Hikmət Hacıyev: “Paşinyanın BBC-yə müsahibəsində ədalətli jurnalistika, haqlı suallar gördük”
“Ermənistanın Baş Naziri Nikol Paşinyanın BBC telekanalında yayımlanan “HardTalk” verilişinə müsahibəsini ayrıca şərh etmək istəməzdim. Amma burada ilk olaraq tamaşaçı nöqteyi-nəzərindən ədalətli jurnalistikanı, haqlı sualları gördük”.
1news.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyevin fikrincə, qərb jurnalistikasında belə bir deyim var ki, yanlış sual yoxdur, yanlış cavab var: “Düzgün suallara yanlış və təhrif olunmuş, qeyri-peşəkar cavabların şahidi olduq. Müsahibədə çox düzgün və haqlı suallar var idi ki, Ermənistan Azərbaycana qarşı təcavüz törətməsi, Ermənistan hakimiyyətinin Azərbaycan xalqından üzr istəməsi kimi suallar bu qəbildəndir. Bunun ya “hə”, ya da “yox” cavabının olduğu konkret deyildi.
Ermənistan Respublikasının dövlət səviyyəsində məsuliyyəti var ki, Azərbaycan xalqına qarşı bu kimi cinayətləri törədib. Müsahibə alınan tərəfin qeyri-peşəkarlığı, özünü komik vəziyyətə salması və digər hallar barəsində də əlavə şərhlər vermək istəməzdim. Biz həmin şəxsin bu epizodlarının Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə debata çıxması zamanı da şahidi olmuşduq”.
1news.az