BP-nin yeni elan edilmiş strategiyası və onun Azərbaycana təsiri - vitse-prezident Bəxtiyar Aslanbəyli ilə MÜSAHİBƏ | 1news.az | Xəbərlər
İqtisadiyyat

BP-nin yeni elan edilmiş strategiyası və onun Azərbaycana təsiri - vitse-prezident Bəxtiyar Aslanbəyli ilə MÜSAHİBƏ

12:13 - 11 / 08 / 2020
BP-nin yeni elan edilmiş strategiyası və onun Azərbaycana təsiri - vitse-prezident Bəxtiyar Aslanbəyli ilə MÜSAHİBƏ
BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli mətbuatın BP-nin yeni elan edilmiş strategiyası və onun Azərbaycana təsiri haqqında suallarını cavablandırıb.

1news.az müsahibəni təqdim edir

- Dünən (4 avqust) BP öz yeni strategiyasını açıqladı. Bu, fevral ayında elan etdiyiniz yeniliklərin davamıdır?

- Bəli, elədir. Fevral ayında BP öz yeni məramını, “xalis sıfır” hədəfini və məqsədlərini elan etdi və enerji haqqında təsəvvürləri yeniləmək və BP-ni yenidən qurmaq planları olduğunu bəyan etdi. Bu gün isə həmin  hədəfləri necə reallaşdıracağımızı müəyyənləşdirən strategiyamız elan edildi.

- Strategiyanın əsas məqamları nədən ibarətdir?

- Yeni məqsəd və hədəflərimiz insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yenidən formalaşdırmağa yönəlib və yeni hədəfimiz 2050-ci ilə qədər və ya daha tez bir vaxtda emissiyaları “xalis sıfır” səviyyəsinə çatdırmaq və dünyanın da bu hədəfə çatmasına yardım etməkdir. Bu hədəfə çatmaq üçün dediyimiz kimi biz BP-ni yenidən qurmaq, daha yığcam, daha sürətli və az karbonlu şirkətə çevirməliyik.

Beləliklə, yeni strategiya BP üçün bu transformasiya prosesində növbəti böyük addımdır. Strategiya “xalis sıfır” hədəfinə doğru onillik fəaliyyətimizi müəyyənləşdirir.

Bu strategiya BP-ni təbii ehtiyatların hasilatını həyata keçirən beynəlxalq neft şirkətindən müştərilər üçün çözümlər təmin edən inteqrasiyalı enerji şirkətinə çevirəcək.

Baş icraçı direktorumuz Bernard Luninin də dediyi kimi “bir əsrdən çoxdur ki, BP beynəlxalq neft şirkəti kimi fəaliyyət göstərir – bu, iki əsas biznesin hasil etdiyi iki əsas əmtəə ilə müəyyənləşir. İndi isə biz istiqamətimizi inyeqrasiyalı enerji şirkətinə çevrilməyə yönəldirik, yəni beynəlxalq neft şirkətindən inyeqrasiyalı enerji şirkətinə, daha dəqiq desək, təbii ehtiyatların hasilatına yönəlmiş şirkətdən müştərilər üçün enerji çözümləri təmin etməyə yönəlmiş şirkətə çevrilirik.”

Biz bunu etməyə indi başlamalıyıq və sürətlə hərəkət etmək niyyətindəyik. On il ərzində indikindən çox fərqli bir enerji şirkətinə çevriləcəyimizi gözləyirik. Ona görə ki, görürük ki, yeni enerjiyə keçid prosesi sürətlənir və müştərilər – yəni ölkələr, sənaye sektorları, böyük və kiçik şirkətlər və eləcə də istehlakçılar - öz enerji ehtiyaclarını qarşılamaq üçün məhz öz ehiyaclarına uyğun, getdikcə daha az karbonlu çözümlər istəyirlər.

Bu dəyişən tələbatları qarşılamaq və “xalis sıfır” hədəfinə doğru irəliləmək üçün biz BP şirkətinin 2030-cu ilə qədər daha çox şaxələnmiş bir enerji şirkəti olacağını gözləyirik və buna nail olmaq üçün aşağıdakıları edəcəyik:

  • bərpa olunan enerji üzrə xalis istehsal gücümüzü 2019-cu ildə olduğundan 20 qat artıraraq 50QVt-a çatdırmaq;
  • az karbonlu enerji sahələrinə investisiya qoyuluşunu 10 dəfə artıraraq təxminən illik 5 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq;
  • istehlakçılarla təmaslarımızı ikiqat artıraraqgündə 20 milyona çatdırmaq;
  • neft və qaz hasilatını tədricən ən azı gündə bir milyon barel neft ekvivalenti və yaxud 40% səviyyəsində azaltmaq;
  • neft və qaz kəşfiyyatı üzrə fəaliyyətlərimizi yüksək göstəricilərimiz olan mövcud hövzələrdə cəmləşdirmək və yeni ölkələrə daxil olmamaq.

- Bu, o deməkdirmi ki, Azərbaycanda və Xəzər regionunda öz fəaliyyətlərinizi tədricən azaldacaqsınız?

- Xeyr, o demək deyil. Neft və qaz tədricən azalacaq,  lakin BP-nin əhəmiyyətli bir hissəsi kimi qalacaq. Dəyişən odur ki, BP bundan sonra daha neft və qazın üstünlük təşkil etdiyi şirkət olmayacaq. O, şaxələnmiş portfelli bir  inteqrasiya edilmiş enerji şirkəti olacaq – belə ki, neft və qaz daha tarazlaşdırılmış bir portfelin tərkib hissəsi olacaq. Cənab Luninin də dediyi kimi neft və qaz “qarşıdan gələn onilliklər ərzində BP portfelinin tərkib hissəsi olaraq qalacaq. Onlar bizim strategiyanın əsas hissəsidir. Faktiki olaraq, onlar strategiyanın həyata keçirilməsinə imkan yaradır. Onlar transformasiyamızın gerçəkləşməsinə təkan verir.”

Beləliklə, biz şirkətimizin fəaliyyət istiqamətini enerjinin fərqli formaları ilə  şaxələndirmək niyyətindəyik – bərpa olunan enerji, bioenerji və hidrogen, amma neft və qaz bizim öhdəliyimiz olan ölkələrdə BP üçün əsas sahə  olmaqda davam edəcək. Bu öhdəliyin bir hissəsi olaraq 2030-cu ildə biz hələ də qlobal miqyasda neft və qaz biznesimizə ildə təxminən 9 milyard ABŞ dolları investisiya qoyacağıq.

- Bütün bunlar konkret olaraq Azərbaycan üçün nə deməkdir?

- Azərbaycanda, bildiyiniz kimi, biz ölkənin iri neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə cavabdehik. Bu bizim üçün çox vacib əhəmiyyət kəsb edir və biz bu məsuliyyəti çox ciddi qəbul edirik.

Biz burada neft və qaz biznesimizin keyfiyyət baxımından sənayedəki aparıcı mövqeyini qoruyub saxlamaqla bu ölkədə gördüyümüz bütün işlərimizi uğurla davam etdirəcəyik. Yəni Azərbaycanda neft və qaz üzrə fəaliyyətlərimizi təhlükəsiz, etibarlı və dayanıqlı şəkildə həyata keçirəcək,  ölkə və səhmdarlar üçün gəlirlər yaratmaqda davam edəcəyik.

Bilirsiniz ki, biz təxminən otuz ildir Azərbaycanda və Xəzər regionunda varıq və hasilat, nəqletmə və kəşfiyyat sahələrinə sərmayə qoyuruq.  Növbəti bir neçə onillik ərzində də kəşfiyyat sahəsinə investisiya qoyuluşu da daxil olmaqla burada neft və qaz üzrə biznesimizi davam etdirəcəyik. Bununla belə  uzunmüddətli enerji tərəfdaşlığımızın bir sıra digər sahələrində də Azərbaycan və region ilə əlaqələrimizi genişləndirmək üçün yeni imkanlara baxmaqda da davam edəcəyik.

- Hazırda şirkətdə görülən işlər haqqında məlumat verməyinizi də xahiş edirik. İşləriniz necə gedir?

- Bütün dünyada və bütün digər şirkətlərdə olduğu kimi, biz də COVİD-19 pandemiyasının yaratdığı bu çətin vəziyyətlə üz-üzəyik, amma bütün fəaliyyətlərimiz davam edir. Qürur hissi ilə deməliyəm ki, biz əsas biznes fəaliyyətlərimizi - AÇG və Şahdəniz yataqlarından hasilat və ixrac əməliyyatlarımızı – təhlükəsiz, etibarlı və səmərəli şəkildə davam etdiririk.

Bundan əlavə Şəfəq-Asiman blokunda ilk geoloji-kəşfiyyat quyusunun qazılmasını davam etdiririk və onu bu ilin sonuna qədər qazıb bitirmək niyyətindəyik. Dayazsulu Abşeronda ilk kəşfiyyat quyusunu qazacaq qazma qurğusunda yenidənqurma işləri başa çatan kimi quyunu qazmağa başlayacağıq. Ümid edirik ki, bu da bu ilin sonuna qədər mümkün ola biləcək.

D230 blokunda planlaşdırılmış 3-ölçülü seysmik tədqiqat proqramını bu ilin əvvəllərində tamamladıq və hazırda əldə olunmuş məlumatların emalını və interpretasiyasını həyata keçiririk.

Azəri-Çıraq-Günəşli yatağının yeni platforması olan ACE-in (Azəri Mərkəzi Şərqi) tikintisini davam etdiririk. Baxmayaraq ki, pandemiyanın təsirləri tikinti işlərimizdən də yan keçməyib, amma hələ də planımız bu platformadan ilk nefti 2023-cü ildə əldə etməkdir.

1news.az

 

Paylaş:
1445

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər