Milli Şuranın gerçək üzü: söyüş, ksenofobiya  – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Milli Şuranın gerçək üzü: söyüş, ksenofobiya  – TƏHLİL

17:30 - 15 / 05 / 2020
Milli Şuranın gerçək üzü: söyüş, ksenofobiya  – TƏHLİL

Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumda ara yenidən qarışıb. Burada təmsil olunan şəxslər arasında baş verən son hadislərdən bunu aydın görmək mümkündür.

Başlayaq ondan ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev şəxsi Facebook səhifəsi vasitəsilə istefa verdiyini bəyan etdi.

“Təəssüf hissi ilə qeyd edirəm ki, bu andan etibarən Milli Şurayla yollarımız ayrılır və bu səbəbdən MŞ-dan istefa verirəm”, - deyə o vurğulayıb.

E.Quliyevlə bağlı başqa diqqətçəkən bir məqam isə onunla ABŞ-da yaşayan jurnalist və bloger İsmayıl Cəlilovla yaşanan söz savaşıdır.

Gündəmə damğa vuran hadisə isə Milli Şuranın “Zoom” üzərindən onlayn konfransı oldu. Şuranın sədri Cəmil Həsənli, üzvləri Gültəkin Hacıbəyli, Qənimət Zahid, Rafiq Manaflı, Eldəniz Quliyev və digərlərinin iştirak etdiyi onlayn iclas siyasi cameədə ciddi qalmaqala səbəb oldu.

Videokonfrans radikal müxalifətin gerçək durumunu, bu düşərgədəki mənəvi-əxlaqi deqrodasiya prosesinin ən son həddə çatdığını ən “incə” detallarına kimi gün işığına çıxardı.

Gültəkin Hacıbəyli sosial şəbəkələrdə seksual azlıqlarla apardığı “qlobal mübarizə”, virtual “fədakarlıq” nümunələrindən  bəhs edir və bildirir ki, “Qərbin bir nömrəli prioriteti bu üzdəniraqların hüquqlarıdır”. Gültəkin Hacıbəyli seksual azlıqlarla virtual mübarizə mövzusunda çıxışı zamanı jurnalist və bloger İsmayıl Cəlilovu təhqir edərək onun ünvanına “yaramaz gədə”, “ikiüzlü”, “riyakar” kimi qeyri-etik və aşağılayıcı ifadələr işlətməkdən belə çəkinməyib:

“İsmayıl Cəlilov nə dəhşətli şeydir. Onun Feysbuk səhifəsinə baxın, ingiliscə profili var, orada nə “şüvənlik” edir. Xalq Cəbhəsinin tərəfdarı Eldəniz Quliyev bizi belə elədi, xalq Cəbhəsinin tərəfdarı Qabil Məmmədov elə elədi, bizi Əli Kərimlinin, Xalq Cəbhəsinin əlindən qoruyun. Cəbhənin əlacı olsa ölkədəki, üzr istəyirəm, bütün “geyləri” yandırar, öldürər. Xədicə sağ olsun, onun şərhinin altına yazdı ki, sən utanmırsan, Eldəniz Quliyevin cəbhəyə nə aidiyyəti var, ya Qabilin, o yaramaz gədənin adı nədir, onun nə aidiyyəti var. Heç üzvləri də deyil. Eldəniz Quliyev Milli Şuranın üzvüdür, Qabili də heç kim qəbul etmir. Xədicəyə nələr dedi. Deyir “mən və ərim neçə günlərdir bu statusa görə dəhşətli stress yaşayırıq, özümüzə gələ bilmirik”.

Bu yerdə Rafiq Manaflının replika ataraq “Üzr istəyirəm, bu kişi .......dən başqa nə gözləyirsiniz. Mən çox təəssüf eləyirəm ki, 41-45-də Hitler geyləri qırıb qurtarmadı” deməsi isə Şura üzvlərinin fəaliyyətlərini söyüş, ksenofobiya üzərində qurduqlarını bir daha göstərdi.

Hər kəsə yaxşı məlumdur ki, ksenofobiya, irqçilik xoş qarşılanan bir hal deyil və dünyanın əksər ölkələri, o cümlədən Milli Şuranın sığındığı Avropa ölkələri belə uzun zamandır bu kimi hallara qarşı ciddi mübarizə aparırlar. Belə olan halda Milli Şurada təmsil olan şəxslərdən bəzilərinin açıq-aşkar ksenofobiya tərəfdarı kimi çıxış etmələri onların gerçək üzünü göstərmiş oldu.

Qənimət Zahidin “İclasımız canlı yayıma gedir, ehtiyatlı olun” deyə xəbərdarlıq etməsəydi yəqin ki, daha ağır söyüşlərin, təhqirlərin səsləndirilməsinin şahidi olacaqdıq.

Qeyd edək ki, bu günə qədər, “Milli Şura”da təmsil olunan bir çoxları Gültəkin Hacıbəylinin dediyi kimi “Qərbin bir nömrəli prioritet” saydığı, “həssas yanaşdığı” mövzularda, o cümlədən seksual azlıqların hüquqları ilə bağlı məsələlərdə tamamilə fərqli bir mövqe nümayiş etdiriblər. İndi isə “Milli Şura”nın üzvlərindən biri onları “üzdəniraq” adlandırır, digəri isə faşistlərin onların qırıb qurtarmadığına görə təəssüflənir.

Hər şey ortadadır. Demokratiyadan, liberal dəyərlərdən danışan Milli Şura gerçəkdə cinsi azlıqları təhqir edir, həm də etiraf edirlər ki, onlar Qərb üçün prioritet olduğu üçün, həssas yanaşmaq lazımdır. Yəni məqsəd hansısa ideologiya üzərindən siyasət aparmaq yox, kimlərə, yaxud hansısa qruplara xoş gəlməkdir və hətta bunun üçün təhqir etdikləri cinsi azlıqlara dözməlidirlər.

Əgər bu şəxslər hər hansı bir prinsipə söykənərək hərəkət etsəydilər, üzdə bir, arxada isə tamamilə başqa yanaşma sərgiləməzdilər. Çünki, demokratiya, insan hüquq və azadlıqları kompleks anlayışdır və bu prinsiplərin hansısa birini kontekstdən çıxarmaqla demokrat olmaq mümkün deyil.

Diqqət çəkən başqa bir məqam isə çıxışı zamanı Müsavat Partiyasının və “REAL rəhbərinin ünvanına xoşagəlməz ifadələr işlətməsidir. O, qısa bir zaman öncə onunla eyni siyasi cərgədə dayanan insanları “mühacir alveri”ndə ittiham edib və istehza ilə müsavatçıların “rüsvayçı bir vəziyyətdə olduqlarını” söyləyib. Daha sonra isə İlqar Məmmədovu məsxərəyə qoyur və deyir ki, “REAL rəhbərinin statusuna cəmi 3 min adam baxıb, 75 laykı var”.

Bir siyasətçi kimi hesablama, təhliletmə, proqnozlaşdırma qabiliyyətləri rəqiblərinin layklarını hesablamaqdan ibarət olan bu adamların siyasətdə nə işləri var, görəsən?

Milli Şura sədri Cəmil Həsənli və Gültəkin Hacıbəylinin videonun yayılmasını “kibercinayət” adlandırmalarına ən yaxşı cavabı isə Xədicə İsmayıl verib:

“Hələ bu söhbətə beynəlxalq reaksiya da istəyirsiz? Hitlerin işini yarım qoyduğuna təəssüflənməniz üçün kimdən gözləyirsiniz beynəlxalq reaksiyanı? Şəxsən sizin edə biləcəyiniz ən ağıllı hərəkət əməlli üzrxahlıq etmək, Milli Şuranın edə biləcəyi isə Rafiq Manaflı və Eldəniz Quliyev, eləcə də onlara qahmar çıxan hər kəslə yolları ayırmaqdır”.

Hər şey gün kimi ortadadır. Milli Şurada təmsil olunanların maskası artıq çoxdan çırılıb. Onların son videokonfransı isə onların iç üzünü bir daha açıb ortaya qoydu. Maraqlıdır, görən bu baş verənlərdən sonra onların heç olmasa üzr istəməyə cəsarətləri çatacaqmı?

1news.az

Paylaş:
1356

Son xəbərlər

Bütün xəbərlər