, Rəhman Sadıqov, Bahar Əmrahova, Rəqsanə Abbasova, Salyan rayonu.

“Hörmətli cənab Prezident,

Dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizədə xalqımızın sağlamlığını qorumaq, onu böyük bir bəladan xilas etmək üçün gördüyünüz əvəzolunmaz işlərə görə Sizə minnətdarlığımızı bildiririk.

Bu ağır vəziyyətdə işçilərin ixtisara salınmaması, əməkhaqlarının saxlanılması, işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat məbləğində vəsaitin ayrılması, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, kommunal ödənişlərdə güzəştlərin nəzərdə tutulması və digər sosial müdafiə üzrə ciddi addımların atılması barədə qətiyyətli tapşırıqlarınız Sizin, ilk növbədə, xalqın mənafeyini düşündüyünüzü göstərir. Qədirbilən xalqımız bütün bunları yüksək qiymətləndirir və illər boyu təqdir edəcəkdir. Biz Sizinlə fəxr edirik”.

S.Xankişiyeva

 

 

 

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər