“Azərbaycan xalqının Sizin ətrafınızda birləşib həmrəylik nümayiş etdirməsi bizi çox qürurlandırır” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan xalqının Sizin ətrafınızda birləşib həmrəylik nümayiş etdirməsi bizi çox qürurlandırır” – Prezidentə yazırlar

20:30 - 05 / 05 / 2020
“Azərbaycan xalqının Sizin ətrafınızda birləşib həmrəylik nümayiş etdirməsi bizi çox qürurlandırır” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Elmar Mirzəyevdən, Gəncə, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Mən Kəlbəcər rayon 115 saylı tam orta məktəbin 8-ci sinif şagirdiyəm. Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Ona görə ki, respublikamızda COVID-19 pandemiyasina qarşı gördüyünüz tədbirlər müsbət nəticələrini göstərməkdədir. Bizlər evdə qalsaq da, dərslərimizdən qalmırıq. Televiziyada verilən "Dərs vaxtı" proqramından istifadə edərək dərslərimizə qaldığımız yerdən davam edirik. Sizin uzaqgörən siyasətiniz sayəsində dövlətimizin bu bəladan üzüağ çıxacağına inanıram. Biz birlikdə güclüyük. Orta məktəb şagirdi olaraq bir daha Sizə dərin minnətdarlığımı bildirirəm”.

Ülkər İbayevadan, Astara, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizin bu gün daxili və xarici siyasətlə yanaşı, həyata keçirdiyiniz sosial siyasət hər zaman hər bir Azərbaycan vətəndaşının yanında olmağınızın bariz nümunəsidir. Bütün dünyanı cənginə almış pandemiyanın tüğyan etdiyi bir zamanda uzaqgörən siyasətinizlə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi xalqımızın bu bəladan xilas olmasının yolunu müəyyən etdi. Sərhədlərin vaxtında bağlanması, karantin rejiminin tətbiqi, həkimlərin və tibb işçilərinin səfərbər olunması, yeni xəstəxanaların tikilib istifadəyə verilməsi “vətəndaşlarımızın sağlamlığı hər şeydən üstündür” ifadənizin təsdiqidir. Xüsusilə, imzaladığınız Sərəncamla imkansız ailələrə, yaşlı, ahıl, ağsaqqal insanlara hərtərəfli yardımların göstərilməsi Sizin vətəndaşlarımızı özünüzdən də çox istəməyinizin ən gözəl nümunəsidir.

Möhtərəm cənab Prezident, Sizi qəlbən, bütün varlığı ilə sevən xalqımız hər bir sahədə həyata keçirdiyiniz məqsədyönlü tədbirləri alqışlayır, Sizə əhsən deyir. Bir sözlə, uzaqgörən, müdrik, ağıllı, vaxtında çevik siyasətinizlə nəinki bədxahları, hətta dünyanın nəhənglərini mat qoydunuz. Eşq olsun Sizə! Mən, İbayeva Ülkər, Astara rayonunun ən ucqar dağ kəndlərindən biri olan Sım kəndində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Mən və bütün ailə üzvlərim milyonlarla Azərbaycan vətəndaşları kimi Sizin daxili və xarici siyasətinizi bəyənir, həyata keçirdiyiniz bütün tədbirləri alqışlayıram”.

Yaqut Qəhrəmanovadan, Ağdam, Azərbaycan

“Möhtərəm cənab Prezident.

COVID-19 pandemiyasına qarşı aparılan bu ümumxalq mübarizəsində xalqımızın sağlamlığını ən vacib amil hesab etməyiniz bizi, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin işçilərini çox sevindirir. Bu çətin günlərdə Sizin atdığınız addımlar və Azərbaycan xalqının Sizin ətrafınızda sıx birləşib həmrəylik nümayiş etdirməsi bizi çox qürurlandırır. Bu gün sevincimizin həddi hüdudu yoxdur. Artıq bu gündən biz sağ-salamat öz işimizin başındayıq. Bu gün işə sağ-salamat başlamağımızın səbəbkarı kimi Allahdan Sizə və ailənizə möhkəm cansağlığı, bu məsuliyyətli və şərəfli işinizdə daim uğurlar arzulayır, xalqımıza göstərdiyiniz diqqət, qayğı və dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allah yolunuzu həmişə nura qərq etsin”.

Cahan Mənsimovadan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Mənim 82 yaşım var. Sizin tapşırığınızla görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycanda koronavirus pandemiyası tam nəzarət altındadır. Halbuki, dünyanın ən inkişaf etmiş ölkələrində virusa yoluxma və ölüm halları dəfələrlə çoxdur. Bu, Sizin nə qədər müdrik insan olduğuzu göstərir.

Yaşlı nəslin nümayəndəsi olaraq respublikamızda pandemiyanın yayılmasının qarşısının alınmasında gördüyünüz təxirəsalınmaz tədbirləri alqışlayıram. Gördüyünüz bütün işlərə görə 4 övladım, 10 nəvəm və 2 nəticəm adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Azərbaycan xalqı hər bir işdə Sizə güvənir, dəstəyinizi, gücünüzü daim hiss edir, Sizinlə qürur duyur. Tanrı Sizi və xalqımızı qorusun”.

Billur və Xaliq Quluzadələrdən, Füzuli, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Biz Füzuli rayonundan məcburi köçkünük, hazırda Bakı şəhərində məskunlaşmışıq. Biz Dövlət Gömrük Komitəsində “Könüllü gömrükçü” dəstəsinin üzvləriyik.

Sizə təşəkkürümü bildirmək istəyirəm ki, bu çətin günlərdə bizə dəstək oldunuz. Demək olar ki, bütün dünyada yayılmış COVID-19 pandemiyası dövründə xalqımıza, bizə kömək oldunuz. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu çətin günlərdə imkansız ailələrə kömək oldu. Biz fəxr edirik ki, Sizin kimi dövlət başçımız var. Allah həmişə Sizə kömək olsun”.

Mirvari Şeydayevadan, Ağsu, Azərbaycan

“Əziz Prezidentimiz.

Bizi bu böyük bəladan qorumağınızla xalqa bağlılığınızı bir daha sübut etdiniz. Bu gün xalqımızın sağlamlığı üçün həyata keçirdiyiniz tədbirlərə görə Sizə minnətdaram. Koronavirus təhlükəsi olmasına baxmayaraq, vətəndaşlarımız sosial sahədə heç bir çətinlik çəkmədi, maddi durumu aşağı olan ailələrə ərzaq yardımı edildi. Təbii ki, bunlar Sizin diqqət və qayğınızın nəticəsidir.

Xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Mehriban qızıma sonsuz minnətdarlığımı bildirir, Sizlərə xoşbəxtlik, cansağlığı arzulayıram. Sizi bağrıma basıram”.

Rəşid Məmmədovdan, Zaqatala, Azərbaycan

“Möhtərəm Prezidentimiz.

Məlum olduğu kimi, hazırda bütün dünya ölkələri koronavirus pandemiyası ilə əlaqədar ağır sınaqla üz- üzə qalıb. Bu xəstəliyin ağır nəticələrini televizorda görürük və məyus oluruq. Çoxsaylı insan tələfatı və iqtisadi çətinliklər hamının gözü qarşısında baş verir. Belə bir dövrdə Sizin uzaqgörən siyasətiniz və bu sahədə vaxtında gördüyünüz məqsədyönlü tədbirlər sayəsində ölkəmizdə amansız xəstəliyin sürətlə yayılmasının qarşısı alındı, İnsan itkilərinin qarşısının alınması və iqtisadi çətinliklər ilə mübarizə tədbirləri hamının ürəyincədir.

Biz fermer olaraq Sizin siyasətinizi dəstəkləyirik. Karantinlə əlaqədar rayonlara aid edilmiş yumşaldılma tədbirləri biz fermerlərin hərəkət imkanlarını yaxşılaşdırıb, fəaliyyətimizi daha rahat və asan şəkildə davam etdirməyimizə səbəb olub. Buna görə Sizə minnətdarlığımızı bildirir, Allah-Təaladan möhkəm cansağlığı diləyirik”.

Səid Musayev, Aytac Musayeva, Duyğu Musayeva, Biləsuvar rayonu

“Möhtərəm cənab Prezident.

Son zamanlar ölkəmizdə rüşvətxorluq və vəzifədən sui-istifadə hallarının qarşısının alınması məqsədilə aparılan kompleks tədbirlərin bir hissəsi olaraq Biləsuvar rayonunun İcra Hakimiyyəti başçısının işdən azad olunması ilə bağlı verdiyiniz qərarın Biləsuvar əhalisi tərəfindən çox yüksək qiymətləndirildiyini bildirir və bu münasibətlə Sizə rayon ictimaiyyəti adından minnətdarlığımızı ifadə etmək istəyirik. Verdiyiniz düşünülmüş qərar Biləsuvar əhalisinin tam rəğbətini qazanmaqla, Sizin apardığınız daxili siyasətin əsasında Azərbaycan Respublikasının vətəndaşlarının hüquqlarının qorunması dayandığını bir daha təsdiq etmiş oldu.

Cənab Prezident, dünyada demokratik prinsiplərin zəiflədiyi bir zamanda Siz öz idarəçilik üslubunuzla Azərbaycanın nümunəvi hüquqi dövlət modeli olduğunu bir daha bəyan etmiş oldunuz”.

S.Xankişiyeva

Paylaş:
605

Son xəbərlər

Bütün xəbərlər