Ofisant, fəhlə, elmlər namizədi... – Həbs olunan eks-icra başçılarının həyat yolu – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ofisant, fəhlə, elmlər namizədi... – Həbs olunan eks-icra başçılarının həyat yolu – FOTO - VİDEO

15:05 - 07 / 05 / 2020
Ofisant, fəhlə, elmlər namizədi... – Həbs olunan eks-icra başçılarının həyat yolu – FOTO - VİDEO

Azərbaycanda uzun illər davam edən korrupsiya ilə mübarizə tədbirləri son zamanlar daha da genişlənib.

Belə ki, bunun sübutu olaraq Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayonlarının icra başçılarının DTX tərəfindən rüşvət alarkən saxlanlıqlarını göstərə bilərik. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edib vətəndaşların haqlarını tapdamağa və öz var-dövlətinlərini böyütmək üçün çalışırdılar. Həmin icra başçıları əhalinin şikayətləri, toplanan materiallar əsasında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıblar.

Bəs özlərini rayonların ağası hesab edən, sahibkarın, kəndlilərin, aztəminatlı ailələrin haqlarını yeyən bu icra başçıları kimlərdir?

1news.az olaraq biz də oxucularımızın suallarına cavab axtarmağa çalışdıq.

Başlayaq 19 dekabr 2019-cu ildə DTX tərəfindən saxlanılan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevdən.  

Kimdir Nizaməddin Quliyev?

Nizaməddin Quliyev 1 sentyabr 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqdisadiyyatı və təşkili institutunun aspiranturasını bitirib.

1972-ci ildən əmək fəaliyyətinə başlayıb. İqtisad elmləri namizədidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 sentyabr 2009-cu ilin tarixli Sərəncamı ilə Goranboy Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

2 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Bundan başqa, həyata keçirilən digər tədbirlər nəticəsində 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

DTX-nın elə həmin gün - 19 dekabr 2020 tarixində yaydığı məlumata görə saxlanılan Qoca Səmədovu tanıyaq:

Qoca Səmədov 13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olub. 1966-1976-ci illərdə M.Ə.Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. 1976-1977–ci illərdə Yevlax şəhər 7№-li Səyyar Mexanikləşmiş dəstədə və Azərittifaqın Yevlax tədarük bazasında fəhlə işləyib. 1977-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialına daxil olmuş, 1982-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirərək mühəndis–texnoloq ixtisasına yiyələnib.

1982-ci ildə Şəki şəhəri İpək kombinatında sahə ustası kimi əmək fəaliyyətinə başlayıb. 1982-1984-cü illərdə ordu sıralarında xidmət edib. 1985-1996-cı illərdə Azərittifaqın Yevlax tədarük bazasında tədarükçü, 1996-2004–cü illərdə Yevlax rayonundakı "Qafqaz" Kooperativinin sədri işləyib.

2004-2005–ci illərdə Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi vəzifəsində çalışmışdır. 2005-2006–cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006-2011–ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli 1345 saylı Sərəncamı ilə Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsinə təyin olunub.

2019-cu il Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

20 fevral 2020-ci ildə DTX tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində keçirilir.  İcra başçısı İsmayıl Vəliyev və bir neçə nəfər də əməliyyat nəticəsində saxlanılır. İndi tanıyaq görək Neftçala Rayonunu özünün feodal mülkünə çevirən İsmayıl Vəliyev kimdir?

Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının sabiq baş prokuroru İsmət Qayıbovun bacısı oğludur.

O, 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirmiş, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb.

Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib.

1991-1992-ci illərdə “İlk Bank” səhmdar-kommersiya bankının idarə heyətinin sədri, “Mejbankovskoye Obedinenie” səhmdar bankında bank şurasının sədri vəzifələrində işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində böyük məsləhətçi işləyib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 28 mart 1995-ci il tarixdən 24 may 1995-ci il tarixədək Gömrük nəzarətinin təşkili idarəsinin rəis müavini, 24 may 1995-ci il tarixdən 29 may 1996-cı il tarixədək həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi,21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.

01 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək “Petrogeoaz” məhdud məsuliyyəti cəmiyyətinin baş direktoru vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2005-ci il tarixli 970 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli 1470 nömrəli sərəncamı ilə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

DTX-nın növbəti əməliyyatı Bilərsuvar Rayon İcra Hakimiyyətində olur. 2020-ci il 29 apreldə Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstələrinin Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyatı nəticəsində İcra Hakimiyyətinin başçısı Mahir Quliyev saxlanılaraq Bakıya gətirilib. Digər saxlanılan başçılar kimi Mahir Quliyev də aztəminatlı ailələrə verilən sosial ödənişləri mənimsəyib, rüşvət alaraq rayonunu öz şəxsi mülkü kimi idarə etməyə davam edib.

İndi tanıyaq görək Mahir Quliyev kimdir?

Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub.

Ali təhsillidir. “Naxçıvan” universitetini bitirib. 1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb. Mətbuatın yazdığına görə Mahir Quliyev bir zamanlar Bakının məşhur restoranlarından olan Sahil Restoranında ofisant, daha sonra isə inzibatçı vəzifəsində çalışıb.

2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilmiş və 08.09.2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutulub. 08.09.2006-26.04.2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Hələlik DTX-ın sonuncu əməliyyatı İmişli Rayon İcra Hakimiyyətində olub. Əməliyyat nəticəsində Vilyam Hacıyevin də digər başçılar kimi qanunsuz əməlləri sübuta yetirilib. Bəs fəaliyyət göstərdiyi rayonlarda əhali üçün yox, öz var-dövlətini artırmaq üçün çalışan Vilyam Hacıyev kimdir?

Vilyam Fəhralı oğlu Hacıyev 10 avqust 1957 -ci ildə keçmiş Xanlar (indiki Göygöl ) şəhərində anadan olub. 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Əmək fəaliyyəti:

– 1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışıb.

– 23 fevral 1999-cu il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri işləyib;

-02 aprel 2002-ci il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsini tutub;

-26 mart 2004-cü il tarixdən Göygöl (keçmiş Xanlar) rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləyib.

07 fevral 2006-cı ildən Samux rayon İcra Hakimiyyətinin başçısı postunu tutub;

14 aprel 2012-ciil tarixdən 6 may 2020-ci il tarixinədək İmişli rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyib.

Qafar Ağayev

Paylaş:
1324

Son xəbərlər

Bütün xəbərlər