Göygöldə yol tikintisinə 9,6 milyon manat ayırılıb
Prezident İlham Əliyev Göygöl rayonunun Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Sərəncamda qeyd edilir ki, iyirmi dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 9,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
S.Xankişiyeva