Hikmət Hacıyev: Paşinyan “Qarabağ Ermənistandır” deməklə Azərbaycan ərazilərində anneksiya siyasəti yürüdür – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Paşinyan “Qarabağ Ermənistandır” deməklə Azərbaycan ərazilərində anneksiya siyasəti yürüdür – VİDEO

17:59 - 22 / 07 / 2020
Hikmət Hacıyev: Paşinyan “Qarabağ Ermənistandır” deməklə Azərbaycan ərazilərində anneksiya siyasəti yürüdür – VİDEO

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın “France24” televiziya kanalına müsahibə verib.

1news.az-ın verdiyi xəbərə görə, verilişdə Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz törətdiyini, 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxladığını və Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin davam etdiyini bildirmişdir.

Prezidentin köməkçisi dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşmanın təsadüfi sərhəd insidenti olmadığını, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz siyasətinin tərkibi olduğunu bildirmişdir.

H.Hacıyev 2018-ci il Düşənbə görüşündən etibarən Azərbaycanın danışıqlar prosesini irəli aparmaq üçün konstruktiv addımlar atmasına baxmayaraq, Ermənistanın irticaçı xarakter daşıyan hərbi doktrina qəbul etdiyini, Ermənistan müdafiə nazirinin “yeni müharibələr, yeni ərazilər” şüarı ilə çıxış etdiyini, N.Paşinyanın “Qarabağ Ermənistandır” deməklə Azərbaycan ərazilərini anneksiya siyasəti yürütdüyünü xatırlatmışdır. H.Hacıyev Ermənistanın rasizm və şovinizmə əsaslanan yeni milli təhlükəsizlik strategiyasını qəbul etdiyini vurğulamışdır. O, Ermənistanın bu kimi addımlarının Tovuzda baş vermiş yeni təcavüz üçün zəmin yaratdığını demişdir.

Hikmət Hacıyev Azərbaycanın Ermənistanla sərhəd zonasında hər hansı hərbi məqsədlərini olmadığını, əksinə ölkəmizin həmin ərazidə sabitliyin təmin olunmasında maraqlı olduğunu vurğulamışdır.

Ermənistanın bu hücumu törətməklə aşağıdakı məqsədləri güddüyünü demişdir:

-Ermənistan bu yolla Ermənistan-Azərbaycan münaqişəsindən diqqəti yayındırmağa və danışıqlar prosesini pozmağa çalışır;

-Ermənistan regionda yeni gərginlik ocağı yaratmağa cəhd göstərir;

-Ermənistan üçüncü tərəfləri və üzv olduğu hərbi-siyasi təşkilatları münaqişəyə cəlb etməyə çalışır;

-Ermənistan kənarda qaldığı Şərq-Qərb dəhlizi və Azərbaycanın neft-qaz kəmərlərinə təhlükə yaratmağa səy göstərir;

- Ermənistan eyni zamanda gərginlik yaratmaqla ölkədaxili ciddi sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.

Prezidentin köməkçisi Ermənistanın Azərbaycanın mülki obyektlərini hədəfə aldığını və bir mülki şəxsin həlak olduğunu, Ermənistanın hərbi dairələrinin Azərbaycanı və ölkəmizin neft-qaz infrastrukturunu İskander raketləri ilə hədələdiyini diqqətə çatmışdır.

ATƏT-in Minsk Qrupunun həmsədlərinin fəaliyyətinə toxunan H.Hacıyev danışıqların mahiyyətli olmalı olduğunu, həmsədrlərin BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn mandatlarını yerinə yetirməli və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində fəaliyyət göstərməli olduqlarını bildirmişdir.

O, Ermənistanın saxtalaşdırılmış tarixin girovu olduğunu qeyd edərək Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun hər zaman yeni gərginliyə yol aça biləcəyini vurğulamış, qoşunların təmas xəttindəki vəziyyətin Birinci Dünya Müharibəsində Fransa və Almaniya arasında olan səngər müharibəsinə bənzədiyini demişdir.

O, XXI əsrdə işğalın və güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulamış və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmalı olduğunu bildirmişdir.

Xəbər ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

S.Xankişiyeva

 

Paylaş:
774

Son xəbərlər

Bütün xəbərlər